coaching.az |

Emosional intellektin inkişafında kouçinqin əhəmiyyəti

Heç nə vaxtsa bəzi yüksək IQ-yə sahib insanların xüsusi bir uğura sahib olmaması və əksinə, onlardan daha az IQ-yə sahib olanların isə kifayət qədər uğurlu olması sizə qəribə gəlibmi? Yüksək IQ-yə sahib olmaq intellektual funksiyaların və texniki biliklər tələb edən tapşırıqların nə dərəcədə yaxşı yerinə yetiriləcəyini ölçürsə, digər tərəfdən başqa bir intellekt səviyyəsi var ki, o duyğularınızı qanunauyğun idarə etmək, digərləri ilə əməkdaşlıq şəraitində işləmək və güclü lider olmaq qabiliyyətinizə təsir edir. Emosional intellekt – duyğularımızı anlama və nizama salma, eyni zamanda digərlərinin duyğularını tanıma  və ona uyğun davranma bacarığıdır. Biz möhkəm və faydalı münasibətlər qurmaq, məhsuldar komanda formalaşdırmaq və problemləri həll etmək üçün emosional intellekt bacarıqlarımızdan istifadə edirik. Biz potensialınızı artıraraq yüksək produktivlik nümayiş etdirməyə kömək göstərən EQ əsaslı kouçinq seanslarını təklif edirik.

Bu gün fərdlər öz təhsillərini baxçadan başlayaraq, ümumilikdə, orta məktəb və universitet səviyyəsində öyrənməyə davam edirlər. Bu illər ərzindəki kurrikulum bəşəri, sosial və fiziki elmlər də daxil olmaqla akademik bilik və bacarıqların mənimsənilməsinə fokuslanır. Biz düşünmək, eyni zamanda işləmək üçün öz bilik və bacarıqlarımızı artırmağın sadə nizam-intizamını öyrənirik. Bəs onda öz işimizi necə icra edəcəyimizə yardımçı olacaq digər bacarıqların (adətən “soft skills”) önəmi necə olacaq?

Emosional bacarıqlar uğurla müsbət əlaqədədir. Güclü liderlər yüksək səviyyədə öz-güvən, empatiya, müstəqillik və mükəmməl problem həll etmə bacarıqları nümayiş etdirirlər. Eyni şəkildə, ən yaxşı müəllimlər orta səviyyəlilərlə müqayisədə daha yüksək çeviklik, daha güclü empatiya və özünü təkmilləşdirmə cəhdləri göstərirlər. Peşəsində daha uğurlu olanların öz həmkarları ilə müqayisədə daha çox emosional bacarıqlara sahib olduqları ortaya çıxır. Bunlar məktəbdə öyrədilməyən, lakin iş yerlərində məşq etdirilib, yüksəldilə biləcək bacarıqlardır.

Tədqiqatlar yeni məzun olanların tənqidi düşünmə, ünsiyyət və əməkdaşlıq kimi bacarıqların çatışmazlığından əziyyət çəkdiyini göstərir. Janet Lane və T.Scott Murrey xüsusilə bu boşluğu tədqiq edərək, məzunların 70%-nin bu bacarıqlarda hazırlıqsız olduğunu müəyyən etdi. Nəticədə, şirkətlərin bir çoxu əməkdaşlardakı bu çatışmazlıqlar üzərində işləmək üçün peşəkar kouçlar cəlb etməyə başladı. 2008-ci ildən rəhbərlər üçün kouçinq proqramına olan tələbat kəskin surətdə artdı. Amerikan İdarəçilik Akademiyasının keçirdiyi sorğunun nəticəsinə əsasən, 2008-ci il ərzində biznes sahiblərinin 52% kouçla çalışır  və daha 37% gələcəkdə kouçlara müraciət edilməsi kimi prioritet müəyyənləşdirmişdir.

İşçi qüvvəsi dəyişdikcə, peşəkar kouçlar sessiyaların əsası kimi emosional intellekti istifadə etməsi ilə qeyd edilən bacarıq çatışmazlıqlarını aradan qaldırmaqda körpü rolunu oynayacaq. EQ sadəcə psixologiyada trend söz olaraq populyarlıq qazanmayıb, tədqiqatlar göstərir ki, EQ fərqli üsullarla dəyərləndirilə və daha da önəmlisi inkişaf etdirilə bilər. Stabil EQ təlimlər vasitəsilə təkmilləşdirilə bilər. Üstəlik, EQ yaş, cins və milliyyət baryerlərini aşıb, bütün kouçinq proqramları üçün faydalı əsas yaradır.

Uğurlu kouçinq və emosional intellekt arasında güclü əlaqələr mövcuddur. Artıq şirkətlər işə qəbul zamanı ağırlığı IQ-dən EQ-yə doğru dəyişməyə meylləniblər. Çünki yüksək EQ-lü insanlar daha keyfiyyətli ünsiyyət qurur, əməkdaşların özlərini rahat hiss edəcəkləri, fikirlərinin eşidildiyi və anlaşıldığı bir mühit yaradırlar. Nəticədə onlar məhsuldarlığı artırmağa, daha yaxşı hədəflər qoymağa və daim şirkətə dəyər qatmağa həvəsli olurlar.

Emosional bacarıqlar kouç-tərzli məşqlərlə inkişaf etdirilə bilər.  Kouçinq bacarıqlarını öyrənərək, eyni zamanda dərin dinləmə və etibar yaratma üsulu ilə ünsiyyət bacarıqlarımızı da inkişaf etdirmiş oluruq. Tənqidi düşüncə bacarığı məqsədli şəkildə sual verməni formalaşdıraraq gücləndirilə bilər. Digərlərinə kouçinq etməyi öyrənmək kreativ düşünməni asanlaşdırır, hədəf qoyma bacarığını sürətləndirir və məsuliyyət hissini inkişaf etdirir. Əməkdaşlarını kouçinq bacarıqlarını öyrənməyə təşviq edən şirkətlər işyerindəi təməl bacarıqlar boşluğunu örtərək, gələcəkdəki liderlik vəzifələri üçün insanları hazırlamağa başlaya bilərlər. Və nəhayət, kouçlar olaraq “şirkət mədəniyyəti üçün kouçinq”ə ehtiyac olduğunu anlayırıq. Kouçinq və EQ-nün mədəni adoptasiyası  Multi-Health Systems Inc. (MHS) tərəfindən böyük maraqla araşdırılan mövzudur. MHS yerli mədəniyyətə bağlı əlac çarxının emosional intellektin nəzəri modelinə bənzədiyini göstərmişdir.

Şirkətlərdə məhsuldarlığın emosional intellekt üzərində qurulmasına olan tələb günü-gündən artmaqdadır. Biz peşəkar kouçların emosional intellekti öz kouçinq sessiyalarının tərkib hissələrinə çevirməsini təklif edirik. Həm individuallar, həm də komanda üçün EQ-nün kouçinq seansının tərkib hissəsi olaraq istifadə edilməsi onlarda mövcud olan və inkişaf etdirilməsi gərəkən bacarıqların müəyyən edilməsinə yardımçı olacaq. Bura individualların özlərini necə qəbul etməsi və ifadə etməsi, digərləri ilə münasibəti və stress zamanı necə qərar vermələri və onu necə idarə etmələri daxildir. EQ və kouçinq bacarıqlarını birləşdirmək müştərilərinizə bu bacarıqları real həyatda icra etməyə fürsət yaradır. EQ-dən istifadə yaş, cins və etniklik kimi geniş yayılmış problemlərin öhdəsindən gəlməyə və məhsuldar mühit yaratmaq üçün xeyli faydalı ola bilər.

Müəlliflər: Hayley Hesseln | CEC, Ph.D, Janice Gair | ACC, CEC, CPHR
Mənbə: International Coach Federation blog
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2019 · coaching.az

 

 

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.