coaching.az |

Nə üçün qəhvə içməliyik?

Qəhvənin tarixi barədə

Ərəb dilində “ehtiraslandıran içki” mənasına gələn qəhvə bu gün bütün dünyada ən məşhur isti içkilərdən biridir. Qəhvə ağacının ilk tapıldığı yer olan Efiopiyanın Kaffa bölgəsinin adı ərəb dilində “qahwah”dır. Ərəblər o vaxtlar qəhvəni indiki təyinatına görə istifadə edə bilmir və kefləndirici şərab düzəldirdilər. Qəhvənin bu günki tərzdə istifadəsi 14-cü əsrdən etibarən Yəməndəki sufi təriqətləri tərəfindən başlanmışdır.

Qəhvənin faydası barədə

Amerikanın nüfuzlu mətbuat orqanlarından olan Huffington Postda dərc olunan bir məqaləyə görə ABŞ-ın 18 yaşdan yuxarı əhalisinin 54 %-i hər gün qəhvə içir. Qəhvənin beynə, cildə və ümumiyyətlə insan orqanizminə böyük faydaları mövcuddur.

Qəhvə antioksidantla zəngindir və amerikalıların əksəriyyəti bu ehtiyacını daha çox qəhvə vasitəsi ilə ödəyirlər. Antioksidant — orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Antioksidantlar immun sisteminin əsas parçalarındandır. Orqanizmdə olan zərərli maddələr hüceyrə pərdəsinə zərər verir və onların yaşlanmasına, qocalmasına səbəb olur. Antioksidantlar, hüceyrələrə zərər verən sərbəst radikalları təsirsiz hala gətirərək, xərçəng də daxil olmaqla bir çox xəstəliyə və erkən yaşlanmağa səbəb ola biləcək reaksiyaları önləyir və qoruyur.

Qəhvə Parkinson xəstəliyi ilə mübarizədə faydalı vasitə ola bilər.

2012-ci ildə Science Daily jurnalında Dr. Ronald Postuma tərəfindən dərc olunan bir araşdırmaya görə gündəlik qəhvə istehlakı Parkinson xəstələrinin öz hərəkətlərini nəzarət altında saxlamalarına kömək edir. Davamlı şəkildə qəhvə içənlərin bu xəstəliyə tutulma riski digər insanlara görə daha azdır.

Qəhvə qaraciyər üçün çox faydalıdır.

2006-cı ildə 22 yaşdan yuxarı 125 min nəfər üzərində aparılan araşdırmanın nəticələrinə görə, gündə ən az bir fincan qəhvə içənlərin qaraciyər sirrozuna tutulma ehtimalı 20% daha aşağıdır. Bunu, araşdırmanı aparan alimlərdən Arthur L. Klatsky The Guardian qəzetinə verdiyi müsahibədə bildirmişdir. Qəhvə eyni zamanda qaraciyər yağlanmalarına qarşı da təsirli silahdır.

Qəhvə depresiyanın düşmənidir.

National Health Institute tərəfindən aparılan bir araşdırmaya görə, gündə 4 fincan və ya daha çox qəhvə içənlər heç içməyənlərə nisbətən 10% az depresiyaya girirlər. Tədqiqatçılara görə bunun səbəbi sadəcə qəhvənin tərkibində olan kafein deyildir. Qəhvənin insana xoşbəxtlik hiss etdirməsinin səbəblərindən biri də onun tərkibində bol olan antioksidantlardır.

Qəhvə cild xərçənginə tutulma riskini azalda bilər.

Harvad Tibb Məktəbi və Boston şəhərində yerləşən Brigham and Women’s hospitalı 20 il boyunca 112.897 qadın və kişinin üzərində apardığı müşahidləri belə qənaət yaratmışdır ki, cild xərçənginə tutulma riski qəhvə içənlərdə içməyənlərə görə daha azdır.

Qəhvə köklüyü aradan qaldırır.

“Pharmaceutical Research” jurnalında dərc olunan bir məqaləyə görə qəhvə köklüklə mübarizədə ən təsirli vasitələrdən biridir. Bu qənaətə siçanlar üzərində tədqiqatlar aparan ABŞ-ın Georgia Universitetinin alimləri gəliblər. Çox yağlı qidalarla bəslənən siçanlara 15 həftə boyunca yüksək dozada xlorogenik turşu verən alimlər, bu turşunun piylənmənin qarşısını almaqla yanaşı, eyni zamanda qan şəkərini tənzimləməyə, insulin müqavimətini artırmağa və heyvanların qaraciyərindəki yağlanmanı azaltmağa kömək etdiyini də müşahidə ediblər.

Qeyd edək ki, qəhvənin tərkibində bol miqdarda CGA maddəsi mövcuddur. Alimlərin araşdırmaları göstərib ki, bu turşular qəhvə ilə yanaşı alma, pomidor, armud kimi meyvə-tərəvəz bitkilərinin tərkibində də vardır.

Türk qəhvəsi türklərin vizit kartıdır.

Qəhvənin ən yayılmış və sevilən növlərindən biri də Türk qəhvəsidir. Türk qəhvəsi (türk. Türk kahvesi) — yalnız türklər tərəfindən hazırlanan, özünəxas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.[1]

Türk qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan İstanbula gətirilmiş və zamanla osmanlılardan Avropaya keçmişdir. Avropada qəhvə uzun müddət Türk qəhvəsi olaraq təqdim edilmişdir. Türk mədəniyyətinə xas güğüm(səhəng) və qəhvədanlarda bişirildiyi üçün Türk qəhvəsi olaraq xatırlanmağa başlanmışdır. O dövrdə açılan qəhvəxanalar sayəsində Türk xalqı qəhvə ilə tanış olmuşdur. Qəhvəxanalar söhbət edilən, oyun oynanan ictimai yerlərdir və Türk mədəniyyətində əhəmiyyətli bir yer tutmaqdadırlar.

“Kahvaltı” səhərlər qəhvədən əvvəlcə yeyilən yemək mənasına gəlir, yəni “qəhvə altı”. Bizdə gün ərzində çay içmə adəti olduğu kimi, türklər də qəhvə aludəsidirlər. Özü də qəhvəni hər önünə gələnlə yox, dəyər verdikləri insanlarla birlikdə içirlər. Onlar üçün qəhvə tez-bazar içilən içki deyil, əməlli-başlı dəm-dəstgahı var. Qəhvə xüsusi qəhvədənda dəmlənməlidir, bax, bizim önümüzdəki kimi köpüyü bol olmalıdır, yanında da bir stəkan su. Hələ, dadlı türk şirnilərini demirəm. Tələsmədən, aram-aram, həzzini damağında hiss edə-edə içməlisən. Qəhvə türklərdə hər zaman əhəmiyyətli söhbətlərin, məclislərin müşayiətçisi olub. Osmanlı dövründə köz üzərində bişən dadlı qəhvənin verildiyi xüsusi qəhvəxanalar vardı – bu yerlər şəhərlərin ən hörmətli məkanlarından sayılırmış. Bax, bu qəhvəxanalar o dövr ziyalılarının, şairlərinin, ədiblərinin, hətta inqilabçıların toplanıb, ünsiyyətdə olduğu yerlərdi, elə belə avara adamlar gəlməzdi ora. Türklərdə belə bir atalar sözü var – bir fincan qəhvənin qırx il xətri olur.

Osmanlı dövrünə aid qəhvəxana

Türk qəhvəsinin xüsusi hazırlanma qaydası var. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər su götürülür və həmin su qəhvədana tökülür. Bu çox qısa bir müddətdə olur və dərhal bu qarışıq qarışdırılır. Məsələn, bir adama orta şəkərli qəhvə bişirmək üçün, bir fincan soyuq su, iki dolu çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana qoyulur. Qəhvədan az atəşli ocağa alınır və suyun üstündəki qəhvənin tamamilə çökməsi gözlənilir. Yaxşıca qarışdırılan qəhvə az atəşdə ağır-ağır bişirilir. Qısa bir müddətdə qəhvənin üzərində köpük meydana gəlməyə başlayır. Bu köpük və qəhvənin bir qismi soyuq olmayan fincana boşaldılır. Daha sonra qəhvədandakı qəhvə təkrar köpürənə qədər ocaqda tutulur və sonra qalan qisim də fincana boşaldılır. Qəhvəni təqdim edərkən, yanında mütləq bir stəkan su verilir. Qəhvə içilmədən öncə əvvəl həmin sudan bir qurtum içilir. Daha sonra yenə də lazım olarsa, su içilməsinə davam edilir.

Qəhvə böyük enerji mənbəyidir. Günə canlı və gümrah başlamaq istəyirsinizsə, mütləq hər səhər bir fincan qəhvə için!..

© 2017 · coaching.az

[1] Mənbə: Wikipedia

 

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.