coaching.az |

Əvvəlcə özün

Təyyarə ilə səyahət edənlər təhlükəsizlik qaydalarındakı bu ifadəni yəqin ki, xatırlayırlar: “Əvvəlcə öz maskanı tax, sonra isə yanında ehtiyacı olanlara kömək et”.

Sadə səslənir, elə deyilmi? Əslində bu təlimat bizə vacib bir həyat dərsi verir: başqasına dayaq olmaq istəyirsənsə, əvvəlcə öz müvazinətini qoru.

Hər birimiz cəmiyyətin bir parçasıyıq – ailəmiz, dostlarımız, işimiz və sosial çevrəmiz qarşısında vacib öhdəliklərimiz var. Bu öhdəliklər həyatımıza dərin mənalar qatır, bizi başqaları ilə bağlayaraq mənəvi və psixi sağlamlığımızı təmin edir və sosial zənginliyimizi formalaşdırır.

Amma çox zaman bütün enerjimizi ətrafımızdakılara sərf edərkən, onun məhdud olduğunu unuduruq. Hər kəsə, hər yerə çatmağa çalışırkən özümüzə gecikirik”.

Yaşlandıqca və illər keçdikcə özümüzdən daha çox uzaqlaşırıq. İçimizdəki insanla əlaqələr zəifləyir, səssizlik artır və məsafələr böyüyür. Və bir gün anlayırıq ki, özümüzə yadlaşmışıq, bir ömrü öz varlığımızı, daxili səsimizi və ehtiyaclarımızı unudaraq yaşamışıq.

Əgər başqalarına həqiqətən faydalı olmaq istəyiriksə, əvvəlcə özümüzdən başlamalıyıq. Çünki özünü arxa plana ataraq başqalarına yardım etməyə çalışmaq uzunmüddətli deyil. Öz enerjisini bərpa etməyən insan, nə qədər istəsə də, başqalarına tam fayda verə bilməz.

Bəzən dayanmaq, sadəcə dayanmaq lazımdır.

Nə etməli olduğumuzu düşünmədən, kim üçün çalışdığımızı soruşmadan – sadəcə özümüzü dinləmək üçün.

Bəlkə də uzun müddətdir başqalarının ehtiyaclarını o qədər önə çəkmişik ki, öz nəfsimizin və nəfəsimizin səsini belə unutmuşuq.

Gəlin başqalarını qayğı ilə qucaqlayarkən, içimizdəki insanı tək və diqqətsiz qoymayaq.

Özünə qayğı göstərmək – eqoizm deyil, insan münasibətlərində davamlılığın şərtidir. Bu, “yorğanı öz üzərinə çəkmək” də deyil. Əksinə – özünlə sülh bağlamaq, kənardakı xaosdan bir anlıq uzaqlaşıb ruhuna qulaq asmaq deməkdir. Bu, başqaları ilə birlikdə həm də özünə qayğı ilə yanaşmaq bacarığıdır.

Unutmayaq ki, üzümüdəki təbəssüm başqalarının üzündə təbəssüm oyada bilər. Gücümüz  başqalarının gücünə güc qatar. Xoşbəxtliyimiz başqalarının xoşbəxtliyinin mənbəyi olar.

Gəlin öz nəfəsimizi geri qazanmaqdan başlayaq. Öz enerjimizi bərpa edək ki, sevdiklərimizə daha çox işıq, daha çox sevgi, daha çox nəfəs bəxş edə bilək.

Çünki dünya, nəfəs alan insanların sayəsində nəfəs alır.

Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi,
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.