coaching.az |

Hər şey çox sadədir

Hər bir insan zamanla şəxsi böhranlarla qarşılaşır. Bu böhranlar insanın şəxsi həyatında olan problemlərdən, biznesində olan çətinliklərdən, müflislik, xəstəlik və ya müxtəlif səbəblərdən yarana bilər.

Solomondan soruşanda ki, həm sevinc, həm də kədər haqqında eyni söz nə ola bilər, demişdi ki, hər şey müvəqqətidir. Atalar isə deyib ki, pis günün ömrü uzun olmaz. Yenə də, hər şey bizim əlimizdədir.

İnsan həyatı iqtisadiyyat kimi dalğavaridir. İqtisadiyyatda inkşaf yüksək nöqtəyə çatanda böhran başlayır, ancaq böhrandan sonra yenidən yüksəlmə gəlir. Sonra yenə eniş, yenə qalxış. Bu nəinki iqtisadiyyatın, hətta həyatın qanunudur. Bunlara ancaq ölüm son verə bilər. Lakin, biz heç zaman onun haqqında düşünmürük, düz də edirik.

Gündəlik həyatda isə biz artıq üstünlükləri görmürük, uğura yetəndən sonra işə maraq azalır, və düşünürsən ki, artıq yorulmuşam və bundan qurtulmaq istəyirəm və sairə. Bu da şüuraltı proqrama çevrilir. Növbəti addımda isə itirməyə başlayırsan, həm mənəvi, həm maddi.

Həyatda böhran başlayanda insan ilk öncə özünü itirir, bunun səbəbini və çıxış yollarını bilmir. Əsəbləşir, depresiyaya qapılır. Ancaq çox təcrübəli və daxili gücü yüksək olan insanlar tez bir zamanda özünü toplayıb, çıxış yolu axtarmağa başlayır.

Mən 3 böhran yaşamışam, 24, 35 və 43 yaşlarında. Ancaq, hər dəfə daha yüksəyə qalxmağı bacarmışam. Bunun səbəbi çətin vəziyyətdə olanda özünü toparlayıb, qolunu çirmələyib işə girişirsən. Çünki, anlayırsan ki, ya sən bu quyudan çıxacaqsan, ya da orada qalıb çürüyəcəksən. Bu da yeni yollar axtarmağa vadar edir. Tam gücün ilə çabalayıb, quyudan çıxırsan. Burada ən maraqlısı başlayır. Yeni iş və ya proyekt problemlərini həll edirsə, deməli uğurlu olur, bu da gələcəkdə inkşaf etməyə başlayır.

22 yaşından rəhbər vəzifələrdədə çalışmışam, 27-dən özəl biznesimi qurmuşam. Gecə gündüz işləyərək böyük nailiyyətlərə yetdikdə, artıq 40 yaşım oldu. Amma çox yorulmuşdum və qeyri effektiv işləyirdim, səhvlər edirdim. Yeri gəlmişkən, onu da deyim ki, 40 yaş hədd deyil, hər zaman sıfırdan başlayıb, yüksəlmək olar. Bununla yanaşı, işlədiyimiz qədər dincəlmək lazımdır. Məsləhətim budur ki, həftədə 5 gün və gün ərzində 8-9 saatdan çox işləməyəsiniz. 8 saat ərzində effektiv işləmək, sonra isə şəxsi həyatını yaşayıb, dincəlmək və ətrafına baxıb, həyatdan ləzzət almaq lazımdır. Çünki, müəyyən bir zaman keçdikdən sonra etmədiklərimizə görə peşman oluruq. Şəxsən mən vaxtı ilə etmədiklərimə görə təəssüf edirəm.

Vaxtı ilə hər zaman yalnız məntiqə uyğun hərəkət edirdim. Amma 4 il öncə həyatımda olan ciddi dəyişikliklər, həyata baxışı tam dəyişdi. Bu illər ərzində insan beyin və şüuraltının nə böyük gücə malik olmasının şahidi olmuşam. Qarşımıza qoyduğumuz məqsəd və hədəfə rahat yetə bilərik. Özü də hər iki halda: positiv və neqativ. Hər ikisi ilə qarşılaşmışam.

Sözün qısası, həyatda uğura nail olmaq üçün ilk növbədə istək lazımdır – hədəf qoymaq və ona doğru hərəkət etmək. Yolboyu buna inanmaq və hər zaman yalnız pozitiv düşüncələrlə hərəkət etmək bizi hədəfimizə çatdıracaq. “Mən bunu bacarmaram!” kəlməsini yaddan çıxarıb, əksini düşünməliyik.

Həyatımda bəlkə də yüzdən artıq belə möcüzəvi hadisə baş verib. Amma bunlara çox insan inanmaq istəmir, çünki, hər şey çox sadədir. İnanın, onda sizin həyatınıza da möcüzələr baş verəcək.

Ramin Musayev

Ramin Musayev – iqtisadçı və maliyyəçi. Karyerasına bank sistemində başlamış, sonardan öz şəxsi biznesini qurmuşdur. 2002-ci ildə Apple şirkətinin biznes partnyoru olmuşdur. Autograph.az jurnalının təsisçisi və direktoru, eyni zamanda avtomobil jurnalistidir. 2016-cı ildə QarajPro proyektinin yaradıcısı və PR direktoru, eyniadlı TV verilişinin aparıcısı. 2016-cı ildə Auto FM-də Qaraj verilişinin aparıcısı.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.