coaching.az |

Dəyərlər həyatın kompasıdır

Həyatda verdiyin bütün qərarların ortaq bir nöqtəsi var: “sənin dəyərlərin”

Karyera seçimin, münasibətlərin, dost mühitin, gündəlik vərdişlərin, hətta hansı şəhərdə yaşamaq istədiyin belə – hamısı içində gizli şəkildə daşıdığın “dəyərlər xəritəsi” ilə idarə olunur.

Amma problem ondadır ki, çox vaxt bu xəritənin varlığından xəbərimiz olmur. Özümüzə “Mən nə istəyirəm?” sualını verəndə içimizdən bir səs gəlir: “Bilmirəm.”

Bu “bilmirəm”in arxasında adətən bir şey yatır – şəxsi dəyərlərimizin aydın olmaması.

Dəyər nədir, nə deyil?

Dəyər – sadəcə “yaxşı xüsusiyyətlər siyahısı” deyil. Dəyər sənin üçün həqiqətən vacib olan şeydir.

Məsələn:

  • Azadlıq
  • Təhlükəsizlik
  • Ailə
  • İnkişaf
  • Nizam
  • Yaradıcıq
  • Yardımsevərlik
  • Uğur, nailiyyət
  • Sakitlik, harmoniya
  • Status, nüfuz
  • Sevgi, sayğı

Çox adam “pul”u dəyər kimi yazır. Pul əslində dəyər deyil, dəyərləri reallaşdırmağa kömək edən vasitədir. Pul sənə azadlıq, təhlükəsizlik,status gətirə bilər – amma əsldə ehtiyacın pul deyil, o pulun sənin üçün nəyi təmsil etməsidir.

Dəyərlər “Mənim üçün həqiqətən nə önəmlidir?” sualının cavabıdır. Onları bilmədikdə, həyatımızı sanki başqalarının– ailənin, cəmiyyətin, sosial medianın “belə olmalıdır”larına fokuslanıb, təlqin edilənləri etmək üçün var gücümüzlə çabalayırıq.

Dəyərlər qarışanda nə baş verir?

Şəxsi dəyərlərin aydın olmadıqda:

  • İşdən narazılıq artır. Maaş pis deyil, kollektiv normaldır, amma içində daim bir narazı səs var: “Bu mənim yerim deyil.”
  • Motivasiya tez tükənir. Bir müddət hədəfə qaçırsan, sonra sanki bədən və zehin “stop” deyir. Çünki hədəf dəyərlərinlə uyğun deyil.
  • “Hamı üçün yaxşı olmaq” istəyirsən, amma özünü itirirsən. Hər kəsin gözləntisinə uyğun davranmağa çalışdıqca, öz istəklərin arxa plana keçir və həyatının mərkəzində sən olmursan.
  • Həyatda irəliləyirsən – diplom, iş, titul, bəzən yaxşı maaş – amma içində boşluq hissi qalır: “Mən niyə xoşbəxt deyiləm?”
  • Daimi narahatlıq və səbəbsiz hirs
  • İşə gedəndə mədədə sıxılma hissi
  • Nailiyyət əldə edəndə belə özünü boş hiss etmək
  • Hər günün “survival mode”da keçməsi: yalnız günü-günə calamaq

Gəl indi sənə dəyərlərə uyğun bir misal çəkim: Sənin dəyərin “Səmimiyyət”dir, amma çalışdığın mühitdə ikiüzlülük, oyunlar və intriqalar çoxdur. Bədən bunu hiss edir və sən özünü orada enerji itirən bir vəziyyətdə görürsən.

Belə vəziyyətlərsə insanlar çox vaxt “yanlış qərar verdim”dən daha çox, “öz dəyərlərimi nəzərə almadan qərar verdim” demələri daha məqsədə uyğun olar. Çünki “yalnış qərar verdim” cümləsində bir günahlandırma var amma bizim məqsədimiz günahlandırmaq deyil, dəyərlərimizə uyğun seçimlərimizlə yola davam etməkdir.

Kouçinqdə dəyərlərlə iş necə olur?

Kouçinqdə dəyərlərlə işləmək, insanın daxili kompasını aktivləşdirmək kimidir. Dəyərlərini bildikcə, qərarların sadələşir. Şəxsi dəyərlərini bilmədən karyera seçmək, münasibətlər qurmaq, hətta hansı ölkədə yaşamaq qərarını vermək – sanki xəritəsiz səyahətə çıxmaq kimidir. Getdiyin yol təsadüfi olur və bir nöqtədə özündən soruşursan: “Bura necə gəldim?”

Dəyərlərini bildikdə isə:

  • “Bu iş mənə uyğundurmu?” sualının cavabını daha rahat tapırsan.
  • “Bu münasibətdə niyə yoruluram?” sualına səmimi cavab verə bilirsən.
  • “Mən həqiqətən nə istəyirəm?” artıq boş sual kimi görünmür.

Oxuduğun bu məqaləni kiçik bir dəvətlə bitirmək istəyirəm: Bu gün, bu yazını bağlamadan əvvəl, bir kağız götür və öz ilk 5 dəyərini yaz.

Sonra özündən soruş: “Bu həftə bu dəyərlərdən ən azı biri ilə daha uyğun yaşamaq üçün nə edə bilərəm?”

Bəlkə də böyük dəyişiklik elə bu kiçik addımdan başlayacaq.

Müəllif: Esmira Axundova | kouç və təlimçi

© 2025 · coaching.az

3 şərh var

  • Çox möhtəşəm yazıdır. Esmira xanım ,təşəkkürlər. Saytınızdakı məqalələr hər zaman zehnimizi,içimizi aydınladan işıq kimi gərəyimiz olur. Uğurlar sizə!

  • bəli, dəyərlər insanın davranışını, qərarlarını və münasibətlərini formalaşdırır… Dəyərlər müəyyən edildikdən sonra vizyon və missiyanın formalaşdırılması daha aydın və effektiv olur..

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.