Rəsmi olaraq Azərbaycanda 600 mindən çox əlilliyi olan adam var. Həmin şəxslərin müxtəlif fiziki məhdudiyyətləri mövcuddur və onlar müəyyən çətinliklərlə yaşayırlar. Ancaq ölkəmizdə yaşayan heç bir əlilliyi olmayan kütlənin böyük çoxluğunun zehnindəki əngəl və məhdudiyyətlər sahiblərinə daha böyük çətinliklər yaşatmaqdadır.
Daxili azadlığı olmayan, “filankəs nə deyər” prinsipi ilə yaşayan kəslərin hər biri əngəllidir. Məhdudlaşdırma siyasəti ənənəvi tərbiyə, təhsil və yerli televiziya vasitəsi ilə hər gün təbliğ olunmaqdadır.
Qeyri-ədalətsiz paylanan imtiyazlar, ayaqlar altında qalmış hüquqlar, iqtisadi və siyasi müstəqilliyin aşağı olması, insanları kölgə kimi izləyən çürük mentalitet və xurafatın gətirdiyi təsirlər məhdudiyyətin sərhədlərini bir xeyli genişləndirib. Əlbəttə söhbət xəyali məhdudiyyətdən gedir.
İnsan psixologiyasının fundamental şəkildə formalaşmasında və tərbiyənin ən həssas dövrü sayılan 3-6 yaş aralığında uşağı necə yetişdirdinsə onun gələcək həyatdakı yolu və rolu məhz o cür səmt alacaq. Həmin yaş aralığında ailə daxilində ciddi psixoloji travma alan uşaqlar gələcəyin diktatoruna, manyakına, qulduruna çevirilirlər. Burda çox az istisnalar ola bilər ki, o uşaqlar yetkin yaşına çatdıqda normal fərd olsunlar.
Özlərinin tərbiyə əskikliyi olan, məlumatsızlıqdan və cahillikdən batan valideynlər dünyaya uşaq (və ya uşaqlar) gətirir və həmin uşağa düzgün tərbiyə etməməklə bərabər, ona çoxlu travmalar yaşadırlar. Biz o uşaqları, valideynləri ilə bərabər hər gün ictimai yerlərdə görməkdəyik. Dəhşətlisi də odur ki, bütün bunlar bizim gözlərimiz önündə baş verir və biz bunun qarşısını ala bilmirik. Elə bil kimsə əl-ayağımızı bağlayır və sevdiyimiz şəxslərə gözümüz qarşısında işgəncə verir. Acizlik insanı ağrıdır.
Hər gün dünyaya yeni-yeni insanlar gəlir. Bəli, doğulanlar kimi ölənlər də olur. Bu həyatın, ana təbiətin Yer kürəsindəki təbii nizamıdır. Artmaq və azalmaq prosesi dayanmadan getməkdədir. İnsan doğulur, məktəbə gedir, bir az da böyüyür ailə həyatı qurur, böyüyə-böyüyə öyrənir, özü də dünyaya uşaq gətirir, yaşlanır və ölür. Bir məsələ var ki, nəinki Azərbaycanda, elə Yer kürəsində yaşayanların və yaşamışların çoxu özlərinə sual vermir ki, “axı mən niyə və nə üçün yaşayıram?” Faktiki olaraq Yer kürəsindəki insanların əksəriyyəti bu sualı özlərinə vermirlər.
Ümumiyyətlə, insanlar özlərinə özləri ilə bağlı az suallar verirlər. Yox, bu təhsilsizliyin əlaməti deyil. Ənənəvi olaraq, təkcə Azərbaycanda yox, elə bütün dünyada da insanlar öz dəyərlərinin formalaşmasını prioritet hesab etmir.
Ona görə də zehinlərdə polad kimi bərk halqalarla əhatə olunmuş məhdudiyyətli insanların sayı çoxluq təşkil edir. Həmin paslanmış, paslı poladlı halqalar düşüncənin, mənəviyyatın da paslanmasına və passivliyinə rəvac verir.
ABŞ-ın məşhur “Globalist” araşdırma mərkəzinin son hesabatlarına görə dünya əhalisinin yetkin insanları arasında oxumaq və yazmaq bacarığı olmayanların sayı 781 milyon nəfərə çatır. Bura əsasən əhalisinin sayı daha çox olan ölkələr daxildir. Birinci yeri Hindistan tutur. 1 milyard, 373 milyon əhalisi olan Hindistanın 286 milyon əhalisi tamamilə savadsızdır. Onlar nə oxuya, nə də yaza bilirlər.
Siyahıda ikinci yeri Çin tutur (54 milyon). Qeyd edim ki, Çinin əhalisi 1 milyard 402 milyona çatır. Çində əhali ilə 10 milyon nəfər artır. Siyahıdakı digər yerləri tutan ölkələr – Pakistan, Banqladeş, Nigeriya və inkişafdan qalan başqa ölkələrdir. Bu cür genişmiqyaslı savadsızlıq insan üçün lap ağır vəziyyət hesab olunur. İndi siz fikir verdiniz ki, ən çox savadsızlıq elə ən çox artım olan yerlərdədir?!
Bir az radikal səslənə bilər, ancaq bunu artıq prinsipial olaraq anlamışam ki, əgər dünyaya gətirdiyin uşağa düzgün tərbiyə verə bilməyəcəksənsə, onu bir insan kimi yetişdirə bilməyəcəksənsə, onda həmin uşağı dünyaya gətirib zehin cəhətdən əngəlli bədbəxtə çevirmə!
Müəllif: Orxan Adıgözəl
© 2019 · coaching.az