coaching.az |

2018-ci ildə xoşbəxtliyə dair mülahizələrim

Məndən tez-tez soruşurlar ki, uğurun açarı nədir? Cavabım isə hər zaman sadə olur: xoşbəxtlik. Xoşbəxtlik hər kəsin məqsədi olmalıdır, lakin bəzən bunun çoxları üçün əlçatmaz olduğunu – həyata baxışı dəyişdirən zehni sağlamlıq problemi olanlar üçün – anlayıram.

Bir neçə il əvvəl Zehin kitabı üçün bir bu məktubu yazmışdım. Bu mətni yenidən oxudum və bu gün üçün aktual olan nə qədər ifadəyə rastladım. 2018-ci ildə kimlərəsə həqiqi xoşbəxtliyi tapmaqda kömək edəcək sətirləri yenidən paylaşmaq qərarına gəldim.

Əziz naməlum şəxs,

Sən məni tanımırsan, amma sənin çətin vaxtlar keçirdiyini eşitdim və sənə kömək qərarına gəldim.  Səninlə tamamilə açıq və səmimi olacağam və icazə ver deyim ki, xoşbəxtlik sadəcə bəzi xüsusi şeylərin bizə gətirdiyi anlıq duyğular deyil. Əgər onun sənin daxilində böyüməsinə imkan versən, O daim sənin ola bilər.

Əsəbi, qorxmuş və qəmgin olmaq normal haldır, əmin ol ki, bunu həyatımda dəfələrlə yaşadım. Ən böyük qorxularımla zaman-zaman qarşılaşdım. Macəra axtarışında olandan ölümə kələk gəldim, sevdiyim insanları itirdim, iş həyatımda uğursuz oldum, auditoriya qarşısında çıxılmaz vəziyyətlərə düşdüm və dəfələrlə qəlbimi qırdılar.

Belə qeyri-adiliklərlə dolu həyat yaşadığım üçün çox şanslıyam və insanların çoxu biznesdəki uğurumu və var-dövlətimin məhz bu səbəbdən olduğunu fərz edir. Amma elə deyil; tam əksinə. Ona görə uğurlu, zəngin və geniş çevrəliyəm ki, xoşbəxtəm.

İnsanlar daim nələrsə etməyə çalışır və bunun sonunda xoşbəxt olacaqlarını düşünürlər, lakin mənim fikrimcə bu, onların yanıldığı məqamdır. Xoşbəxtlik hərəkətlə deyil, varlıqla əlaqəlidir. Xoşbəxt olmaq üçün, şüurlu şəkildə bu haqda düşünməyə ehtiyac yoxdur. “Edilməli işlər” siyahısını daim diqqətdə saxlayın, lakin onun yanında “olmalı”-siyahınızı da yazmağı unutmayın.

Richard Branson | İngilis iş adamı, Virgin Group beynəlxalq korporasiyasının qurucusu

Uşaqlardan tez-tez soruşurlar: “Böyüyəndə nə olacaqsan?” Eşidilməyə öyrəşilən  cümlə: “Böyüyəndə yazıçı/həkim/baş nazir olmaq istəyirəm”.

Və ardınca deyilir: məktəbə get, universitetə daxil ol, iş tap, evlən və sonra xoşbəxt olacaqsan. Lakin bunların hər biri nələrsə etməklə bağlıdır, var olmaqla deyil – və əgər bunları edərkən sevinc dolu bir neçə xoş anlar yaşasanız belə, bu sizi qalıcı xoşbəxtliklə mükafatlandırmaz.

Dayanın və dərin nəfəs alın. Sağlam olun. Dostlarınızın və ailənizin yanında olun. Daim kimin üçünsə var olun və icazə verin kimsə də sizin üçün var olsun. Cəsarətli olun. Sadəcə bir dəqiqəlik, OLUN!

Əgər özünüzə bir anlıq var olmağa icazə versəniz və bu anı dəyərləndirsəniz, xoşbəxtlik daim sizi izləyəcək. Mən sizə öz təcrübələrimdən danışıram. Biznes imperiyası qururuq, planetimizin gələcəyi barəsində müzakirələrə qoşuluruq, xeyli yaddaqalan əyləncəli tədbirlərə gedirik və unudulmaz insanlarla tanış oluruq. Və bütün bunlar mənə möhtəşəm hisslər yaşadır, bu, həqiqi xoşbəxtlik axtarmaq yerinə, sadəcə anı yaşamaq üçün özümü dayandırdığım vaxtlardır. Niyə? Çünki özünüzü olduğunuz vəziyyətin harmoniyasına qərq etmək hadisələrə məna yükləyər. Cəhd edin. Dayandırın özünüzü. Anı yaşayın.

Mənimçün bu, flaminqoların Nekker adasına köç etməsini izləməkdir. Nəvələrimin kiçicik əllərindən ilk dəfə tutmaqdır… Ulduzlara baxmaq və nə vaxtsa onların yanında olmağı xəyal etməkdir… Ailəmin şam yeməyi vaxtı etdiyi söhbətləri dinləməkdir… Tanımdığın birinin üzünə gülümsəməkdir, yağışın qoxusudur, dalğaların ahəngidir, küləyin qumu yaymasıdır… Qışın ilk qar dənəciyi, və yayın son qasırğasıdır…

Məhz bu səbəbdən insan varlığı deyirik, insanın etdikləri yox. İnsan olduğumuz üçün düşünmə, hərəkət etmə, münasibətlər yaratma bacarığımız var. Digər növlərdən fərqli olaraq, əməkdaşlıq edir, anlayış göstərir, vasitəçilik edir, sevgi bəsləyirik.

İnsani bacarıqlarınızı nominal dəyəri olan, yaxud dəyişdirmə imkanınız olmayan şeylərə görə stress keçirməklə boşuna sərf etməyin. Əgər, sadəcə var olmaq üçün zaman ayırsanız və həyatınıza ərməğan edilən meyvələri dəyərləndirsəniz, təşvişiniz azalmağa və xoşbəxtliyiniz artmağa başlayacaq.

Amma, sadəcə işləriniz yolunda olmayanda xoşbəxtlik axtarmayın. Xoşbəxtlik hədəf olmamalıdır, vərdişə çevrilməlidir. Daim nələrləsə məşğul olmaqdan fikrinizi yayındırın, hər gün var olmağa başlayın. Sevgiylə dolu olun, minnətdar olun, yardımsevər olun və düşüncələrinizin müşahidəçisi olun.

Özünüzə anı yaşamağı izin verin və bu anı qiymətləndirin. Nələr etməyə ehtiyacınızın olduğu barədə fikirləri kənara qoyun.

Var olmağa başlayın və sizə söz verirəm, Xoşbəxtlik özü sizi izləyəcək!

Sevgilərlə,
Richard Branson 

 

Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.