Təsiretmə qabiliyyətinə sahib insanlar qarşılarındakı hər kəsin düşüncəsinə, həyat tərzinə və hətta davranışlarına belə dərindən nüfuz edə bilirlər. Onlar bu işdə ona görə peşəkardırlar ki, ilk növbədə daxildən özlərinə təsir etmədə ustalaşıblar.
Biz onları yalnız kənardan müşahidə edirik.
Biz onları innovativ, öz düşüncələri ilə danışan, götür-qoy edən və özlərini daha böyük, daha yaxşı işlər ortaya qoymaq üçün daim cəhd edən şəkildə görürük.
Və yenə də ən yaxşı tərəfi nəzərdən qaçırırıq.
Əzmkarlıq və əminlik onların təsiretmə gücü qazanmalarını təmin edir. Bu əmək sevgisi, onların ardıcıllarının hər keçən gün daha da artması ilə nəticələnir.
Və hətta digər insanlar vaxt ötdükcə dəyişilsə də, təsiretmə qabiliyyətli insanlarda mövcud olan özünəməxsus vərdişlər sabit qalır. Onların fokuslandığı mükəmməllik axtarışı sizin də asanlıqla mənimsəyib və təqlid edə biləcəyiniz 9 vərdişdən ibarətdir:
1. Onların öz şəxsi mövqeləri var.
Onlar ən son tredlərin, yaxud ictimai fikirlərin ağuşunda itib-batmazlar. Öz düşüncələrini mövcud faktlar əsasında ehmalca formalaşdırarlar. Onlar yalnız faktlara söykənərək öz fikirlərini dəyişməyə meyllidirlər və heç vaxt digərlərinin fikrinin təsirinə düşməzlər.
2. Vəziyyəti incəliklə dəyişdirirlər.
Təsiretmə qabiliyyətinə malik insanlar “status-quo”-dan məmnun olmazlar. Onlar durmadan “Əgər…, onda nə olar?”, “Niyə də yox?” tipli suallarla cavab axtarmaqla məşğuldurlar. Ənənəvi müdrikliyə qarşı çıxmaqdan çəkinmir və sırf nəyisə dəyişmək xətrinə dəyişiklik istəməzlər; onlar bunu vəziyyəti daha da yaxşılaşdırmaq üçün edirlər.
3. Onlar müzakirələrə ilham verirlər.
Təsiretmə qabiliyyətinə sahib insan danışmağa başlayanda söhbətin ruhu tamamilə bambaşqa olmağa başlayır, sanki göldəki yosunların budaqları kimi… və bu budaqlar müxtəlif istiqamətlidir. Belə insanlar ətrafdakıları yeni ideyalar kəşf etməyə, öz işləri barədə fərqli tərzdə düşünməyə təşviq edirlər.
4. Onlar öz şəbəkələrinin dəstəkləyicisidirlər.
Belə insanlar möhkəm münasibətlərin necə qurulması məsələsində ustalaşmışlar. Onlar sadəcə çoxlu insanlar tanımaqla kifəyətlənmir, eyni zamanda tanışlarının tanışlarını da tanımağa cəhd edirlər. Daha da önəmlisi, onlar öz ətrafındakı bütün insanlara müxtəlif dəyərlər qatırlar. Onlar nə və necə barədə bildiklərini, məsləhətlərini paylaşır, eyni zamanda insanlar arasında əlaqə yaratmağa vasitəçilik edir.
5. Onlar həqiqətən önəmli olan şeylərə fokuslanırlar.
Təsiredici insanlar qeyri-ciddi şeylərə vaxt sərf etməz və diqqət yetirməzlər. Onlar durğunluğu, ya da qarmaqarışıqlığı aradan qaldıra, həqiqətən önəmi olan şeylərə fokuslanmağı və bunları hər kəsə nümayiş etdirməyi bacarırlar. Onlar yalnız çatdırmağı vacib hesab etdikləri sözləri deyir və mənasız danışıqlarla insanları yormurlar.
6. Etirazlara qarşı açıqdırlar.
Onlar müxalif düşüncələrə qarşı emosional, yaxud müdafiə mövqeli reaksiyalar verməzlər. Hər şeyi bilmədiklərini etiraf edəcək və kiminsə şahidi olduğu şeyi ola bilsin qaçırdığını düşünəcək qədər təvazökardırlar. Əgər qarşısındakı insan haqlıdırsa, bu fikri bütün varlığıyla qəbul edəcək, çünki onun üçün maraqlı olan son nəticə və doğru informasiyaya sahib olmaqdır.
7. Onlar pro-aktivdirlər.
Yeni ideya yaxud yeni texnologiya kimi şeylərin onlara nə vaxt gəlməyini gözləməzlər – əksinə onları aşkarlamaq üçün daim axtarışda olarlar. Bu erkən uyğunlaşa bilən tiplər hər zaman növbəti addımı təxmin etmək istəyərlər. Ona görə təsir edə bilirlər ki, bir sonrakı addımda nəyin gələcəyini görə bilirlər. Ona görə görürlər ki, bunu intuitiv olaraq axtarırlar. Daha sonra bütün bunlar sözlərə qarışır.
8. Dərhal reaksiya vermir, tutarlı cavab axtarırlar.
Əgər kimsə nüfuzlu bir şəxsi etdiyi səhvə görə tənqid edirsə, yaxud kimsə tənqid edilməli olan səhv edirsə, təsir gücü böyük insanlar dərhal və emosional reaksiya vermirlər. Gözləyirlər… Düşünürlər… və nəhayət tutarlı cavabı tapırlar. Onlar münasibətlərin nə dərəcədə əhəmiyyətli olduğunun fərqindədirlər və bu münasibətlərini həddən artıq emosional yüklü reaksiyalarla zədələmək istəmirlər. Eyni zamanda onlar emosiyaların yoluxucu olduğunu bilir və ətrafdakıları həddən artıq emosional yüklü reaksiyaların mənfi təsirlərinə məruz qoymaq istəmirlər.
9. Onlar inanırlar.
Onlar həmişə hər şeyin ən yaxşısını gözləyirlər. Onlar arzularına çatmaq üçün öz güclərinə və digərlərinin də eyni gücə sahib olduğuna inanırlar. Onlar hər şeyin əlçatan olduğuna inanır və bu inanc ətrafdakılara da öz arzularının arxasınca getmə cəsarəti verir. Onlar hətta bir insanın belə dünyanı dəyişdirməyə qadir olduğuna ürəkdən inanırlar.
Və nəhayət, yuxarıdakıların hamısını birləşdirirlər.
Öz təsir gücünüzü artırmaq üçün, biliklərinizi, bacarıqlarınızı və baxış bucağınızı təmənnasız paylaşmağa hazır olmalı və mükəmməl bir gələcəyə sahib olacağınıza inanıb, şövqlə tutduğunuz yolu davam etdirməlisiniz.
Müəllif: Travis Bradberry | Yazıçı, “Emotional Intelligence 2.0” kitabının həm-müəllifi, TalentSmart şirkətinin rəhbəri
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2018 · coaching.az