Bir çox təşəbbüskarın həyəcan verici biznes fikirləri olsa da, kifayət qədər pulları olmadığı üçün onları reallaşdıra bilmirlər və tələb olunan olan sərmayəni tapana qədər bu fikirlərini həyata keçirə biləcəklərinə inanmırlar.
İnvestisiya şirkətlərindən alınan yüz minlərlə dollarla qurulan bizneslər barədə demək olar ki, hər gün xəbərlər eşidirik. Ancaq, böyük pullar xərclənməyinə baxmayaraq, məqsədinə çatmayan və qapılarını sonsuzadək bağlayan cəhdlər də az deyil. Biznes fikirlərimiz və onların tətbiq planları üzərində yaxşı düşünülərək hazırlanmamışdırsa, əlimizdə böyük pulların mövcudluğu bizi uğura aparmaz.
Gözəl bir biznes fikriniz var, ancaq pulunuz azdır? Bu çatışmazlığın önünüzü kəsməsinə icazə verməyin! Bəli, yuxusuz keçirəcəyiniz uzun gecələr olacaq. Bəli, çox stressli olacaqsınız. Ancaq, bütün bunlar uğur qazanmağınızı təmin edəcək!
Bu yazımızda iş həyatına atılmaq istəyən şəxslərə müəyyən tövsiyələrimiz olacaq.
Bacardığınız işlə məşğul olun
Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur; bacarıqlarınıza və biliyinizə uyğun işin qulpundan yapışın. Kənar mənbələrə nə qədər az ehtiyac duysanız, işiniz bir o qədər rəvan olar. İşinizi öz ixtisasınız/peşəkar olduğunuz sahələrdə qursanız, kənardakı məsləhətçilərə və digər kənar yardımlara ehtiyacınız olmaz.
Həmçinin, quracağınız iş barədə müəyyən qədər bilik və təcrübəyə sahib olmağınız sahibkarlıq dünyasına uğurlu və şüurlu riskə sahib şəkildə addım atmağınızı təmin edəcək.
Gördüyünüz iş haqqında hər kəsin bilməsini təmin edin
Ailənizi, yoldaşlarınızı, iş əlaqələrinizi və köhnə iş yoldaşlarınızı yeni işinizlə əlaqədar məlumatlandırın. Zəng vurun, mail göndərin və sosial media vasitəsilə yeni işinizin bilinməsini təmin edin. Yoldaşlarınız və ailə üzvləriniz xəbərlərin yayılmasına yardım edəcək və köhnə iş əlaqələriniz peşəkar bağlantılarına sizdən bəhs edəcək. Bu növ kök salmış marketinq fəaliyyətləri şirkətinizin daha geniş kütlələr tərəfindən tanınmasını körükləyəcək.
Lüzumsuz xərclərə girməyin
İşə başlayarkən bir çox xərciniz çıxacaq və bunların bəzilərindən qaçmaq lazımdır. Ehtiyaclarınıza yetəcək qədər xərclər etməyiniz çox əhəmiyyətlidir. Başlanğıc mərhələsində qənaətcil olma uğur və uğursuz olmaq arasındakı incə xətti müəyyən edir.
Kredit borclarından uzaq durun
İş qurarkən kreditdən istifadə etməyin ağıllı yolu və ağılsız yolu vardır. Yeni kompüterlər, ofis mebeli, telefonlar və s. kimi vəsaitlər birdəfəlik və sürətli bir şəkildə alına bilər. Ancaq bunu etməməlisiniz. Hər şeyi bir dəfədə almaqdan və hamısını kreditə yükləməkdənsə, şirkət gəlirinizdən istifadə edin. Pul qazandıqca ehtiyaclarınızı yavaş-yavaş tamamlayın. Borc stresini və yükünü ortadan qaldırmaq şirkətinizin müvəffəqiyyətli olma şansını çox yüksəldir.
İşinizi alın tərinizlə yaradın
Başlanğıc mərhələdə gecə-gündüz çalışın, işlə əlaqədar hər cür mövzunu və eyni zamanda marketinq və böyümə fəaliyyətlərini də özünüz həll edin. Bütün bu çalışmalar və uzun günlər boşuna deyil. Bir marka yaradacaqsınız və verdiyiniz əmək işinizin dəyərini artıracaq.
Ödənişsiz reklam və marketinq fəaliyyətlərinin üstünlüklərindən faydalanın
Böyük pullar sərf etmədən işinizlə əlaqədar reklam yaymağın bir çox yolu vardır. Sosial media diqqət çəkməyin və potensial müştərilərlə əlaqə yaratmağın ən yaxşı yoludur. Eyni zamanda yerli media ilə təmas qura bilər və peşəkarlığınızı onlara təqdim edə bilərsiniz. Yerli media ilə mümkün qədər çox təmas qurun və tələblərinə ən qısa müddətdə cavab verin. Bu, sizin şirkətinizlə əlaqədar pulsuz xəbərlər paylaşmağınıza köməklik edə bilər.
İşinizi qaça-qaça qurun
Az pulla və ya sıfır sərmayə ilə iş qurarkən şirkətinizin uğuru üçün hər şeyi özünüzün etməli olduğunuzu unutmayın. Bu, işinizlə əlaqəli bütün mövzuları əhatə edir. Bir çox işi eyni anda etməli olacaqsınız və bunlar zamanınızın və enerjinizin böyük hissəsini alacaq.
Yeni iş qurma kreditindən istifadə edə bilərsiniz
Həm dövlətin, həm də xüsusi sektorun sahibkarlar üçün təqdim etdiyi cazibədar iş qurma kreditləri sayəsində pul probleminizi kökdən həll edə bilərsiniz, amma çalışın mümkün qədər az kreditə girin…
Son olaraq, kifayət qədər pulunuzun olmamasının yaxşı bir iş fikrini həyata keçirməyinizə maneə törətməsinə icazə verməyin. Çətinliklər və stressli vəziyyətlər olmayacaq mı? Əlbəttə ki, olacaq! Ancaq, unutmayın, bütün bunlar iş dünyasının bir hissəsidir.
Zülfiyyə Sərdarova | coaching.az