coaching.az |

Ubuntu nədir?

Afrikada çalışan bir antropoloq araşdırma apardığı qəbilənin uşaqlarına oyun oynamağı təklif edir. Oyun çox bəsitdir – uşaqları bir cərgəyə düzür və deyir ki, hər kəs var gücü ilə qarşıdakı ağaca doğru qaçacaq. Qalib – ilk çatandır və ağacın altındakı gözəl meyvələr onun mükafatıdır.

Qaydaları izah etdikdən sonra antropoloq oyunu başladır. Ancaq, rastlaşdığı səhnə onu heyrətləndirir – uşaqlar əl-ələ tutaraq ağaca doğru birlikdə qaçırlar və hədəfə birlikdə çatdıqları üçün meyvələri oturub bir yerdə yeməyə başlayırlar. Antropoloq uşaqlardan nə üçün belə etdiklərini soruşanda heyrəti daha da artır: “Biz “Ubuntu” etdik. Yəni, fərdi olaraq yarışsaydıq, sadəcə birimiz qalib gələrdi. Başqaları xoşbəxt olmadığı halda bir nəfər tək başına meyvəni necə yeyə bilər? Ancaq, biz Ubuntu edərək meyvəni hamımız yedik. Ubuntu bizim dilimizdə “Mən, biz olduğumuz zaman Mən’əm” deməkdir”.

Ubuntu – etik və humanist fəlsəfənin insanlar arasında qarşılıqlı empatiya, vəfa və bir-birinə loyallıq anlayışlarına üstünlük verən Cənubu Afrika yanaşmasıdır. Bu fəlsəfə başqalarına qarşı mərhəmətli, şəfqətli və xeyirxahlıq kimi insani dəyərlərə söykənir və Cənubu Afrika Respublikasının əsas prinsiplərindən biri sayılır.

Afrikada kiməsə yüksək qiymət veriləndə deyirlər ki, “Yu u nobuntu” – “Bu insan ubuntuya sahibdir”. Bu o deməkdir ki, təriflənən insan alicənab və səxavətlidir və başqalarının qeydinə qalan şəxsdir.

Afrikalı din xadimi Desmond Tutu (CAR-ın ilk qaradərili yepiskopu, 1984-cü ildə Nobel Sülh Mükafatını almışdır) özünün “Bağışlanma olmadan gələcək yoxdur” adlı kitabında qeyd edir ki, Ubuntuya inanan bir insan ünsiyyətə açıqdır və başqalarını qəbul edir. Başqaları yaxşı və istedlı olduğunda özünü təhlükə altında hiss etməz. Onun daha böyük bir bütünün parçası olduğunu bilməkdən yaranan özünəinamı var və başqaları zülmə uğradığı, təhqir olunduğu zaman özünün də təhqir olunduğunu hiss edir və onlar üçün dua edir.

Desmond Tutu Cənubi Afrika Respublikasında qaradərililərə qarşı yönələn Aparteidlə mübarizəsində zorakılığa deyil, məhz Ubuntundan irəli gələn humanist prinsiplərə üstünlük vermişdi.

Ubuntu fəlsəfəsinə görə hər bir fərdin insanlığı digərləri ilə ünsiyyətində öz mənasını tapır. Ubuntu – insan ancaq başqa insanların vasitəsi ilə insan olur deməkdir. Ubuntu eyni zamanda hər bir vətəndaşın fərdi və ictimai rifahının yüksəldilməsi üçün insanların öz aralarındakı bağlılıqlarına fokuslanan humanist fəlsəfə qoludur.

Afrikanın bəzi qəbilələrində qəbilə üzvlərindən biri səhv iş gördükdə onu kəndin mərkəzinə aparıb dairəyə alırlar və iki gün boyunca onun o vaxtadək etdiyi gözəl şeyləri xatırlayıb, sadəcə bu barədə danışırlar. Onlara hər bir insan təbiətcə yaxşı doğulub və bəzən səhv edə bilərlər. Afrikalılar yoldaşlarının səhvlərinə görə üzülür və birlikdə səhvin qaldırılmasına çalışırlar. Bu ritualın məqsədi insanı öz təbii yaxşılıqlarına qayıtması üçün həvəsləndirirməkdir. Onlar həvəsləndirmənin cəza və utandırmaqdan daha böyük gücə sahib olduğuna inanırlar. Ubuntu budur – başqalarına qarşı empatiya və insanlıq nümayiş etdirmək.

Zimbabveli yazıçı və jurnalist C.T. Samkanc Ubuntunun prinsiplərini sistemləşdirməyə çalışmışdır. O, üç ən vacib məqamı belə vurğulamışdır:

  • İnsan olmaq – başqalarındakı insanlığı qəbul etməklə və bunun əsasında onlarla hörmətə dayalı insani münasibətləri qurmaqla – öz insanlığını təsdiq etmək mənasına gəlir.
  • Kimsə var-dövlət qazanmaq və başqa insanın həyatını qorumaq arasında seçim qarşısında qalsa, insan həyatını qorumağı seçməlidir.
  • Kral öz statusunu xalqına borcludur.

2011-ci ildə Nobel Sülf Mükafatı alan Liberiyalı hüquq müdafiəçisi Roberta Qbovi Ubuntu prinsiplərinin ən geniş tərifini vermişdir: “Mən, biz olduğumuz üçün varam.”

© ALPHA 2016
Materialdan istifadə zamanı bu məqalənin müəllifi ALPHA Coaching & Consulting şirkətinə istinad vacibdir.

Comments

comments

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.