Bir kouç olaraq, tez-tez məndən rəhbərlərin kouçinqi (Executive Coaching) və həyat kouçinqi (Life Coaching) arasında hansı fərqlərin olduğunu soruşurlar. Sualı bir az da genişləndirsək, bura liderlik, biznes, sağlamlıq və digər kouçinq növlərini də daxil edə bilərik. Müxtəlifliklər və oxşarlıqlar sizi təəccübləndirə bilər.
Rəhbərlərin kouçinqi və ya həyat kouçinqinin spesifik, konkretləşdirilmiş və fərqli növ kouçinq olduğunu düşünmək yanlış anlaşılmadır. Əslində onların heç bir fərqi yoxdur.
Kouçlar müştəri cəlb etmək üçün kouçinq sözünün qarşısına bu ifadələri artırırlar. Bununla öz kouçinq xidmətlərini digərlərinin xidmətindən fərqləndirmək istəyirlər.
Səbəbi isə sadədir. Şirkət rəhbərinin diqqətini “rəhbərlərin kouçinqi”, yaxud “liderlik kouçinqi” ilə cəlb etmək daha asandır, xüsusilə bütün əlaqədar xərcləri qarşılaması üçün idarəetmə şurasının imzası tələb edilirsə. Sahibkar isə ehtiyaclarının müəyyən etmək üçün “biznes kouçinqi“ daha cazibəli görür. İş-həyat balansı axtaran biri üçün isə hər hansı biznes kouçinqi maraqlı deyil, bunun əvəzinə o bir “həyat kouçu” axtarır.
Yuxarıda qeyd etdiyimiz bütün kouçinq tipləri eyni kökdən gəlir.
Kouçinqin nə qədər uğurlu olmasını onun tətbiqi və nəticələrinə əsasən söyləmək olar. Kouçinq fərdin? yaxud bir qrup insanın qarşısına qoyduğu hədəflərə bütöv şəkildə çatmaq üçün edilən məqsədli ünsiyyətdir. Beynəlxalq Kouçinq Federasiyası (ICF) dünyadakı ən böyük kouçinq federasiyasıdır. Federasiyanın çox ciddi yanaşdığı, bütün peşəkar kouçların qəbul etdiyi, kouçinq sessiyaları zamanı tətbiq etdikləri 11 Əsas Səriştə var.
Bunlardan bir neçəsinə nəzər salaq:
- Kouçlar danışmır, onlar dinləyir;
- Kouçlar hazır məlumat vermir, suallar verir;
- Kouçlar ideya irəli sürmür, onlar bu ideyaların müştəri tərəfindən yaranmasına təşviq edir;
- Kouçlar öz hekayələrini paylaşmır, müştərinin təcrübəsinə istinad edir;
- Kouçlar həllər vermir, müştərinin daha geniş düşünməsini təmin edir;
- Kouçlar məsləhət vermir, müştəriyə seçim etmə səlahiyyəti verir.
Özünüzü rəhbər, yaxud həyat kouçu adlandırmağınızdan asıllı olmayaraq, seans zamanı bu və digər kouçluk səriştələrinizi tətbiq edəcəksiniz.
Bəs həyat kouçunun xüsusiyyətləri nədir?
Həyat kouçunu ona görə belə adlandırırlar ki, müştərinin ehtiyac fokusu onun fərdi təbiəti ilə bağlıdır. İş yerində necə daha da məhsuldar olmaqla bağlı peşəkar inkişafınızı təmin etmək əvəzinə, həyat kouçu sizə daha çox həyatınızda üzləşdiyiniz çətinliklərin dəf edilməsində yardımçı olur.
Əsas kouçinq mövzularına aşağıdakılar daxildir:
- Köklü şəkildə şəxsi dəyişikliyə təşviq;
- Münasibətlərin yaxşılaşdırılması;
- Həyatın mənasını tapmaq;
- Vacib qərarların qəbulu;
- Ruhən inkişaf etmək;
- Maliyyə azadlığı;
- Dünyaya daha böyük təsir etmə;
- Stressin azaldılması;
- Ailədə, yaşayış yerində, yaxud işdə baş verən dəyişikliyə uyğunlaşmaq.
Ən çox yayılan kouçinq sessiya mövzuları kimi bunlar sadəcə aysberqin görünən tərəfidir. Bu mövzulara heç bir məhdudiyyət yoxdur və müştəriniz istənilən mövzu ilə əlaqəli kouçinq sessiyası xahiş edə bilər.
Rəhbərlərə yönəlik kouçinqin isə korporativ bir ruhu var.
Mütəmadi olaraq nəticələr ortaya qoymaq gözlənildiyi üçün, bəzən rəhbərlər birbaşa onlara aid olmayan mövzuları göz ardı edə bilər. Rəhbərlər bacarıqlı və uğurlu insanlardır, bu səbəbdən daim öz performanslarını artırmağa meyllidirlər. Onların üzləşdiyi çətinliklər sonradan daha əhəmiyyətli nəticələr doğura bilər. Hətta, kiçik səhvlər belə şirkətə milyonlarla dollar və yüzlərlə iş yeri bahasına başa gələ bilər.
Rəhbərlərlə kouçinq öz təbiəti etibarilə xeyli enerji, vaxt və səy tələb edən bir proses ola bilər. Rəhbər şirkətdə nə qədər yüksək vəzifədədirsə, zaman tələb edən proseslər üçün onun bir o qədər az vaxtı və səbri var. Buna görə, rəhbərlər kouç və onun arzu edilən nəticə ortaya qoyma bacarığına hörmət etməlidir.
Üst səviyyəli liderlər üçün 10 ən vacib kouçinq mövzusu aşağıdakılardır:
- Özünüdərketmə;
- İnsanlar arası münasibətlər, dinləmə bacarığı və empatiya;
- Təsiretmə bacarığı;
- Dəyişikliklər zamanı idarəetmə;
- Ünsiyyət bacarığı;
- Motivasiya və öhdəçilik, vizyon və məqsədə uyğun istiqamətləndirmə;
- Effektiv komanda quruculuğu;
- Strategiya və strateji düşünmə;
- Qeyri-müəyyənlik və onunla işləmə bacarığı; qərar qəbuletmə;
- Mentorluq, daxili bacarıqların inkişafı, varislik.
Sherpa sorğu anketinin nəticələrinə əsasən həyat kouçuna rəhbərlərlə işləyən kouçdan iki dəfəyə qədər az ödəniş edilir. Bunun əsas səbəbi ona müraciət edənlərin 61%-nin məbləği şəxsi büdcələrindən ödədiyi halda, rəhbərlərə yönəlik kouçinq alanların cəmi 10%-i bunu edir. Çox güman ki, korporativ büdcəyə sahib olduqda, daha çox xərcləməyə həvəsli olursunuz.
Və sonda, bütün kouçlar üçün ən önəmli faktor onların peşəkar kouçinq bacarıqlarına sahib olmasıdır. Növbəti addımda onlar kouçinqdə ekspertləşmə səviyyələrini təkmilləşdirəcək və auditoriyasını arzu olunan nəticəni əldə etməyə istiqamətləndirəcək.
Müəllif: Dr. Keith E. Webb | Professional Certified Coach
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2018 · coaching.az