Bir gün Ustad öz tələbələrini çağırır və onların önünə bir ağ vərəq qoyaraq soruşur:
— Burada nə görürsünüz?
— Nöqtə, — deyə tələbələrdən biri cavab verir. Digər tələbələr də başlarını tərpədərək, bu cavabda yoldaşları ilə həmfikir olduqlarını bildirirlər.
— Daha diqqətlə baxın, — ustad deyir.
— Burada bir dənə qara nöqtə var, — deyə başqa bir tələbə cavab verir.
— Xeyr! — deyə üçüncü tələbə etiraz edir. — Burada balaca qara nöqtə var. Elə deyil, uşaqlar?
Bütün tələbələr onunla razılıq əlaməti olaraq başlarını tərpədirlər. Araya uzun fasilə çökür və tələbələr müəllimlərinin nə deyəcəyini intizarla gözləyirlər.
— Cavablarınız məni məyus etdi, – deyə Ustad narazı şəkildə cavab verir. — Təəssüf ki, mənim tələbələrim oradakı balaca qara nöqtənin fərqinə vardı, ancaq böyük ağ vərəqi görən olmadı.
O, bir qədər öz-özünə düşündükdən sonra sözünə davam etdi:
— Demək ki, sizə öyrədiləcək çox şey varmış…
Hekayədən alınacaq dərs: Həyata və hadisələrə tək baxış bucağı ilə baxmaq, önümüzdəki böyük üfüqləri görməyimizə mane ola bilər.
© 2017 · coaching.az ·