Çox vaxt həyatın bizə təqdim etdiyi faktlarla, beynimizin həmin faktlar üzərində qurduğu hekayələri bir-birindən ayırmaqda çətinlik çəkirik. Həqiqətdə həyat – bir-birini izləyən rəngsiz hadisələr zənciridir. Lakin biz bu zənciri bəzən rəngli, bəzən ağ-qara, bəzən isə dramatik bir kino lenti kimi yaşayırıq. Həqiqətin zəkamızdan süzülüb keçdiyi o anlarda qəribə bir çevrilmə baş verir: faktlar ölür, hekayələr doğulur.
Əksəriyyətimiz dünyaya reallığın çılpaq gözü ilə deyil, şüurumuzun laboratoriyasında cilalanmış, fərziyyələrlə rənglənmiş linzaların filtrlərindən baxırıq. Burada təkamülün bizə miras qoyduğu o nağılbaz beyin işə düşür; o, quru faktları götürüb onlardan mütləq bir dram, bir faciə və ya bir qəhrəmanlıq dastanı toxumağa çalışır. Bu filtrlər bəzən həqiqəti aydınlatsa da, bəzən də onu tanınmaz dərəcədə bulandırır. Nəticədə biz o süzgəclərdən keçib gələn və artıq bizim daxili rəngimizə boyanmış əksi reallıq kimi qəbul edirik.
İnsan beyni təbiəti etibarilə boşluğu sevmir. Hər hansı bir hadisə – bir baxışın soyuqluğu, cavabsız qalan bir zəng və ya gözlənilməz bir sükut – obyektiv müstəvidə sadəcə bir faktdır. Fakt neytraldır, onun nə kədəri var, nə də sevinci. O, danışmaz. Lakin biz o sükutu dözülməz hesab edirik və dərhal boşluğu öz fərziyyələrimizlə doldurmağa başlayırıq.
Məna memarlığı
Məhz bu nöqtədə “məna memarlığı” dövrəyə girir. Biz faktın çılpaq gövdəsinə öz qorxularımızdan, keçmişin travmalarından və gələcəyin qayğılarından toxunmuş paltarlar geyindiririk. Beləcə, sadə bir hadisə saniyələr içində mürəkkəb bir faciəyə və ya sarsılmaz bir inanca çevrilir. Biz artıq hadisəni deyil, öz uydurduğumuz nağılı yaşayırıq.
Bu memarlıq prosesi o qədər sürətli və qüsursuz işləyir ki, sadə bir hadisə – bir mesajın cavabsız qalması və ya bir tanışın soyuq salamı – saniyələr içində daxili monoloqumuzda mürəkkəb bir faciəyə, xəyanət ssenarisinə və ya sarsılmaz bir bədbin inanca çevrilir. Biz artıq xarici dünyada baş verən real hadisəni deyil, öz uydurduğumuz nağılın içindəki obrazı yaşayırıq. Bizim üçün reallıq faktın özü deyil, o fakta geyindirdiyimiz emosional libas olur. Beləliklə, insan obyektiv dünyanın sakini olmaqdan çıxıb, öz subyektiv mənalarının memarına və çox vaxt da o memarlığın içindəki tənha məhbusa çevrilir.
Şüurun fərziyyə bataqlığı
“Mən bəxtim bağlanıb”, “Bu həyatda heç kimə güvənmək olmaz”, “Uğur yalnız başqaları üçündür”… Bu cümlələr obyektiv həqiqətin təsviri deyil, şüurumuzun durmadan təkrarladığı köhnə ssenarilərin – bir fərziyyə bataqlığının məhsuludur. Bu fərziyyələr zamanla daxili qaydalarımıza çevrilir və biz dünyanı yalnız onların icazə verdiyi dar pəncərədən müşahidə etməyə başlayırıq.
Fərz etmə. Zənn etmə. Dəqiqləşdir.
Bu bataqlığın ən amansız tərəfi odur ki, insan daxilən çabaladıqca – yəni öz neqativ düşüncələrini guya “məntiqli” dəlillərlə əsaslandırıb sübut etməyə çalışdıqca – daha da dərinə batır. Beynimiz öz uydurduğu yalanı əsaslandırmaq üçün faktları təhrif edir. Beləcə, biz həyatın duru və rəngarəng mahiyyətini deyil, o bataqlığın dibindən gördüyümüz bulanıq və təhrif olunmuş mənzərəni yeganə, mütləq həqiqət sanırıq.
Psixologiyanın bizə öyrətdiyi ən acı, həm də ən ümidverici həqiqət budur: bizi yaralayan hadisələr deyil, o hadisələrə olan münasibətimizdir. Eyni yağış bir şair üçün ilham, bir əkinçi üçün ruzi, evsiz biri üçün isə fəlakətdir. Yağış sadəcə yağır; ona “məna” gətirən isə müşahidəçinin daxili mənzərəsidir. Biz öz nağılımızın həm müəllifi, həm də dinləyicisiyik.

Bu zehni tələdən xilas olmaq hekayələri tamamilə yox etmək demək deyil. Çünki insan hekayəsiz yaşaya bilməyən, məna axtarışında olan bir varlıqdır. Hətta deyə bilərik ki, bəşəriyyət məhz şüurunun məhsulu olan bu hekayələr sayəsində inkişaf edərək bu günə gəlib çıxıb; bizi ortaq hədəflər, dəyərlər və məqsədlər ətrafında birləşdirən məhz həmin kollektiv nağıllardır. Lakin problem hekayənin özündə deyil, onun bizi idarə etməsindədir. Zehni azadlıq, hekayəni tamamilə susdurmaq deyil, onunla fakt arasındakı o nazik sərhədi ayırd etməyi öyrənməkdir.
Bu, beynimizin bəslədiyi qərəzlərin mütləqiyyətini sarsıdan bir inqilabdır. Hər bir hadisəyə fərqli pəncərələrdən baxmaq, öz zənlərimizə şübhə ilə yanaşmaq bizi hadisələrin qurbanı olmaqdan çıxarıb, həyatın müdrik müşahidəçisinə çevirir.
Nəticə: hekayədən reallığa qayıdış
Bəlkə də həyatın bizdən tək tələbi yeni nağıllar uydurmaq deyil, şüurumuzun reallıq üzərinə çəkdiyi o dumanlı pərdəni tamamilə aralayıb faktın özü ilə üz-üzə gəlmək cəsarətidir. Hekayələr, əslində, özlüyündə gözəldir; onlar xəyallarımızı bəsləyir, gələcəyimizə ümid dolu işıq saçır. Lakin unutmamalıyıq ki, bizi göylərə qanadlandıran həmin hekayələr, reallıqdan qopduğumuz anda bizi uçurumlara da sürükləyə bilər.
Faktlar kərpic kimidir; şüurumuzun memarlığı ilə onlardan ya özümüzə bir daxili həbsxana inşa edirik, ya da bütün şərti divarları yıxıb həqiqətin sonsuz üfüqlərinə açılırıq. Azadlıq taleyin bizə yazdıqlarında deyil, bizim “tale” deyib inandığımız o illüziyaları darmadağın edə bildiyimiz, yalançı hekayələrin bitdiyi və saf, filtrsiz reallığın başladığı o sarsıntılı, lakin dürüst anda gizlənir. Öz nağılına son qoyan insan, əslində, ən böyük həqiqətə – həyatın özünə qayıdır.
Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi
AR Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi








Çox maraqlı,aydınlandıran yazıdır. Elçin bəy,ürəyinizə,əməyinizə sağlıq.
Təşəkkür edirəm, Vüsalə xanım.