coaching.az |

Açılmamış məktubun sirri

Tez-tez qapımızı döyən duyğular bizi incitmək üçün deyil, oyatmaq üçün gəlirlər. “Neqativ” adlandırdığımız və qaçmağa çalışdığımız hər bir hiss əslində açılmamış məktub kimidir; onu yırtıb atmaq yox, verdiyi ismarışı anlamaq düşüncələrimizə aydınlıq gətirər. Bu baxımdan tanınmış avstralyalı psixoterapevt Alfred Adler həmkarı Freyddən fərqli olaraq, insan şəxsiyyətini yalnız keçmiş təcrübələrin və bioloji instinktlərin məhsulu kimi deyil, gələcəyə yönəlmiş məqsədlər və irəliləmək arzusu ilə formalaşan aktiv bir dinamika kimi izah edirdi.

Bu baxış bucağında Adlerin “natamamlıq duyğusu” nəzəriyyəsi insan inkişafının başlanğıc nöqtəsi kimi xüsusi yer tutur. İnsan həyatının erkən mərhələlərində həm fiziki, həm də psixoloji baxımdan zəifliyini dərk edir və bu özünüdərk onda yetərsiz qalmaq hissi yaradır. İlk baxışda xoş olmayan bu duyğu Adler üçün patologiya deyil, əksinə, inkişafı hərəkətə gətirən təbii və qaçılmaz bir mexanizmdir. İnsan məhz bu hiss vasitəsilə özündə nəyinsə çatmadığını anlayır və özünün daha bacarıqlı, daha güclü, daha bütöv bir versiyasına doğru yüksəlmək ehtiyacı hiss edir.

İnsanın davranışlarını formalaşdıran əsas qüvvə, keçmişdə baş verənlər deyil, gələcəyə dair arzuları və məqsədləridir.

Alfred Adler

Bir anlığa təsəvvür edək ki, natamamlıq duyğusu ümumiyyətlə mövcud deyil. Bu halda insan başqaları ilə müqayisədə harada dayandığını düşünməz, inkişaf etməyə ehtiyac hiss etməz və irəli getmək üçün daxili stimul tapmazdı. Reallıqda isə özünü digərləri ilə müqayisədə natamam və ya yetərsiz hiss edən fərdlər qarşılarına bir məqsəd qoyurlar. Bu məqsəd özünü təsdiq etmək, çatışmayanı tamamlamak və daha irəli getməkdir. İnkişafa doğru bizi hərəkətə gətirən əsas qüvvələrdən biri məhz bu duyğudur. Adler natamamlıqdan inkişaf yoluna çıxan bu psixi prosesi “kompensasiya” adlandırmışdı.

Məhz bu nöqtədə Adler “üstünlük cəhdi” anlayışını irəli sürür. Buradakı üstünlük başqalarından üstün olmaq istəyi deyil. Bu, insanın öz məhdudiyyətlərini aşmaq, potensialını reallaşdırmaq və həyat qarşısında daha dayanıqlı bir mövqe tutmaq cəhdidir. Natamamlıq duyğusu hərəkətverici enerji rolunu oynayırsa, üstünlük cəhdi bu enerjinin istiqamət aldığı inkişaf hədəfidir. Sağlam psixoloji inkişaf bu iki anlayışın bir-birini tamamladığı zaman mümkün olur.

Lakin inkişaf yolu hər zaman rəvan olmur. Əgər uşaqlıq dövründə fərd hədsiz ərköyünlük, laqeyd münasibət və ya fiziki qüsurlar səbəbindən natamamlıq duyğusunun ağırlığı altında əzilərsə, bu hiss inkişaf vasitəsi olmaqdan çıxaraq natamamlıq kompleksinə çevrilə bilər. Belə hallarda insan irəli getmək gücünü özündə tapa bilmir və bu daxili ağrını kompensasiya etmək üçün saxta bir özünəinam formalaşdırır. Adler bunu üstünlük kompleksi adlandırırdı. Bu cür fərdlər real inkişaf və nailiyyətlər əldə etmək əvəzinə, başqalarına üstün olduqlarını sübut etməyə çalışır, təkəbbürlü və aqressiv davranışlar sərgiləyə bilirlər.

Müasir kouçinq sənətinin çıxış nöqtəsi də məhz bu natamamlıq duyğusudur. Kouçinq insanın olduğu, lakin özünü natamam hiss etdiyi nöqtədən olmaq istədiyi daha tamamlanmış və şüurlu nöqtəyə doğru etdiyi səyahətdir. Kouçinq bu duyğunu aradan qaldırmağa çalışmır, onu düzgün oxumağa və faydalı istiqamətə yönəltməyə kömək edir. Kouç sualları vasitəsilə insanın “nəyim çatmır” hissini “nəyi inkişaf etdirmək istəyirəm” anlayışına çevirir. Beləliklə, natamamlıq zəiflik kimi deyil, dəyişikliyin və şəxsi inkişafın başlanğıc siqnalı kimi qəbul olunur.

Adlerin nəzəriyyəsi və müasir kouçinq yanaşması bizə eyni həqiqəti xatırladır: daxilimizdəki çatışmazlıq hissi bizi ya tənəzzülə, ya da təkamülə apara bilər. Həlledici olan bu duyğunun mövcudluğu deyil, onu necə anladığımız və hansı istiqamətə yönəltdiyimizdir.

Daxili natamamlıq hissi maneə deyil, əksinə, hələ kəşf olunmamış enerjinin – şəxsi inkişafın əsas yanacağının siqnalıdır. Bu hissi sadəcə çatışmazlıq kimi deyil, düzgün oxuyub yaradıcı gücə çevirmək mümkündür. Lakin bu, təkbaşına keçilməsi çətin bir daxili labirintdir. Onu məhsuldar bir təkamül prosesinə çevirməyin ən sürətli yolu təcrübəli kouçlarla və ya psixoloqlarla işləməkdir.

Peşəkar dəstək mütəxəssisləri sizin üçün yalnız yol yoldaşı deyil, daxili dünyanızın güzgüsüdür. Onlar daxili potensialınızı göstərir, natamamlıq duyğusunun arxasında gizlənən “üstünlük cəhdini” üzə çıxarır və enerjinizi konstruktiv hədəflərə yönəltməyə kömək edirlər. Bu proses yalnız keçmiş yaraları sağaltmaqla bitmir; daxili sarsıntıları fürsətə, qorxuları cəsarətə, boşluqları isə mənalı bütövlüyə çevirir.

Qısası, öz “natamamlıq məktubunuzu” bir peşəkarla oxuyub təhlil etdiyiniz zaman, içindən çıxan mesajın sizi hansı zirvələrə dəvət etdiyini aydın şəkildə görəcəksiniz.

Müəllif: Elçin Əzimli
Yazıçı, biznes kouç və təlimçi
AR Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü
“Dan ulduzu” və “Çağrı” romanlarının müəllifi

 

2 şərh var

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.