coaching.az |

İnsana nə lazımdır?

Bir zamanlar adı tamahkarlıqla qoşa çəkilən gənc bir tacir var idi. Onun xəzinəsi qızılla dolsa da, ruhu mənəvi quraqlıq içində idi. Hər dəfə mülklərinin sayını artıranda və ya yeni karvanlarını üfüqlərə doğru yola salanda, daxilindəki o amansız boşluğun bu dəfə dolacağına ümid edirdi. Lakin tapdığı xoşbəxtlik saman alovu kimi bir anlıq parlayıb sönür, yerini daha qaranlıq bir hərisliyə və bitmək bilməyən bir təşvişə buraxırdı.

Bir gün o, dağın ətəyində yaşayan qoca bir müdrikin yanına getdi və soruşdu:

-Ey pir, mənə yol göstər! İnsana həqiqətən nə lazımdır? Əllərim doludur, amma ruhum acdır. Doymaq bilmirəm, bu aclığın sonu haradadır?

Müdrik qoca heç nə demədi. Səssizcə ayağa qalxıb taciri yaxınlıqda axan çayın kənarına apardı və ona bir tuluq uzadıb dedi:

– Bu tuluğu çayın suyu ilə doldur.

Tacir onun sözün qulaq asıb tuluğu su ilə doldurdu. Qoca dedi:

– İndi isə de mənə, sənə bu çayın hamısı lazımdır, yoxsa sadəcə tuluqdakı su?

Tacir təəccüblə cavab verdi:

– Əlbəttə, mənə sadəcə tuluqdakı su lazımdır. Çayın qalanını neyləyirəm ki? İstəsəm də içə bilmərəm, yerdə qalan suyu da daşıya bilmərəm.

Müdrik qoca dedi:

– Bax, insanın həyatı da bu çay kimidir. Dünya imkanlarla, sərvətlərlə dolu nəhəng bir çaydır. Amma insana lazım olan o çaydan sadəcə bir tuluq sudur – yəni ehtiyacı qədəri. İnsan o çayın hamısına sahib olmaq istəyəndə onun sularında boğulur, amma ehtiyacı olanı alanda susuzluğunu yatırır. Sənin bədbəxtliyin tuluğunun boş olmasında deyil, gözünün bütün çayda qalmasındadır.

Tacir bu sözlər qarşısında dərin düşüncəyə dalmışdı. Qoca əlavə etdi:

– Bu həyatda insana üç şey lazımdır: Gözünü doyuracaq qədər şükür, qarnını doyuracaq qədər ruzi və ruhunu doyuracaq qədər sevgi. Bunlar varsa, sən dünyanın ən zəngin insanısan. Çayın qalanı isə sadəcə mənzərədir.

Qocanın sözləri taciri heyrətləndirmişdi; çay yenə həmin çay, su yenə həmin su idi. Amma artıq o, başqa cür baxırdı.

© 2025 · coaching.az

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.