coaching.az |

Necə edək ki, insanlar bizi dinləsin?

Gözəl nitq qadın ətəyinə bənzəməlidir; mövzunu ifadə edəcək qədər uzun, maraq yaradacaq qədər qısa olmalıdır.
V. Çörçil

İnsan səsi: bu elə bir musiqi alətidir ki, biz hamımız onda ifa edirik . Güman ki, bu dunyanin ən güclü və təsirli səsidir. Bu, müharibəyə “Başla” əmri verən və ya “Səni sevirəm” deyən tək vasitədir. Ancaq bəzən insanlar danışarkən ipin ucunu qaçırırlar və bir də baxırlar ki, tamamilə mətləbdən uzaqlaşıblar. Belə insanlarla həm iş həyatımızda, həm də gündəlik həyatımızda az qarşılaşmırıq. Onları dinləmək bizə o qədər sıxıcı gəlir ki, gözümüz onlarda olsa da fikrimizlə dünyanı gəzib dolaşırıq və geri qayıdanda bir də baxırıq ki, həmin kəs hələ də öz “çıxışındadır”. Bəs nə üçün bu baş verir? Biz nə qədər güclü nitq qabiliyyətinə sahib olmalıyıq ki, dünyanı dəyişmə iqtidarında olaq.

Danışarkən insanların diqqətini üzərinizə toplamaq üçün düşünməyin ki, Dionis kimi aylarla dəniz kənarında dalğaların səsi altında dayanaraq, çiyinlərinizin üzərinə qılınc endirilərək, yaxud ağzınıza çay daşı dolduraraq gecə-gündüz çalışıb nitq söyləməlisiniz. Düzdür, gözəl nitq üçün güclü səs tonu, qamət və diksiya çox önəmlidir, ancaq bəzən nəzərləri danışığınıza yönləndirmək üçün illərin sınaqdan keçmiş təcrübələri belə kifayət etmir.

Bəs onda biz çıxışımızı necə etməliyik?

Əslində, hər sey göründüyü kimi çətin deyil. Lakin, əgər siz həqiqətən də effektiv danışmaq və nəzərləri üzərinizə (görünüşünüzə yox, nitqinizə) toplamaq istəyirsinizsə, bir neçə qaydaya əməl etmək lazım gələcək.

Təcrübəli olduğunuz və illərinizi alan mövzulardan danışın

Elə bir şeydən danışın ki, onun haqqında danışmaq haqqını əldə etmək üçün illərin çalışmasını və ya təcrübəsini sərf etmisiniz. Elə bir şey barədə danışın ki, siz o barədə çox gözəl bilirsiniz və bildiyinizi də bilirsiniz. Nitqinizi hazırlamaq üçün 10 dəqiqə və ya 10 saat sərf etməyin: 10 həftə və ya 10 ay sərf edin. Daha da yaxşı olardı ki, 10 il sərf edəsiniz.

Sizdə güclü maraq oyadan və dinləyicilərinizlə ünsiyyət qurmaq istədiyiniz mövzulardan danışın. Gəlin, daha aydın olsun deyə evdar qadın olan Gey Kelloqun çıxışından danışaq. O, heç vaxt insanların qarşısında çıxış etməmişdi və elə bilirdi ki, bunun üçün onda olmayan hər hansısa fövqəladə bacarığa sahib olmaq lazımdır. Ancaq natiqlik kursuna qoşulduqdan sonra o, “Həyatımın ən böyük həsrəti” mövzusu barədə çıxış edərək dinləyiciləri ağlatmağı, onlara təsir etməyi bacarır:

“Həyatımın ən böyük kədəri heç vaxt ana qayğısı görməməyim olub. Anamı bir yaşım olanda itirmişəm. Mən öz uşaqlarına diqqət göstərməkdən mənə vaxtları qalmayan – xalalarım və digər qohumlarım tərəfindən böyüdülmüşəm. Mən heç vaxt onlarla uzun müddət qalmamışam. Onlar adətən mən gələndə üzülür, gedəndə isə sevinirdilər. Onlar mənə nə maraq göstərdilər, nə də təsir etdilər. Onların məni istəmədiklərini bilirdim. Hətta körpə vaxtlarımda belə bunu hiss edirdim. Mən gecələr tənhalıqdan öz-özümə ağlayaraq yatırdım. Ürəyimdəki ən böyük arzu həyatımda məktəbdəki nəticələrimi xəbər alan bir kəsin olması idi. Heç kimin vecinə deyildim. Körpə vaxtından həsrətində olduğum tək şey sevgi idi – və heç kim heç vaxt onu mənə bəxş etmədi”.

G.Kelloq bu nitqi hazırlamaq üçün 10 ilinimi sərf edib? Xeyr. Daha da çox. O, bu çıxışı uşaq vaxtı təkbaşına ağlaya-ağlaya yatarkən hazırlayıb. O, bu çıxışı heç kim onun məktəbdəki nəticələri ilə maraqlanmadığı ürək ağrıdıcı vaxtlarında hazırlayıb. G. Kelloq bu xatirələri istəsə belə yaddaşından silə bilməzdi. Ona görə də, bu çıxışının üzərində işləməyə heç ehtiyac da yox idi. Onun etməli olduğu tək şey, gizlədilmiş hislərinin və xatırələrinin – neftin quyudan çıxdığı kimi üzə çıxmasına icazə verməsi idi.

Göründüyü kimi, heyrətamiz çıxış odur ki, sənin daxilindən fontan kimi heç bir mübaligəyə ehtiyac duymadan üzə çıxsın.

Mövzunu seçmək üçün daxilinə göz gəzdir

Görəsən, insanlar bilirlərmi ki, nitqlərində effektiv olmaq üçün ən vacib şey daxili dünyalarına yönəlmələridir. Deyəsən, xeyr. Çünki, elə olsaydı bir çoxları mövzu seçmək üçün kitablara və ya məqalələrə müraciət etməzdi. Bəs ondə nə üçün biz daxilimizə yönəlməliyik? Gəlin, “Amerika Suriya hadisələrində nə üçün passivdir?” mövzusu ilə G.Kelloqun “Həyatımın ən böyük həsrəti” mövzsusunu müqaisə edək. Bu iki mövza arasında fəqr nədir? Burada yeganə və ən əsas fərq hisdir ki, Amerika mövzusunda ona rast gəlmək mümkün deyil. Çünki o bizə yaddır və bu mövzu üzərində biz nə qədər çalışsaq da, hislərimizlə danışa bilmərik. Ancaq G. Kelloqun mövzusu bütün insanlığı təcəssüm etdirir və əvvəlindən sonadək hislərə bürünmüşdür. Burada bizə yad gələcək bir söz belə yoxdur və bəlkə də burada G.Kelloqun çıxışı bir çoxunun cəsarət edib üzə çıxarda bilmədiyi hislərinin ifadəsi idi.

Kitabdan deyil – qəlbinizdən danışın

Amerikalı rejissor və kinoaktyor Douglas Fairbanks Nyu-Yorkda qələbəliyin önündə çıxış edərkən. 1918-ci il.

Əksər insanlar qəlibləşmiş, terminlərlə və bol informasiya ilə zəngin çıxışlar etməyə daha çox üstünlük verirlər. Halbuki, bu tərz çıxışlar dinləyicini yorur və onlar istər-istəməz fikir gəzintisinə çıxmağa və ya qarşılarındakı kağızda cızma-qara etməyə başlayırlar. Burada dahi Şekspirin fikri yerinə düşür: “Söz – az deyildiyi yerdə dəyərlidir”.

Bəs dinləyicinin istəyi nədir? Dinləyici çox şey istəmir – o, sadəcə sizin səmimi olmağınızı, özünüz olmağınızı və öz həyat təcrübələrinizdən danışmağınızı istəyir ki, bu da çox çətin deyil. Statistikaya görə, dünyada ən uğurlu çıxışlar həmişə spontan (bədahətən) yaranan çıxışlar olub. Gəlin, bu fikrimizi açıqlamaq üçün Deyl Karneginin bir yazısına nəzər salaq:

“Bir neçə il əvvəl mən Amerikanın NBC radiyo şəbəkəsinin təşkil etdiyi üniversitetlərarası natiqliq yarışmasının üç münsifindən biri idim. Birinci çıxış “Seçimlərdə azadlıq” barəsində, növbəti çıxış isə “Müharibənin qarşısını necə almaq olar” haqqında idi. Çox aydın görünürdu ki, onlar məşq etdikləri sözləri dəfələrlə təkrarlayır və əziyyətlə xatırlayırdılar. Ona görə də, nə qonaqlar, nə də münsiflər onların çıxışına güclü diqqət yetirmədilər. Ancaq sıradakı yarışmaçının çıxışı mənim diqqətimi dərhal çəkdi. O, universitetlərdə nəyin düzgün qurulmadığı haqda danışırdı. Biz ona çox diqqətlə qulaq asırdıq, çünki o, bu barədə fikir bildirmək üçün çıxış haqqına sahib idi və eyni zamanda onun lazımi informasiyası və təcrübəsi var idi.

Mükafatı alan natiq isə çıxışını təxmini bu cür başlamışdı:

“Mən indicə avtomobil qəzasından xəstəxanada yatan və ölüm ayağında olan dostumun yanından gəlirəm. Avtomobil qəzalarının çoxu gənc nəsil tərəfindən törədilir. Mən də o nəslin üzvüyəm və istəyirəm ki, bu qəzaların səbəbləri barədə sizə danışım”.

O, danışmağa başlayan kimi hamı sakitcə ona qulaq asdı. O, reallıqdan danışırdı, nitqini qurmağa çalışmırdı. O, elə bir mövzudan danışırdı ki, bu barədə danışmağa tam haqqı var idi. Onun çıxışı ürəyindən süzulürdu, əvvəlcədən hazırlanmış şablon çıxış deyildi”.

Dinləməyi bacarın

Əgər çox danışmaq faydalı olsaydı, iki ağzın, bir qulağın olardı. Ona görə də, az danışıb, çox dinləmək daha faydalıdır. Əgər sussan, danışmağın daha aydın olar. Çünki sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir.

Şəms Təbrizi

Yekun olaraq, çox bəsit görünsə də əgər biz dinlənilmək istəyiriksə – fərqi yoxdur iş həyatında, yaxud gündəlik həyatda – ilk öncə dinləməyi və qarşı tərəfə də danışmaq haqqı verməyi bacarmalıyıq. Araşdırmalar onu göstərir ki, insanlar özlərindən danışmağı o qədər çox sevir ki, bu insan beynində qida məhsullarının və pulun gətirdiyi eyni həzz duyğusunu yaradır. Ona görə də, çıxışlarınızda dinləyicilərin fikir və rəylərini almağı unutmayın. Bunun sizə qarşı tərəflə qarşılıqlı empatiya hissi qurmağınıza və dinləyicinin ruhunu tutmağınıza çox böyük köməyi olacaqdır. Beləliklə, aydındır ki, dinləməyi bacarmayan insan başqaları tərəfindən dinlənilmə şansını əldə edə bilməz.

© Qızılgül Məmmədova / coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.