coaching.az |

Məğlubiyyət qələbəyə çevriləndə

Aprel ayının sonunda Anthony Joshuaya qarşı olan yarış həyatımdakı ən çətin döyüşlərimdən biri oldu. Londonun Wembley  Stationunda 90 min tamaşaçının və 150 ölkədən milyonlarla televiziya izləyicisinin gözü qarşısında 28 yaşlı ingilislə döyüşdə həyatla mübarizə aparırdım. Ən yaxşı nəticəni əldə etmək üçün yarışırdım. Lakin təəssüf ki, məqsədimə çata bilmədim. Döyüş rəqibimin qələbəsi ilə başa çatdı. Amma buna baxmayaraq, bu sizə qəribə görünsə də, mən rinqi qalib kimi tərk etdim.

Yarışa qədər keçdiyim yolda qələbə qazanacağıma 100% əmin idim. Həddinən çox məşq etmişdim, özümü həyatım boyunca olduğum ən yaxşı formada hesab edirdim. Dünya çempionu adını geri qazanmaq beynimdən çıxmayan yeganə fikir idi. Döyüş zamanı əlimdən gələn hər şeyi etdim. Dəfələrlə yıxıldıqdan sonra ayağa qalxa bildim. Hətta bir neçə dəfə rəqibimi rinqin döşəyinə də sərməyi bacardım. Ancaq sonda yarışın taleyini həll edən zərbəni vuran və rinqi qalib kimi tərk edən Anthony Joshua oldu. Qalib olma məqsədimə nail ola bilmədim, amma bundan daha çoxunu əldə etdim. Heç vaxt belə şeylər deyəcəyimi fikirləşməzdim, amma məğlubiyyətdə böyük qalibiyyət qazandım… Dünyanın hər yerindən  olan pərəstişkarlarım və idmansevərlər performansım haqqında danışır və məni təbrik edirdilər. Hətta rəqibim belə mənə öz rəğbətini bildirirdi.

Kliçko Joshua ilə döyüş zamanı.

Həmin boks gecəsindən sonra aldığım və almağa davam etdiyim rəylər hədsiz dərəcədə çox idi. Şərhçilər mənim məğlubiyyətdə böyüklüyümü nümayiş etdirdiyimi deyirdilər. Jurnalistlər dəfələrlə rinqi qəhrəman kimi tərk etdiyimi yazırdılar: “Kliçko məğlubiyyətdən üzüağ çıxaraq, onu qələbəyə çevirdi”.

İllərlə özümü qələbəyə hazırlayarkən baş verən bu hadisə mənim üçün yeni bir təcrübə idi. İndi başa düşürəm ki, uğur sadəcə əvvəldən müəyyən edilmiş bir hədəfə çatmaq deyil, uğur mümkün olan ən yaxşı nəticəni əldə etməkdir. Bəzən biz ən yaxşı nəticənin nə olduğunu əvvəlcədən görə bilmirik.

Bunu məndən əvvəl də yaşayan saysız-hesabsız insanlar var. Onlardan bir çoxu məğlub olarkən gerçəkləşdirdikləri heyrətamiz şeylər üçün məşhur olmuşdular.

Məsələn, Amerikalı kimyagər Arthur Spencer Silver 3M şirkətində işləyərkən, super güclü bir yapışdırıcı hazırlamaq üçün çalışırdı. Lakin onun bu cəhdləri hal-hazırda hər birimizin istifadə etdiyimiz qeydlər üçün arxası yapışqanlı stikerləri kəşf etməklə nəticələndi. Super güclü yapışqanı icad edən isə Amerikalı Harry Coover oldu. Halbuki o, öz işəgötürəni Eastman Kodak üçün süni şüşə hazırlamaq niyyətində idi. Bunun əvəzinə super yapışdırıcı olaraq bazara çıxarılan yapışqan bir maddə kəşf etdi.

Çay taciri Thomas Sullivan təsadüfən iyirminci əsrin əvvəlində çay paketlərini icad etdi. O zamankı vaxtda çay nümunələri böyük, bahalı tənəkə qutularda göndərildi.  O isə, çəki problemini aradan qaldırmağın bir yolunu tapmaq istəyirdi. Beləliklə, çay nümunələri kiçik, tutduğu yerə qənaət edən ipək torbalara yerləşdirildi. Müştərilər isə bunu birbaşa istifadə üçün nəzərdə tutulduğunu fikirləşərək, paketləri fincanın içərisindəki suya qoyub, çayı içməyə başladılar. Material daha sonra filtr kağızı ilə dəyişdirilərək, bugünki çay paketi icad edildi.

İxtiraçıların çoxunun bir ortaq nöqtəsi var: onlar məqsədlərinə doğru bir an belə onu beyinlərindən çıxarmadan, yorulmadan çalışırlar. Xoşbəxtlikdən, yuxarıda adları çəkilən insanlar açıq fikirli olub, yeni fürsətləri görərək, bunları cəmiyyətə təqdim edirdilər. Məğlubiyyətə uğramalarına baxmayaraq, bunu uğur şansı kimi qəbul edirdilər.

Mənim üçün də bu belə oldu. Məğlubiyyətimlə barışmaq bir az vaxt apardı. Buna baxmayaraq, mən daha çox insan tərəfindən tanındım və rəğbət qazandım. 29 apreldə Wembley  Stationunda ilk dəfə rinqə çıxanda tamaşaçılar məni fit səslərinə boğaraq, məzhəkəyə qoyurdular. Joshua isə ingilis ev sahibi kimi məndən daha üstün idi. Rinqi tərk edəndə isə tamaşaçı izdihamının etimadını gördüm. Məğlub olmağımı arzu edən on minlərlə insan indi məni alqışlayırdı.

Mən ruh yüksəkliyi, cəsarətlilik və rəğbətdə səriştə qazandım: mənim üçün bu, mənim performansım, mənim ədalətli döyüşüm və ümumilikdə boks idi. Bundan daha yaxşısını arzu edə bilməzdim.

Çox güman ki, eyni vəziyyət sizə də tanışdır: Əldə etmək istədiyiniz bir şey üçün mükəmməl hazırlaşdınız, baş verə biləcək bütün ehtimalları düşündünüz. Lakin yenə də məqsədinizə çata bilmədiniz. O zaman özünüzdən soruşun, ola bilməzmi ki, Siz daha fərqli bir şey əldə etmisiniz, daha dəyərli bir şey. Bu düşüncənin inkişafına və  öz uğursuzluğunuzda daha fərqli bir şey görməyə özünüzə icazə verin. Əgər xəyalınızdakı işə sizi qəbul  etməyiblərsə, bu öz işinizi yaratmaq üçün işarə ola bilər. Yaxud bu, mübarizə aparacaq cəsarətiniz olmadığı üçün imtina etdiyiniz bir çox  işlərə daha çox fokuslanmağınızı təmin edə bilər. Daim açıq fikirli olmağa və uğurun fərqində olmağa davam edin, hətta bu sizin gözlədiyinizdən fərqli olsa belə.

Bütün bunlarla bərabər, yeganə doğru olan həqiqət var: hər şeyi irəlilədən güc Siz özünüzsüz!

Müəllif: Vladimr Kliçko – Ağır çəki üzrə ukraynalı  peşəkar boksçu, WBO versiyası üzrə  2000—2003, 2008—2015 illərin çempionu.

Tərcümə etdi: Lalə Rəsulova | ALPHA Coaching & Consulting

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.