coaching.az |

Duyğuları necə tanıyaq?

Çoxumuz emosional intellekti anlamağa çalışarkən ağlımızın rasional sərhədlərinə sığınırıq. Duyğuları məntiq prizmasından ələ alıb, onların şifrəsini zehnimizlə çözməyə cəhd edirik. Halbuki yalnız zehinlə duyğuların mahiyyətinə varmaq mümkün deyil; bu, bizi onların ruhuna yaxınlaşdırmaq əvəzinə, uzaqlaşdırır və nəticədə duyğuları dərk etmək əvəzinə, onları tərk edirik.

Duyğuları anlamaq üçün sadəcə bu mövzuya həsr olunmuş kitablar oxumaq, təlim və ya seminarlarda iştirak etmək, ya da ki, TED çıxışlarına qulaq asmaq kafi deyil. Duyğuları həqiqətən dərk etmək üçün onları olduqları kimi yaşamalıyıq – hər birini öz varlığımızda təcrübədən keçirməli, eyni anda kənardan bir müşahidəçi kimi onlara baxmalı və bu təcrübədən dərslər çıxarmalıyıq.

Duyğuların sınağından keçmədən, səhvlər etmədən, emosional dalğalanmaların yüksəliş və enişlərini yaşamadan, ağrı və çarəsizliyini ruhumuzun dərinliklərində hiss etmədən onları tam anlaya bilmərik. Məyusluqlarımız, çarəsizlik anlarımız və qaranlıq dövrlərimiz səssiz, lakin müdrik müəllimlərə çevrilərək bizə duyğuların ən dərin sirlərini öyrədir.

Elçin Əzimli
Biznes kouç və təlimçi
Emosional intellekt üzrə sertfikatlaşmış mütəxəssis
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.