coaching.az |

W. Buffet şəxsi pilotuna hədəf seçməyi bucür öyrətdi. 25-5 Metodu!

Diqqətimizin saysız hesabsız, bizə maraqlı gələn app-lar, oyunlar, sosial media hesablarımız, var-dövlət gətirəcəyəni eşitdiyimiz ideyalar, startup qurma xəyallarımız kimi bir çox meyarlar tərəfindən ciddi hücuma məruz qaldığı bu günlərdə, bu mesajı diqqətlə oxumaq və təkidlə tətbiq etmək bizə ciddi fərqlə üstünlük qazandıracaqdır.

Bugünün ən dəyərli veriləni, ən önəmli resursumuz diqqətimiz, cəmləşməyi bacarmağımızdır. Bunu qoruyub düzgün istifadə edə bilsək, zəmanəmizin uğurlularından, xoşbəxtlərindən olarıq. Əks təqdirdə isə, ömrümüzü gözləri uzaqlaşan hədəflərə zillənmiş,  “Kaş ki”-lərlə yaşayan, həsrət çəkən Diqqət İqtisadiyyatının qurbanları kimi başa vurarıq.

İlk öncə, bu yazıda vermək istədiyim mesajın tam anlaşılmasını təmin etmək üçün iki sizə sualım var:.

1. Son bir il ərzində qarşınıza hansı hədəfləri qoyduğunuzu, hansı layihələrdə iştirak etdiyinizi, və iştirak etmək istədiyiniz neçəsində bunun alınmadığını yadınıza salın. Hansı sahələrlə maraqlanırsınız? Hansı sahəyə keçsəniz, daha çox pul qazanacağınızı və mənən də məmnun olacağınızı düşünürsünüz?

2. Bir qədər fərqli bir sual: Son 3-5 il üzərində işlədiyiniz layihə, əldə etmək istədiyiniz, çatmaq istədiyiniz bir hədəf varmı? Burada “son 3-5 il” dedikdə, fasiləsiz, həftələrlə, aylarla hansısa bir ideyanı reallaşdırmaq üçün əmək sərf etdiyiniz bir dövrü nəzərdə tuturam. Bir müddət üzərində işləyib, sonra başqa işlərlə məşğul olduğunuz, təkrar başladığınız, beləcə keçirdiyiniz 3-5 illik dövrü yox.

Başlayıb, fasilə vermədən, hər gün, həftələrlə, aylarla üzərində işlədiyiniz nəsə olubmu? Ondan ayrılmadan, diqqətinizin dağılmasına, cəmləşmək (fokus/konsantrasya) bacarığınızın pozulmasına imkan vermədən üzərində işlədiyiniz bir layihə, çatmaq arzusunda yaşadığınız hədəf, məqsəd olubmu?

Bunu bacaran adam çox azdır. Əgər bacarmısınızsa, həyatınızda bir zaman çox arzuladığınız nəyisə artıq reallaşdırmış olduğunuzu düşünürəm. Əgər bacarmamasınızsa, onda, yəqin ki, fikrinizdə müxtəlif, həyacanlandırıcı xəyallarla, sizə sərvət gətirəcəyini düşündüyünüz niyyətlərlə hələ də yaşayırsınız.

Qarşıya bir hədəf qoymaq və bu hədəf naminə fasiləsiz çalıaşmaq, mübarizə aparmaq və müvafiq nəticə əldə edənə qədər dayanmamaq, zəfərin, qalibiyyətin gözardı edə bilməyəcəyimiz ən qədim qaydalarıdır.

“Bunun Baffetin pilotuna olan məsləhəti ilə əlaqəsi nədir?” deyə soruşursuz yəqin və indi bunu da açıqlayım.

Bir gün Baffet Stiv adlı şəxsi pilotuna “Hələ də mənimlə işləməyin, işimi, üzərimə düşəni düzgün etmədiyimi deyir mənə. Hazırda sənin öz hədəflərini, xəyallarını izləməyin, onlar üçün işləməyin lazımdır.”

Bu barədə ona kömək etmək üçün Baffet pilotuna onun həyatda etmək istədiyi ən önəmli 25 şeyi yazmağı tapşırır. Sonra isə ondan siyahıdakı 25 hədəfdən daha vacib olan beşini seçməsini istəyir.

Bu mərhələ tamamlanandan sonra Baffet: “Yerdə qalan 20 hədəfi nə edəcəksən? Bunlarla bağlı planın nədir?” deyə soruşur. Stivin cavabı belə olur: “Ən vacib 5-lik üzərində cəmləşəcəklərimdir, yerdə qalan 20 hədəfə gəlincə, bu beş əsas hədəfimə yaxınlaşdıqda, onlarla da məşğul olacağam, onları da reallaşdırmaq üçün çalışacağam.”

Burada cənab Baffet ciddiləşir və deyir: “Stiv, səhf anladın, fikrimi almadın. Siyahıda dairəyə almadığın şeylər “nə olursa olsun qarşısı alınmalılar”siyahısıdır. Nə olursa-olsun, əsas 5 hədəfində uğurlu olmayana qədər, bunlara diqqət yetirməyəcəksən. 5-likdə cəmləşəcəksən, bunlarla məşğul olmayacaqsan.”

Yəqin ki, artıq bu yazının məqsədi olan əsas fikri anladınız?!

İlk sətrlərdə vurğuladığım kimi ən önəmli və üzərində təsir gücümüz olan resurslarımızdan biri diqqətimizdir, cəmləşmək bacarığımızdır. Bunu düzgün idarə edə bilsək, bundan istifadədə mümkün qədər strateji, uzaqgörən olsaq, xəyallarımızı həyata keçirmək şansımızı artırmış olarıq.

Bu yanaşmanı belə bir sadə riyazı düsturla da ifadə edə bilərik:

Az sayda hədəf üzərində uzun müddətə əsaslı surətdə cəmləşmiş, strateji uzaqgörənliklə istifadə olunmuş diqqət = reallaşmış xəyallar.

Bəlkə siz də Stiv kimi edəsiniz? Yəni reallaşdırmaq, əldə etmək istədiyiniz 25 hədəfinizin siyahısını tutun, daha sonra, bunların arasından reallaşdıracağınız təqdirdə sizin üçün böyük nəticələri olacaq əsas beş hədəfi seçin.

Bundan sonra var gücünüzlə, diqqətinizlə, cəmləşmək bacarığınızla həmin hədəflərə çatmaq üçün çalışmağa başlayın.

Unutmayın, əvvəlki yazıda (S. Jobs bu tövsiyəni sizə versəydi nələrə “YOX” deyərdiniz?) da vurğuladığım kimi, həmişə ayıq-sayıq olmaq vacibdir. Bizə maraqlı görünəcək, bizi bu ən önəmli hədəflərdən yayındıracaq yeni və dəfən-dəfən qarşımıza çıxacaq imkanlara, fürsətlərə, əla ideyalara və layihələrə “YOX” deməliyik ki, seçdiyimiz beş hədəfə ömrümüz başa çatmamış çataq.

Dahi Nizaminin dediyi kimi,
“Mahir bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan”

Bir çox fərqli sahədə nələrisə bilməkdənsə, az sayda işin “ƏN”İ, SUPERSTARI OLMAĞI NİYƏ DƏ HƏDƏFLƏNMƏYƏSİNİZ?

İsmayıl Vəliyev | Harvard Universiteti

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.