coaching.az |

Dinləmə sənəti

Natiqlik və ictimai çıxışlar barədə çox sayda mənbə və praktiki məsləhətlər mövcuddur. Bəs yaxşı dinləyici olmaq üçün nə etmək lazımdır və nə üçün dinləyici olmaq istəyirsən?

Stiven Kovinin “Yüksək uğurlu insanların 7 vərdişi” adlı kitabının V vərdişində belə deyilir: “Əvvəlcə anlamağa çalış, sonra isə anlaşılmağa”, ya da ki, “əvvəlcə dinlə, sonra isə danış”. Kovi belə izah edir ki, insanlar söhbət zamanı bir-birlərini dinləmirlər, bunun əvəzinə onlar danışmağa və məsləhət verməyə, ya da ki, fikir bildirməyə tələsirlər.


Bunun səbəbi eşitdiyimiz məlumatı öz təcrübəmizlə əlaqəlandirməyimizdə və digər tərəfi başa düşmək üçün bilərəkdən səy göstərməməyimizdədir. Buna baxmayaraq, fəal şəkildə dinləmə və anlama biznes və həyatda effektiv kommunikasiya üçün açardır. Henri və Karen Kimsi-Haus ”Co-Active Coaching” adlı kitablarında qulaq asmanı və dinləmə sənətini necə inkişaf etdirməyin 3 səviyyəsini izah edirlər.

Səviyyə 1

I səviyyə dinləyicinin əsas fokusunun öz fikirlərinə, düşüncələrinə, nəzər nöqtəsinə və hisslərinə yönəldiyi qarşılıqlı əlaqədir. İnsanlar eşitdikləri sözləri öz təcrübələri və ehtiyacları ilə əlaqələndirirlər. Bu cür dinləmə biz qərarla üzləşəndə və ya məlumat toplamaq lazım olduqda tamamilə qəbul olunandır. Məsələn, əgər biz avtomobil alırıqsa, avtomobilin xüsusiyyətlərinin bizim tələbatımızı və büdcəmizi ödəyib ödəməyəcəyini bilmək üçün satıcını I səviyyədə dinləyəcəyik.

Səviyyə 2

Səviyyə 2-də dinləyici kommunikasiya yolunu əvvəcədən görür. Dinləyicinin bütün diqqəti natiqdə və söhbətdədir. Bu, tək deyiləni eşitmək deyil, həm də nə deyildiyini diqqətə almaq mənasına gəlir. Bu dinləmə şəkli səs tonuna, bədən dilinə və üz ifadələrinə diqqət etməyi özündə cəmləşdirir. Bu tərz dinləmə Kovi tərəfindən empatik dinləmə forması kimi izah edilmişdir və özündə parafraz etməyi və natiqin sözlərinə əks etdirməyi ehtiva edir.

Bu dinləmə səviyyəsində dinləyici öz daxili səsinə və ətrafında baş verən heç nəyə fikir verməməyi bacarmalıdır. Nəticə olaraq, dinləyici deyilən sözlərin mənasını anlamış olur, cavab üçün yol seçir, həmçinin cavabının müsahibinə göstərdiyi təsiri qiymətləndirə bilir.

II səviyyəli dinləmə peşəkar kouçların öz ünsiyyətləri zamanı istifadə etdikləri texnikadır, lakin Henri və Karen Kimsi-Haus bununla kifayətlənmir və qulaq asmağın daha əhəmiyyətli səviyyəsini ortaya qoyurlar.

Səviyyə 3

III səviyyə dinləmə danışığa tamamilə yeni fərqindəlik gətirir. Bu cür dinləmə forması II səviyyə dinləmədə olanları özündə əks etdirməklə yanaşı intuisiyanı da istifadə etməyi və hər hansı formada olan məlumatı daha çox almağa hazır olmağı ifadə edir. Bu dinləmə forması tək sohbətin özünə deyil, həmçinin əhatələndiyin mühitə də yönəlməyi ehtiva edir.

Dəqiq və əsaslı faktlara söykənmədiyi üçün intuisiyanın istifadəsi düzgün anlaşılmaya bilər. İntuisiya məhfumu əslində sadədir və gözəl kommunikasiya vasitəsi kimi istifadə oluna bilər. Əgər tərəf müqabilinizi dinləyərkən siz nəsə hiss edirsinizsə, bu hissə diqqət etməyə çalışın, amma çox da bağlanmayın. Bu hissinizdə düzgün olduğunuzu sübut etməyə çalışmadan onun natiqə təsirini nəzərdən keçirin və söhbətin hansı səmtə yönəlməsini anlayın.

Məsələn, siz belə deyə bilərsiniz : ”Mən başa düşürəm ki, siz bu nəticədən razısınız, eyni zamanda mən hiss edirəm ki, ağlınızda başqa da nəsə var”. Cavab belə ola bilər, “Xeyr, həqiqətən yoxdur” və ya “Bəli, doğrusu mən bizim layihədə baş verən problemdən danışmaq istəyirdim”. Sizin duyduğunuz hisdə doğru olub-olmamağınızın əhəmiyyəti yoxdur, əsas olan bu hissin söhbətə təsiridir.

Dinləmə sənətinin inkişaf etdirilməsi zaman tələb edir, lakin onun üzərində gündəlik olaraq işləmək mümkündür. Bu bacarıq xüsusən digərləri ilə danışıqlar zamanı və ya onları nəyəsə inandırmaq lazım olduğunda xüsusilə yararlıdır. Bu bacarıq etibar və anlama fürsəti yaradır. Anlamanın razılaşma olmadığını nəzərə almaq vacibdir; siz digər şəxsin fikri ilə razılaşmaya, lakin onun düşüncə formasını başa düşə bilərsiniz. Yaxşı dinləyici olmağın faydalarından biri də biri söhbəti irəliyə aparmağa kömək edən faydalı və təsirli cavab üçün əlavə məlumata və zamana sahib olmaqdır.

Müəllif: Krasimir Kashinov | Peşəkar kouç və idarəetmə mövzuları üzrə məsləhətçi
Mənbə: Beynəlxalq Kouç Federasiyasının rəsmi bloqu
Tərcümə: Laləzar İmamquliyeva

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.