Bərkdən gülmək olmaz, yalan danışmaq olmaz, böyüklərin yanında çox danışmaq olmaz, çöldə sağa-sola çox baxmaq olmaz, yerə zibil atmaq olmaz, başqasının sözünü kəsmək olmaz və s… Həyatımız boyu dəfələrlə qarşılaşdığımız bu “olmaz”ların bəziləri məntiqi və mənəvi olaraq düzgün olsa da, onlar bir mənada bizə zərər də verir.
“Olmazlarla” əlaqədar məlumatlarla çox kiçik yaşlarda tanış olur və onları mənimsəyirik. Miqyası böyük və daha zəngin olan “olar” dünyası ilə tanış olmağa isə, əfsuslar olsun ki, o qədər də şansımız olmur. “Olmaz”ların əvəzinə “olar”lara fokuslanmağı seçsək, birdən-birə tamamən fərqli dünyaya düşərik – kəşf etmə və öyrənmə dünyasına. Misal üçün, “saatlarla noutbukda oturmaq olmaz” qadağasının əvəzinə, “gəl sənə bunun əvəzində nə etmək olar, onu öyrədim” cümləsini ifadə etmək daha faydalıdır. Və ya “yerə zibil atmaq olmaz” deməyin əvəzinə, “şəhərimizi gözəlləşdirmək üçük nələr edə bilərik?” sualını vermək daha düzgün nəticələrə gətirə bilər. “İnsanın sözünü kəsmək olmaz” sözünü işlətməyin yerinə, dinləməyi, sual verməyi öyrədə bilərik. İnsanların düşünməyi və fikirlərini ətraflı izah etməyi öyrəndiyi mühitdə dərk etmə səviyyəsi yüksək olur və bu münbit torpaqda böyüyən insanlar daha güclü və yaradıcı olurlar.
– Daha çox sözdən istifadə edəcəyik?
– Bəli.
– O zaman, bu o deməkdir ki, daha çox vaxt sərf edəcəyik!
– Əlbəttə.
– Axı mənim digər işlərim də var!
– Bir düşün, axı o biri tərəfdən də uşaqda daha ətraflı bilikləri əldə etməyə, sağlam təfəkkürün, məntiqi zəncirlərin yaradılmasına ehtiyac var.
Biz “olmaz”lardan divarlar tikməklə, bu divarların övladlarımızı qoruyacağına inanırıq. Amma bu divarlar eyni zamanda uşaqlarla fərqli fürsətlər arasında tikilmiş möhkəm hasarlara da bənzəyir. Uşaqların şaxəli düşünmək üçün imkanlara, fürsətlərə, rəngarəng ehtimalları müzakirə və mülahizə etməyə ehtiyacı var. Bəs etməsək nə olacaq?! O zaman gələcəyimizi hazırda mövcud olduğumuz çərçivələrin içində məhdudlaşdıracağıq. Əgər özümüzü və gələcək nəslimizi düşünürüksə, içimizdə “olmaz”lara fokuslanmağın yerinə, tükənməyən imkanlara qapı açan insanı tərbiyə etməyi bacarmalıyıq.
Fidan Əzimli
ICF Professional Certified Coach
ICF Registered Mentor Coach
© 2022 · coaching.az
Əziz Fidan xanım,
Toxunduğunuz mövzu çox aktualdır. Cəmiyyətimizdəki çoxluq insanlar bu olmazların təsiri altında özlərini məhdudlaşdırmaqla ən gözəl imkanlarını və əsl xoşbəxtliklərini fərd olaraq yaşaya bilmirlər.
Yazı üçün sizə təşəkkür edirəm
Sevgilərlə,
Günel
Təşəkkür edirəm Günel xanım, sizdən şərh almaq xoş oldu.