Bir nəfər Ömər Xəyyamı camaat arasında təhqir edir:
– Sən kafirsən! Sən əyyaşsan! Bəlkə də oğrusan!
Xəyyam isə bu sözlərə yalnız gülümsəyir. Bu səhnəni müşahidə edən səliqə ilə geyinmiş bir gənc ondan soruşur:
– Belə təhqirlərə siz necə dözürsünüz? Bunlar sizi incitmir?
Xəyyam yenə gülümsəyir və deyir:
– Mənimlə gəl.
Gənc onunla toz basmış bir otağa daxil olur. Xəyyam bir şam yandırıb, otağın bir küncündə qoyulmuş sandıqda eşələnir. Ordan heç nəyə yaramayan cırıq-sökük bir nimdaş paltar çıxarıb, gəncin üstünə atıraq deyir:
– Bunu əyninə yoxla. Məncə, sənə uyğun gələr.
Gənc paltarı tutur, o yana-bu yana çevirib baxır, sonra da hirslə geri tullayaraq cavab verir:
– Deyəsən, sən dəli olmusan! Bu cır-cındır nəyimə lazımdır? Mən heç belə paltar geyinənə oxşayıram?
– Bax görürsənmi, – Xəyyam cavab verir, – sən bu nimdaş paltarı geyinmək istəmədin. Mən də eləcə bir az əvvəl gördüyün adamın mənim ünvanıma atdığı söyüşləri özümə götürmədim. Söyüşlərə incimək – bizə tullanan cır-cındırı əyninə yoxlamağa bənzəyir.

 
            



 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                


 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                 
		                