coaching.az |

Bilik danışır, müdriklik isə qulaq asır

Bilməklə dərk etməyin arasında incə xətt var. Alimlə (bilən) müdrik insanın (dərk edən) həyata baxışları və yanaşması fərqli olur. Müdrik insan tək baxış bucağına sahib olmayan, bildiklərini səthi deyil, dərindən anlamağa çalışan, üzdə görünənə deyil, arxa plandakılara da nüfuz etməyi bacaran şəxsdir. O, beyninin hər iki yarımkürəsini öyrənməyə və anlamağa səfərbər edir.

Bu gün alim olmaq dünənə görə daha asandır. İnformasiya çağında yaşayırıq və qapılar biliyin üzünə taybatay açıqdır. İndi bilik bir “click” qədər bizə yaxındır. Burada alim sözündən qəsdim bilik sahibi olmaqdır, akademik fəaliyyətləri olan şəxslər nəzərdə tutulmur. Öz maraq dairəsi, peşəsi, ixtisası və s. üzrə dərinləşmiş və hər zaman özünü təkmilləşdirən insanlar da öz sahələri üzrə alim sayıla bilərlər.

Oxumaq və təhsil sahibi olmaq zəruridir, faydalıdır, xüsusən bu dövr üçün çox əhəmiyyətlidir. Belə baxanda, biz müasir insanlar sələflərimizlə müqayisədə daha çox təhsilli, daha çox məlumatlıyıq. Bu gün orta məktəbin kimya dərsini yaxşı oxuyan bir şagird orta əsrlərin kimyaçı alimindən daha çox biliyə sahibidir.

Bildiklərimiz anladıqlarımızdan çoxdur.

Alfred Adler

Bəzən çox bilmək insanı bəsit şeyləri anlamaqdan uzaq tutur. Elm, yəni bilmək təkbaşına kafi deyil.  Hər alimin müdrik olmadığı gündəlik olaraq qarşılaşdığımız reallıqlardandır.

Siqaretin üzərindəki xəbərdarlıq yazısından hamımız məlumatlı olsaq da, bu zərərli vərdişdən yalnız onun fəsadlarını dərk edənlər uzaq durur.

Bu gün hər tərəfdən informasiya axınının hücumuna məruz qalırıq. Bunların bir çoxunu daha sonralar xatırlamır, xatırladıqlarımızın əksəriyyəti də bizə faydasız olur. Beynə yüklənən məlumatın çoxluğuna deyil, onların içərisindən anlayıb, bizə faydalı ola biləcəklərə fokuslanmalıyıq. Beyni məlumat zibilliyinə çevirib, onu hədsiz yükləmək doğru deyil. Müdrik insan üçün biliyin kəmiyyəti deyil, keyfiyyəti vacibdir.

Bilik danışır, müdriklik isə qulaq asır.

Jimmi Hendrix

Anlama səviyyəsi yüksək insanlar başqalarının baxıb, gözləri ilə görə bilmədiyini “ağılları” ilə görənlərdir. Onların dinləmə bacarığı da yüksəkdir. Sadəcə deyilənləri deyil, deyilməyənləri və deyilmək istəyənləri də eşidirlər.

Robert Kiyosakinin “Varlı ata, kasıb ata” əsərindən bəyəndiyim bir hissəni sizinlə paylaşıram.

“1996-cı ilin dekabrında mən öz tanışımla birlikdə yerli benzindoldurma stansiyasının yanından keçirdim. O, benzin çəninin üzərindəki qiymətlərə baxdığında dedi ki, neftin qiymətləri yaxın zamanda qalxmağa başlayacaq. Evə gələrkən neftin növbəti illərdə qalxacağı barədə dediklərinin təsdiqini statistik şəkildə ortaya qoydu. Baxmayaraq ki, mən özüm real bir neft şirkətinin hissə sənədlərinə sahib idim, onun proqnozlarına sahib deyildim.

Tanışımın verdiyi bu məlumatları diqqətə alaraq, mən gecikmədən yeni bir neft şirkəti tapdım. Yeni neft yataqlarının axtarışı ilə məşğul olan bu şirkətin dəyəri iş dünyasında düzgün qiymətləndirilmirdi. Şirkət brokerimin də diqqətini cəlb etdi və mən biri 65 sentdən 15 min hissə sənədi aldım.

1997-ci ilin fevral ayında eyni tanışla yenidən eyni benzindoldurma stansiyasının yanından keçirdik. Həqiqətən də, benzinin gallonbaşına qiyməti 15% artmışdı. Mən gülümsəyirdim, çünki hissələrini aldığım şirkətin neft axtarışları uğurlu olmuş və aldığım səhmin qiyməti 3 dollara yüksəlmişdi. Dostum isə hələ də neft qiymətlərinin yüksəliş proqnozlarında səhv etmir”.

Bəs müdrikliyə çatmaq üçün nə etməliyik?

Müdriklik sadəcə yaşla və dünyagörüşü ilə əlaqədar məfhum deyil. Bəzən, biliyi qıt 5 yaşlı uşağın insana verdiyi dərs illərlə öyrəndiklərimizdən daha təsirli olur. Misal üçün, onlar sevginin və qayğının nə olduğunu özlərindən yaşlı insanlardan daha yaxşı dərk edirlər.

“– Bəs müdrikliyə çatmaq üçün nə etməliyik?

– Bilirsənmi, dostum… – deyə bir az duruxub düşüncəli şəkildə davam etdi. – Müdrikliyə çatmağın yollarını tapmaq üçün əvvəlcə müdrikliyin nə olduğunu dərk etmək lazımdır. Müdriklik, sadəcə, yaşla və dünyagörüşü ilə əlaqədar məfhum deyil. Müdriklik, səhvdən sığortalanmaq və ya hər şeydə mütləq haqlı olmaq mənasına gəlmir. Müdriklik Nizaminin və Sədinin əsərlərində təsvir olunan nurani qoca obrazları da deyil. Müdriklik çatılası mənzil deyil, öyrənmək və dərk etmək yolunda atılan gündəlik addımların, büdrəmələrin və yenidən ayağa qalxıb yola düzəlməyin özüdür. Müdriklik, sadəcə, düz addımlarla ölçülmür, o atılan çoxsaylı səhv addımları düz addımlara çevirmək bacarığıdır”.

“Dan ulduzu” romanından

Xülasə: Bilən deyil, anlayan olmaq üçün şablon düşüncə tərzi və əzbərçilikdən uzaqlaşmalı, özümüzdə düşünmək, müşahidə etmək, sorğulamaq, axtarmaq, sual vermək, tənqidi yanaşmaq və düşünmək, tənqidə dözümlü olmaq  və nəhayət, qulaq asmaq kimi səriştələri inkişaf etdirməliyik. Tək baxış bucağından xilas olmalı,  beynimizi fərqli düşüncələrə açmalı, empatiya hissimizi gücləndirməliyik. Unutmayaq ki, müdriklik sadəcə gözlə görünənlərdə deyil, görünənlərin görünməyən arxa planında və dərinliklərində başlayır.

Elçin Əzimli
Biznes kouç və təlimçi, 
“Dan ulduzu” romanının müəllifi

© 2020 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.