Özünüzü dərk etmədən yaxşı lider ola bilməzsiniz.
Güclü xarakterin altında özünüdərketmə yatır, o bizə məqsədlərimizi dürüst, açıq və etibarlı idarə etməyimiz üçün yol göstərir. O, bizim uğur və uğursuzluqlarımızın səbəbini izah edir. Bizə kim olduğumuzu daha yaxşı başa düşmə fürsəti yaradır. Özünüdərketmə vasitəsilə digər insanlardan fərqli olaraq, ən çox nəyə ehtiyacımızın olduğunu müəyyən edib, liderliyimizdəki çatışmazlıqları düzəldə bilərik.
Qarşımızda dayanan sual isə budur ki, bəs bu bacarığı necə inkişaf etdirilib, təkmilləşdirə bilərik. Bunun üçün bir çox üsul var. Aşağıda bunlardan ən yaxşı beşini qeyd edirik.
Meditasiya. Bəli, bəli, meditasiya edin. Hamının bildiyi kimi, meditasiya idəretməni anbaan artıran ən yaxşı üsullardan biridir. Meditasiyaya nəfəs almağınıza və verməyinizə fokuslanmaqla və bu prosesin sadəliyini qiymətləndirməklə başlaya bilərsiniz. Eyni zamanda, bunun formal, yaxud ritual olması vacib deyil – aydın fikirlər adi vaxtlardakı fasilə və reaksiyalar zamanı da gələ bilər. Öz təcrübəmdən danışsam, mən adətən yatmazdan əvvəl bir az vaxt ayırıb nəfəsalmaya fokuslanıram. Bəzən bu zaman köməkçi mobil tətbiqlərdən də istifadə edirəm. Meditasiya zamanı aşağıda qeyd olunan sualların bəzilərinə cavab tapmağa çalışıram:
- Nəyə nail olmağa cəhd edirəm?
- Hansı işə yarayan üsulları istifadə edirəm?
- Məşğul olduğum digər hansı işlər sürətimi zəiflədir?
- Dəyişiklik üçün nə etməliyəm?
Lakin, tez-tez təkrarladığım “meditasiya” kənardan adi görünsə də, mənə dinclik gətirən dünyəvi vəzifələrimin icrasıdır: dişlərimi yumaq, bağçadakı çiçəklərə qulluq etmək, hər şənbə günümü oğlumun rəsm dərsindən çıxmasını gözləyərkən Boston incəsənət dərgisinə yazmaqla keçirməyim…
Əsas planlarınızı və prioritetlərinizi yazın. Dərketməni gücləndirmənin ən yaxşı yollarından biri də nə istədiyini yazmaq və irəliləyişi təqib etməkdir. Warren Buffet etdiyi işləri, investisiyaları tək-tək hər xırda detalına qədər ölçüb-biçib etməsi ilə məşhurdur. Onun gündəliyi gələcək mənfəətlərin təsadüfü şans, yoxsa etdiyi cəhdlərin nəticəsi olub-olmamsını aydın şəkildə görmək üçün olan tarixi qeydlər toplusudur.
Tiananmen Square-nin həmtəsisçi liderlərindən, bu günün ən hörmət edilən investoru Li Lu bir gün mənə Benjamin Franklindən ilhamlanaraq illərdir əməl etdiyi bir vərdişindən bəhs etdi. Franklin xarakterindəki dəyərli xüsusiyyətləri və məsuliyyəti “balans vərəqi” adı ilə daim qeyd edib, diqqətdə saxlayırdı. Həmin vərəqə digərlərində bəyəndiyi güclü tərəfləri və özündə hiss etdiyi zəif cəhətləri qeyd edərək, xarakterinin “xalis dəyəri”nin gün-gündən artdığına inanırdı.
Psixometrik testlər edin. “Ürək, Ağıl, Cəsarət və Uğur” kitabında mən və həmmüəlliflərim birlikdə oxucularımızın həyatda və biznes qurmaqda qarşılaşdıqları qərəzlərin nə olduğunu anlamaları üçün sadə bir “təşəbbüskarlıq bacarığı testi” hazırladıq. Bu testlərin ən məşhurları “Myers-Briggs” və “Predictive Index”dir, lakin onların hər biri üçün ortaq cəhət yüksək özünüdərketmə ilə əlaqəli məlumat bazası toplamaq idi. Əslində bu qrupa aid testlərin əsas məğzi, mütləq düzgün və yanlış cavabın olmamasını vurğulamaqdı. Lakin bunun əvəzinə, yuxarıda adıçəkilən testlər iştirakçıları digərləri ilə müqayisədə ortaya çıxan özəllikləri və xarakterlərini təsvir etməyə məcbur edirlər. Bizim təklif etdiyimiz variantda isə (testdən www.hsgl.com səhifəsində pulsuz istifadə edə bilərsiniz) insanlardan cütlük şəklində verilən cavablardan birini seçməsini istədik. Məsələn, əldə etdiyiniz uğuru nəyə borclusunuz: məntiqi təhlillərinizə, yoxsa daxili hissiyyatınıza? Sizi irəli çəkən nədir: həvəs/istək, yoxsa hərəkət etmək? İştirakçıları seçim qarşısında qoyan bu suallar onların öz həqiqi xarakterlərini daha yaxşı anlamağa fürsət verir.
Etibarlı dostlarınızdan özünüz haqda soruşun. Heç birimiz digərləri tərəfindən necə qarşılandığımızı tam olaraq bilə bilmərik. Həmyaşıdlarımızın, dostlarımızın və mentorlarımızın verdiyi rəylərə güvənmək məcburiyyətindəyik. Ona görə dostlarınıza sizin dürüst aynanız olmaları üçün imkan yaradın, onların səmimi, tənqidi və obyektiv fikirlərini eşitməyə açıq olduğunuzu hiss etdirin. Dostlarınızın və həmkarlarınızın haqqınızdakı düşüncələrini qeyri-formal, lakin birbaşa və dürüst demələri üçün səmimi ortam yaradın. Bu o deməkdir ki, onlara təqribən belə deyin: “Baxın, dost kimi sizdən xahiş edirəm ki, bu məsələdə mənimlə açıq olasınız, yaxşımı?”
Başqa bir strategiya: artıq vərdiş etdiyiniz bir hərəkətinizi dəyişmək istədiyinizi bilirsiniz və dostlarınızdan bu yolda sizə yardım etmələrini xahiş edin: “Baxın, mən mövzu barədə nağılbazlar kimi uzun-uzadı çox danışdığımı bilirəm, lakin əgər siz bunu etdiyim zaman mənə qısa xatırlatma etsəniz, özümü lazımi anda dayandırmağıma kömək etmiş olarsınız”.
İşdə müntəzəm rəylər (feedback) alın. Dostlarınızdan və ailənizdən aldığınız qeyri-formal və dövrü rəylərdən (feedback) başqa iş yerinizdə formal proses kimi bu mexanizmdən istifadə edin. Əgər işdə belə bir mexanizm yoxdursa, daha formal feedback dövriyyəsi tətbiq edin. Təqdim edilən formaların bütün bəndlərinin dolğun tamamlanmasına diqqət edin, bu formallıq sizin öz güclü və zəif tərəflərinizi daha yaxşı görmənizə fürsət yaradacaq.
Effektiv feedbck (rəy) üçün iki əsas elementin – 1) düzgün proses və 2) bu prosesi icra edən effektiv menecerin olması vacibdir. Daha sonra, daxili insan resursları mütəxəssislərinin yaxşı olması, yaxud prosesi fasilitasiya etmək üçün kənardan konsultantın dəvət olunması da vacib məqamdır. Xaricdən konsultantın dəvət olunmasının həm böyük, həm də kiçik şirkətlərdə xeyli faydalı olduğunu gördük. Çünki onların əməkdaşlar və proseslər barədə əvvəlcədən heç bir qərəzi, yaxud konkret təyin edilən xətt üzrə hesabat vermə öhdəliyi olmur. Rəylərin verilməsi prosesi tamamlandıqdan sonra hər kəsin bundan çıxardığı nəticələri özü üçün qeyd etməsi vacibdir. Qeyd zamanı həm güclü və zəif tərəflər, həm də qaranlıq qalan məqamları yazdığınızdan əmin olun.
Son olaraq, təbii ki, bizim hər birimiz özümüzü dərk etmək istəyirik. Özünüdərketmə olmazsa, qətiyyən effektiv bir liderlik edə bilmərik. Yalnız özünüdərketməyə sahib olduqdan sonra söylədiyimiz, düşündüyümüz və hiss etdiklərimiz “daxili harmoniyamızla” uyğunluq təşkil edir. Fərdi özünüdərketmə bacarığını inkişaf etdirmək həyatımız boyunca davam edən bir prosesdir. Bu proses heç vaxt “bitmir”. Lakin yuxarıdakı praqmatik məşqlər sizə bu prosesi daha sürətli və uzunmüddətli keçməyinizə fürsət yaradacaq.
Müəllif: Anthony Tjan | Yazıçı, Cue Ball şirkətinin CEO-su
Mənbə: Harvard Business Review
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2018 · coaching.az