Ürəyimiz bel çantası kimidir. İçinə ancaq müəyyən qədər əşya – hiss, xatirə, enerji yerləşir. Onu keçmişin ağrıları, inciklikləri, peşmanlıqlarıylamı doldurursan, yoxsa ümidlərlə, sevgiyilə, optimizmlə? Enerjini keçmişdə baş vermiş pis hadisəni təkrar-təkrar xatırlamağamı sərf edirsən, yoxsa gələcək haqda gözəl planlar qurub onları gözünün önündə canlandırmağamı? Sənin xətrinə dəyən adam haqda daha çoxmu düşünürsən, nəinki səni sevən insanlar haqda?
Sevmək lazımdır. Bacardıqca çox sevmək lazımdır. Çünki, sevgidə böyük qüvvə vardır və çox sevən insan həyatda çox şeyə qadirdir. Sevgi ilə edilən işlər isə daha gözəl olur.
Van Gogh – “Teo qardaşa məktub”
Ürəyində nə qədər lazımsız yük daşıyırsan? Bunları daşıdıqca ağırlaşırsan, qəlbində gözəl düşüncələrə yer qalmır. Bu gün ürəyini təmizlə. Nifrətdən, paxıllıqdan, peşmanlıqdan, pessimizmdən təmizlə. Bağışla. Unut. Həyat qısadır. Enerjini, ömrünü səni xoşbəxt edən düşüncələrə xərclə. Səni xoşbəxt etməyən yükləri isə tulla getsin. Bizi çox incidən insanları bağışlamaq çətindir, amma öz rahatlığın üçün bağışla. Bu Şənbə gününü otağını yox, ürəyini təmizləməyə sərf elə…
Müəllif: Şəbhəm Nəcəfova
© 2018 · coaching.az