Yazıçı və ixtiraçı olan Pol MakKredi (Paul MacCready), dahiliyi və bu anlayışın insanlar tərəfindən necə başa düşüldüyünü dəqiqliklə araşdırmışdır. MakKredi dahiliyin verə biləcəyi müxtəlif məna kateqoriyalarını açmışdır ki, bunlar dahiliyin əslində nə demək olduğunu təyin etməkdə çox faydalı başlanğıc ola bilər.
Pol MakKredi birinci kateqoriyanı “hamının razılaşdığı” dahilər adlandırır. Buraya sivilizasiyanın ən böyük ikonaları hesab olunan Eynşteyni, Leonardo da Vinçini, Şekspiri və Mikelancelonu daxil etmək olar. Eynşteynin dahi olmadığını iddia edən kimsə varmı? Mən belə düşünmürəm – bu kateqoriyaya yekdilliklə seçilmiş dahilər aiddir.
MakKedinin ikinci kateqoriyasına rəsmi olaraq təyin edilmiş dahilər aiddir. Bunlar, Nobel Mükafatı və ya digər mötəbər mükafat alan insanlardır. Onların hansı yenilikləri həyata keçirdiyini dərk etsək də, etməsək də, biz bu şəxslərin başqa insanlar tərəfindən dahi kimi təsdiq olunması faktı ilə razılaşırıq.
Üçüncü kateqoriyaya, indiyədək hər hansı milli yaxud beynəlxalq şöhrət qazanmayan, lakin qeyri-adi qabiliyyətlərə malik olan insanlar daxildir ki, onlar adi insanlardan fəqli olaraq başqa dünyanın adamları hesab olunurlar. Onların bəziləri əvvəl qeyd etdiyim kimi dahi gənclərdir – o tələbələr ki, milli bilik müsabiqələrinin qalibi olmuş və ya standartlaşdırılmış testlərdən mükəmməl nəticələr əldə etmişdir. Adətən onlar gündəlik məktəb və ya iş davranışlarında ən yaxşı olmurlar, lakin onların elə istedadları var ki, gec-tez özünü birüzə verir. Çox vaxt bu insanlar utancaqlıq və özünə-rəğbət hissi ilə mübarizə aparan bacarıqsız insanlardır. Onların gözlənilməz uğuru yalnız ona görə təəccüblüdür ki, onlar bilərəkdən arxa planda olmağa çalışıblar.
Zənnimcə bu üç kateqoriyanın hər birinin nə qədər ağlabatan olduğunu başa düşürsünüz, ancaq dördüncüsü bu proqram üçün olduqca vacibdir. Və siz, dördüncü kateqoriyanın digər üç kateqoriyanı tamamilə inkar etdiyini bildikdə təəccüblənə bilərsiniz, çünki bu kateqoriyaya bütün insanlar daxildir. Bu, dahiliyin yalnız bəzi kateqoriya insanlar üçün mümkün olduğu fikrinin yanlışlığı, yəni bizim hamımızın uğur qazanmaq potensialımızın olması fikrinə əsaslanır. Bunu təsdiqləmək üçün xeyli sübut var. Hər şeydən oncə, fiziki və zehni bacarıq hesab olunan gəzməyi və danışmağı öyrənmək bizim gələcək həyatımızda qarşılaşacağımız hər hansısa bir problemdən daha çətindir və belə demək olar ki, indiyədək insanların əksəriyyəti bu çətinliyin öhdəsindən uğurla gəlmişdir.
Düzdür, bu ilkin bacarıqların bizim genetik quruluşumuzla bağlı olduğu iddia edilmişdir. Lakin, genetik dəlillərin izahını verə bilmədiyi bir çox məqamlar var. Misal üçün, XVII-XVIII əsrlərdə ziyalı təbəqənin hər bir üzvündən sadəcə olaraq oxumaq, müxtəlif dillərdə danışmaq, şeir yazmaq, musiqi alətində ifa etmək, İncilin çox hissəsini əzbər bilmək bacarığı gözlənilirdi. Bundan əlavə, bütün bu bacarıqlar çox yüksək səviyyədə və çox erkən yaşlarda həyata keçirilirdi. Başqa sözlə desək, indiki dövrdə həqiqətən heyrətləndirici – bəlkə də məhz dahilik üçün əsas olan göstəricilər, keçmişdə minlərcə insanın müntəzəm olaraq nümayiş etdirdiyi bacarıqlar idi. Ancaq o vaxtlar biz dahiləri sadəcə cəmiyyətin gözləntilərini doğruldan kəslər hesab edirdik.
Biz hər bir insan dahi ola bilər dedikdə bu o demək deyil ki, hamı SAT-dan (Scholastic Aptitude Test- Sxolastik Qabiliyyət Testi) 800 bal yaxud IQ testlərindən (Intelligence Quotient – İntellektual Zəka) 150 və ya daha çox bal əldə etsin. Bu o demək deyil ki, hamı skripkada ifa edə bilsin və ya yağlı boya ilə gözəl rəsm ərsəyə gətirsin. Bunlar dahilik anlayışına yanaşmağın digər yollarıdır. Gəlin bu sözün əsl mənşəyinə qayıdaq. Tomas Armstrong adlı araşdırmacı bu barədə bir sıra mükəmməl araşdırmalar aparmışdır. O qeyd edir ki, “genius” (dahi) kəlməsi “genesis” (yaranış) sözü ilə sıx bağlıdır. Bu da Yunan və Latın sözləri olan “yaratmaq”, “doğmaq”, “törəmək” sözlərindən əmələ gəlmişdir. Bu həmçinin, “nəşəli”, “şənlikli” mənalarını ifadə edən “genial” (xoş) sözü ilə bağlıdır.
Bütün bu araşdırmaların nəticələrini birləşdirdikdə, dahiliyin hərtərəfli və gözəl mənasını ifadə etmiş oluruq. Beləliklə, dahilik “sevinc doğuran” mənasını verir. Bu anlamda, dahilik fərdlərin gizlənmiş potensialı mənasını bildirir. Eyni zamanda, buraya potensialin kəşf edilməsi və onun hərəkətə çevrilməsi prosesi daxildir. İlk addım – düşündüyünüzdən daha böyük bacarıqlara sahib olduğunuza inanmaqdır. Sadəcə siz bu bacarıqlara sahib olmalı deyil – eyni zamanda, onları inkişaf etdirmə ve istifadə etmə məsuliyyətini daşımalısınız.
Məqalənin müəllifi: Dr. Tony Alessandra | Amerikalı yazıçı və motivasiya spikeri, satış və marketinq sahəsinə aid bir sıra bestseller əsərlərin müəllifi. “The Platinum Rule” davranış dəyərləndirməsi modelinin müəllifi.
Mənbə: International Coach Federation blog
Tərcümə etdi: Qızılgül Məmmədova