coaching.az |

Narsissizm nədir?

İnsan xarakterində rast gəlinən ən təhlükəli xəstəliklərdən və pozuntulardan biri narsissizmdir. Narsissizm – insanın özünə heyran olması, sitayiş etməsidir. Qədim yunan rəvayətinə görə, Narkiss (Narcissus) adlı gənc suda əksini görüb, öz-özünə vurulur. Hətta, özünə elə aşiq olur ki, yerindən tərpənə bilmir və bu sevgi onun ölümünə səbəb olur.

Narsissist travmaları olan insanlar empatiya hissindən məhrumdurlar və ətrafındakıların düşüncə və duyğularına əhəmiyyət verməzlər. Başqalarından üstün və unikal olduqlarına inanırlar. Özlərinə qarşı vəkil, başqalarına qarşı isə hakim olurlar. Davranış və xarakterlərindəki əksik tərəfləri görməzlər. Dünyanın mərkəzində sadəcə onlar, onların həzləri və arzuları vardır. Həyatları onların istək və planlarına uyğun davam etməsə, bununla barışmazlar və dərin depresiya halına girib, Narkiss kimi məhvə yuvarlana bilərlər.

İfrat narsissizm psixologiyada ciddi şəxsiyyət pozuntusu kimi qəbul olunur. Psixoanalitik Otto Kernberg patalojik narsisizmi ətraflı incələmişdir. O narsissizmin 3 növünü qeyd etmişdir – normal ibtidai narsissim, normal yetişkin narsissizm, patalojik (normadankənar) narsissizm. Patalojik narsissizm özünü ideallaşdırmanın və nəhəng Mən-in əks olunmasıdır. Bu tərz narsisizmə sahib insanlar ətrafdakı insanlara yuxarıdan aşağı baxır, empatiya hissindən yoxsundurlar və hər zaman öz üstünlüklərini nümayiş etdirməyə çalışırlar. Roma sezarları, Misir fironları, müasir diktatorlar və son dövrlərdə ulduz xəstəliyinə tutulan şəxslərdə patalojik narsissizm xarakteri mövcuddur. Onlar özlərini yür üzünün tanrıları kimi görürlər. Onlar ətrafındakılara güvənmirlər və hər kəsin onlara düşmən olduğuna inanırlar. Belə insanlar ömürlərini qorxu içində yaşayır və tənhalıq duyğusundan əzab çəkirlər.

Holland psixoanalitiki Manfred Kets de Vries müəyyən etmişdir ki, narsissizm həyatda uğur qazanmış yüksək vəzifəli kişilərin arasında ən çox yayılan xarakter pozuntularındandır.

Narssissit xarakter tərzinə sahib insanlardan biri ABŞ şahmatçısı, şahmat üzrə 11-ci dünya çempionu (1972-1975) Bobby Fischer olmuşdur. O, dünyanın ən skandalist insanlarından biri kimi tanınmışdır. Fischer hər zaman özünü rəqiblərindən yuxarı görür, daha çox imtiyaz tələb edir, iştirak etdiyi müsabiqələrin reqlamentini kobud şəkildə pozurdu. Misal üçün, tələblərindən biri bu idi ki, onun yarışları saat 16.00-dan tez başlamamalı idi. Çünki, o yuxudan gec oyanırdı. Yarışmalara hər zaman gecikir və rəqiblərini, eyni zamanda təşkilatçıları gözləməyə məcbur edirdi – onlar isə artıq buna vərdiş etmişdilər. Fischer hər hansı bir müsabiqədə iştiraka asanlıqla razılıq verə bilərdi. Ancaq, son anda hər hansı bir səbəb göstərmədən imtina etmək onun vərdişləri arasında idi.

Bobby Fischer (1943 – 2008)

Bobby Fischer otellərdə ancaq və ancaq lüks otaqlarda qalmalı idi. İctimai xeyriyyə tədbirlərində iştirak üçün pul tələb edirdi. Onunla ünsiyyətə keçməyin də öz qiyməti vardı – adına göndərilən məktubları oxumaq üçün 1000 $, telefona cavab vermək üçün 2500 $, şəxsi görüş üçün 5000 $, müsahibə üçün isə 25000 $ tələb edirdi.
Bir müddət sonra isə yorğunluğunu bəhanə gətirərək insanların arasına çıxmaqdan imtina edir. 1975-ci ildə son dünya çempionu kimi Anatoli Karpov ilə müsabiqəyə çıxmağa imtina etdiyi üçün, FIDE tərəfində dünya çempionu titulundan məhrum edilir. Bu hadisədən sonra o, zahidliyə başlayır və 20 il boyunca müəmmalı şəkildə ortadan yox olur.

Bobby Fischer 1992-ci ildə ABŞ-ı tərk edir. Onun dövləti ilə ciddi problemləri vardı – o, ABŞ-ı antidemokratik və işğalçı siyasətdə ittiham edirdi. 2001-ci ilin 11 sentyabr ayında Nyu-Yorkun ekiz qüllələrinə qarşı törədilən hücum zamanı o, sevincini gizlətməmiş və Fillipində yayımlanan bir radioya belə müsahibə vermişdi: “Bu nə qədər gözəl xəbərdir. Mən bu hücumu alqışlayıram. Amerika və İsrail neçə ildir fələstinliləri öldürür və qarət edir. Ancaq, bu heç kimi vecinə deyil. İndi isə hər şey tərsinə oldu. ABŞ yer üzündən silinməlidir.”

Bobby Fischer 2007-ci ildə vətəndən uzaqlarda, İslandiyada vəfat etmiş və bu ölkədə dəfn olunmuşdur.

© ALPHA 2016
Materialdan istifadə zamanı bu məqalənin müəllifi ALPHA Coaching & Consulting şirkətinə istinad vacibdir.

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.