Yəqin ki, filə həsr olunmuş aşağıdakı qədim Hind pritçasını eşitmisiniz. Bir nəfər səyyah yoldan keçərkən zəif bir payaya kəndirlə bağlanmış fil görür. O, heyrətlənir ki, bu nəhəng fil nə üçün ayağına bağlanmış kiçik payadan qurtula bilmir, axı buna rahatlıqla gücü çatar. Ona izah edirlər ki, bu fil balaca vaxtından bu kəndirlə ağaca bağlanmışdı və o, çox cəhd göstərsə də, bu ipi qoparmağa gücü çatmır. Vaxt keçdikcə fil gücsüzlüyünə inanır və təslim olur. Onun problemi əslində payada deyil, ayağına bağlanan ipdədir.
Bu hekayədəki fil ilə bu gün cəmiyyətimizdə böyüyən uşaqların əksəriyyəti arasında bənzərlik var. Valideynlər övladlarını balacalıqdan o qədər “olmaz”larla, “başqaları nə deyərlər”lə, “mən deyənə qulaq as, sən hələ uşaqsan, belə şeyləri başa düşməzsən”lərlə zəncirləyir, özlərinə elə qalın iplərlə bağlayırlar ki, uşaqlar böyüyəndə müstəqil düşünmə və hərəkət etmə qabliyyətini itirir və başqalarının himayəsindən ayrılmağı bacarmırlar. Beləliklə, ortaya asılılığa öyrənmiş və özünə güvəni aşağı olan nəsillər çıxır.
Gənc valideynlər, sizdən əvvəlki nəsillər sizə bunu yaşatdı. Heç olmazsa siz özünüzdən sonra gələnlər üçün bir yaxşılıq edin; qırın bu yersiz və zərərli zəncirləri!
Elçin Əzimli
Biznes kouç və təlimçi, Emosional intellekt üzrə sertifikatlaşmış mütəxəssis
“Dan ulduzu” romanının müəllifi
© 2021 · coaching.az