Bir gün bir nəfər kasıb insan dövrünün müdrik aliminə yaxınlaşıb soruşur:
– Ustad, mən nə üçün bu qədər yoxsulam?
– Çünki, sən əliaçıq davranmırsan, – deyə alim cavab verir.
– Başqalarına verməyə bir şeyim olmadığı halda, mən necə əliaçıqlıq edə bilərəm?
– Sənin beş zənginliyin var və sən onları insanlarla paylaşa bilərsən. Ancaq, indi görəcəksən ki, bunu etmirsən:
- Zənginliklərindən biri simandır. Sən başqalarına təbəssüm bəxş edə bilərsən, ancaq etmirsən.
- İkinci zənginliyin gözlərindir. Sən başqalarına sevgi və qayğı ilə baxa bilərsən, ancaq bunu etmirsən.
- Üçüncü zənginliyin dilindir. Sən dilinlə başqalarına gözəl sözlər bəxş edə bilərsən, ancaq etmirsən.
- Dördüncü zənginliyin ürəyindir. Ürəkdən başqalarına xoşbəxtlik diləyə bilərsən, ancaq etmirsən.
- Nəhayət, beşinci zənginliyin vücudundur. Sən vücudunla başqalarına yaxşı işlər görə və onlara kömək edə bilərsən, ancaq bunu da etmirsən.
Bil ki, dünyada sahib olduğu bütün bu zənginlikləri başqalarının xeyrinə istifadə edəndən varlı insan yoxdur.
© 2020 · coaching.az ·