Dəyərli oxucu, bu yazını oxuyarkən, fikirlərimi birbaşa doğru hesab etmək yerinə, mənimlə birlikdə düşünərək, öz qənaətinizə gəlməyinizi istəyirəm. Və fikirlərimi sizə daha yaxşı çatdırmaq üçün ilk öncə davamlılıq və nizamın həyatımızdakı rolu haqda məlumatlanmağınızı zəruri hesab edirəm.
Ətrafa baxsaq, dünyanın və kainatın ölçüyə gəlməyəcək qədər böyük və təsnif oluna bilməyəcək qədər çoxşaxəli, yenilik dolu olduğunu görərik. Bununla belə, dünya nizamsızdırmı? — Deyil. Var olduğumuz bu nəhəng məkanda mövcud olan hər şeyin bəlli yeri və xassəsi olduğunu, hər şeyin bəlli bir qanunauyğunluğa uyduğunu bildiyimizdən bu nizamı anlamağa çalışırıq. Çünki, bununla həm də varlığımızın səbəbini biləcək və varlığımızın mahiyyətini aydınlaşdıracağımıza inanırıq. Bununla belə, dünyanı hər öyrəndikcə, onun haqqında hələ nə qədər az bildiyimizin şahidi oluruq.
Bəşəriyyətdə hər şey bu qədər nizamlı ikən, bəs niyə biz insanlar ömrümüzü kortəbii yaşamaqdayıq?
Belə bir misal üzərində düşünməyiniizi istəyirəm: İnsan sivilizasiyası olaraq inkişafımızın ən yüksək mərhələsində olduğumuza inanırıq. O qədər inanırıq ki, bəzən piramidaların insan əməyinin nəticəsi olduğuna belə inanmaq istəmirik. Bəs düşündükmü ki, biz insanlığın inkişafının heç də ən yüksək pilləsində deyilik? Bəlkə biz indiyədək bundan çox daha böyük nailiyyətləri artıq əldə etmişik? Təkcə qədim dövrdə Hindistan yarımadasında burun əməliyyatı, Misirdə cərrahiyyə əməliyyatları aparıldığını ən azından sənədli filmlərdən bilirik. Dərin, ağır elmi kitablar oxumadan da bilirik ki, tarix boyunca günümüzdən daha yüksək intellektual və günümüzün nailiyyətlərindən daha böyük uğurlarımız olub.
Bəs niyə bu gün həmin nailiyyətlərimizdən daha yüksək pillərdə deyilik, hətta bəlkə də geridəyik? Bunun səbəblərindən ən önəmlisi davamlılığın olmamasıdır. Biz nəsildən-nəsilə məlumat ötürməyin əhəmiyyətini bilsək də, bunu dərk etmirik. Ən sadə misal: ailəmizdə təkcə bir insan ömrü qədər (övladlarımız) bir dövr ərzində sükunətə qərq olsaq, bir sonrakı nəsil (nəvələrimiz) insanlığın inkişafının başlanğıc mərhələsində olacaq. Və bir də baxın ki, Misir piramidaları ərsəyə gətirən zəkalar ən az 4000 il əvvəl yaşamışdır. Əgər insanlığın bu bilikləri günümüzədək inkişaf edərək gəlib çatsaydi, filmlərdə gördüyümüz ən fantastik və utopik nailiyyətləri bəlkə də çoxdan reallaşdırmışdıq… Sırf, məlumat bir sonrakı nəsillərə uğurla ötürülmədi və ya davamlılıq olmadı deyə, bəşəriyyət neçə-neçə nailiyyətlərini yenidən əldə etməli oldu.
Bu gün xüsusən də ölkəmizdə əksər şirkətlərdə, əksər ailələrdə, gündəlik həyatımızda, təhsilimizdə və ağlımıza gətirə biləcəyimiz istənilən növ layihələrin çoxunda ən vacib problem davamlılığa meylli olmamağımızdır. Bu səbəbdəndir ki, hədəflər qısamüddətli, nailiyyətlər daha kiçikdir. Və şübhəsiz, inkişaf istiqamətimiz bu gedişlə yüksəklərə deyil, məhz enişə doğru istiqamət alır. Hətta ən çox “özünü tutmuş” şirkətlər və gəliri yüksək olan ailələrin arasında belə davamlılığa meylli olmayanların uğurlarının ömrü bəlli bir perioddan ötəyə keçə bilmir.
Bir də özünüz düşünün: Zəngin bir ailədə övladların zəngin ola biləcək zəkada yetişməməsi qədər tənəzzülə meylli başqa gedişat ola bilərmi? Yaxud insanların milli kimliklərini bəlli edən ana dillərinin bir sonrakı nəslə ötürülə bilməməsi qədər milliyyəti yox etmək qədər süquta istiqamətlənmiş başqa bir laqeydlik nümunəsi ola bilərmi? — Əsla! Davamiyyəti ciddiyə almadığımız müddətcə, gününümzdəki vacib informasiyanı bizdən sonrakılara ötürmədikcə, övladlarımızı, nəvələrimizi, bizdən sonra gələn hər kəsi tənəzzülə məruz qoymuş oluruq. Halbuki, instinkiv olaraq bu dünyada mövcud olmağa, nəsillərimizin davam etməsinə meylli deyilikmi?
Sonsuz yaşamaq və ölümsüzlüyə gəlincə isə, ölümdən sonra daha gözəl bir dövr yaşayacağımıza inanan ən imanlı insanlarımız belə ölümdən az da olsa qorxar. Hər birimiz var olmaq, ölümsüz olmaq istəyirik. Bəs ölümsüz olmaq istəyimiz bioloji olaraq var olmaq istəymizlə eynidirmi?
Əgər özümüzü daha yaxından tanımağa çalışsaq, bəlkə də görərik ki, “var olmaq hissi”-ni bizə yalnızca bioloji olaraq yaşamağımız vermir. Buna əmin olmaq üçün gündəlik həyatımıza baxmağımız kifayətdir.
Yaşayırıq, bəs var olduğumuzu nə dərəcədə hiss edirik? Demək ki, varlığımızı, bir başqa sözlə ölümsüzlüyümüzü hiss etməyimizin yolu başqadır. Təsəvvür və hiss etməyə çalışın ki, bu gün etdiyiniz hər hansı bir işin sizdən sonra yüz illər, hətta min illər boyunca davam edəcəyinə və adınızı yaşadacağına əminsiz. Bəs bu zaman var olduğunuzu, ölümsüzlüyünüzü hiss edərdinizmi?
Adı və əməlləri bu günədək gəlib çatmış və insanların davamlı şəkildə xatırladığı, bir sözlə, bu gün belə aktual olan tanınmışları və dahiləri ölümsüz adlandırırıq. O zaman niyə biz də belə olmayaq? Niyə bizim nailiyyətlərimiz də bir sonrakı nəsillərə ötürülməsin? Niyə fiziki olaraq bəlkə də yox olan, lakin ölümsüz olan latın xalqı kimi biz də sonsuza qədər var olmayaq?
Bəlkə də insanlar olaraq təkcə sabahımız üçün deyil, on illər, yüz illər, bəlkə də min illər sonrası üçün çalışmalıyıq. Bəlkə min il sonrasının nailiyyətini əldə etməyəcəyik, lakin ən pis halda 50 illik bir nailiyyətimiz və bundan ilham alaraq daha böyük nailiyyətlər əldə edən gələcək nəsillərimiz olacaq. Bütün bunları bizə təmin edəcək olan davamlılıq və nizamdır. Niyə bu yazılanlar xəyal deyil də, real olmasın?
“Ölümsüz” olmanız diləyi ilə.
© 2017 · coaching.az ·