Liderlik barədə standart qəbul edilmiş “düzgün” yanaşma yoxdur. Hər kəsin öz komandasını motivasiya etmək üçün öz metod və üslubu var və bu, həm komandanız, həm də özünüz üçün ən yaxşı işə yarayan üsullar toplusundan qaynaqlanır.
Buna baxmayaraq, əgər hələ də öz liderlik üslubunuzu formalaşdırmağa çalışır, yaxud bəzi şeyləri dəyişmək istəyirsinizsə, kouç tərzli lider kimi düşünməyə ehtiyacınız olacaq. Empatiya, hər şeyi öyrənmə arzusu, dinləmə kimi əsas kouçinq bacarıqları yaxşı lider olmağın başlanğıcı olmaqla yanaşı, eyni zamanda bu üslub effektiv nəticə əldə etmədə effektivdir. Forbes Kouçlar Şurasının (Forbes Coaches Council) üzvləri aşağıda kouç kimi necə liderlik edə biləcəyinizin sirlərini izah edir:
- Öz əməkdaşlarınızı özünüz öyrədin və təlimləndirin
Deyirlər ki, bir şeyi öyrətməyənə qədər, özün də onu yaxşı öyrənmirsən. Öyrətmək və kouçinq paralel getməlidir, lakin çox zaman təlimlər xarici provayderlərdən alınır. Bu ənənəni pozun və üst səviyyəli liderlərinizdən master klasslar təşkil edib, öyrəndiklərini Sizinlə paylaşmalarını xahiş edin. Ən yaxşı üst səviyyəli liderlərin təcrübələrindən qaynaqlanan formal təlimlərlə öyrənmək bir çox şirkətlər üçün əvəzedilməz təcrübədir.
- Öyrənməyə olan marağınızı hər zaman qoruyun
Hər şeyi öyrənmə arzusu bir açardır. Ona sahib olmayan bir lider əxlaqi cizgini müəyyən edib, dəyərləndirə bilməz. Üzdə olmayan, deyilməyən şeyləri öyrənməkdə maraqlı olun. İşçilərinizin həyatı və bunun onların performansına təsiri ilə maraqlanın. Səmimi maraq nümayiş etdirsəniz, əməkdaşlarınız özlərini sizin tərəfinizdən görülən və eşilən olduqlarını hiss edəcəklər.
- Emosional etibar yaradın
İnsanlar şirkətdəki tənbeh, siyasət və cəza ilə bağlı narahatlıq keçirəndə, problemlər və boşluqlar zamanı arxa planda qalmağa meylli olurlar. Bunlar öz yerini qorxu ilə əvəzləyir və lideri nəticələr əldə etmək üçün vacib qərarlarda təkbaşına qoyur. Yaxşı nəticələr əldə etmək istəyən rəhbərlər əməkdaşlara açıq olduğunu, onları həqiqətən dinlədiyini və səhvlər etməyə icazə verdiyini nümayiş etdirməlidir. Yəni, komandasına qarşı əsl insani davranışlar göstərməlidir.
- Öhdəlik hissi yaradan güclü suallar verin
Rəhbərlər çox vaxt işçilərinə nə etmələri barədə göstəriş verməyə meylli olurlar. Bunun əvəzinə, güclü suallar verərək əməkdaşlarınızı cari prosesi kəşf etməyə və ona uyğun fəaliyyət göstərməyə istiqamətləndirə bilərsiniz. Əgər bunu etsən, nə baş verər? Hansı nəticələri əldə edəcəyimizi düşünürsünüz? Nə zaman effektiv nəticələr görəcəyik? Niyə bu ən yaxşı həlldir? Bu üsul əməkdaşlarınıza prosesə sahiblənmə, öz ideyalarını irəli sürmə və bunlardan nəticələr əldə etmə fürsəti yaradacaq.
- Əməkdaşlarınızı aktiv dinləyin
Peşəkar kouçların ən gözəçarpan bacarıqlarından biri də qarşıdakı insana fokuslana bilməsi və düşüncələrinin digər istiqamətə yönələrək bölünməsinin qarşısını ala bilməsidir. Bir rəhbər kimi, siz də bu bacarığı sadəcə sakit dayanıb iş yoldaşlarınızı kəsintisiz dinləyə bilməklə inkişaf etdirə bilərsiniz. Yaranan qəribə səssizliyin doldurulmasına qarşı müqavimət – bax, bu işin əsl məğzidir.
- Komandanız barədə ətraflı öyrənin, daha sonra onları gücləndirin
Əsl liderlər komandasının zəif və güclü tərəflərindən agah olanlardır. Bu bilgilər sizə komandanızdakı boşluqları aradan qaldırmaq üçün ehtiyacınız olan strateji gücü verir. Daha sonra, məsuliyyət götürmək üçün onları cəsarətləndirə, problemləri sizin rəhbərliyinizlə həll etmələrinə yardımçı ola və nəticəyə fokuslanan yüksək performanslı bir komanda kimi birlikdə çalışmağa fokuslana bilərsiniz.
- Gözlədiyiniz davranışlar üçün rol-model olun
Başqalarını effektiv şəkildə idarə etmək üçün, onlarda görmək istədiyiniz davranışları ilk siz nümayiş etdirin. İnsanlar gördüklərini təkrarlayır. Sizin hərəkətləriniz komandanızın prioritetlərini müəyyən edir və əgər hərəkətləriniz və gözləntiləriniz bir-birinə uyğun gəlməzsə, etibarınız zədələnəcək. Komandanızı effektiv idarə etmək üçün, siz nümunə olmalısınız.
- Komandanızın uğurunu prioritet edin
Bir kouç kimi hər bir müştərimin uğurlu olduğuna əmin olmaq mənim əsas prioritetimdir və bunun baş verməsi üçün daim ən yaxşı üsullar axtarıram. Mənim uğurum onların uğuruna əsaslanır. Peşəkar rəhbər də hər bir əməkdaşına qarşı məhz eyni yanaşmanı tətbiq etməlidir.
- Gündəlik komanda nəzarəti
Öz komandanıza hər gün nizamlı şəkildə 5 dəqiqəlik “nəbz yoxlama” ənənəsini gətirin. Əməkdaşlarınızdan aşağıdakı suallara bir cümlədə cavab vermələrini xahiş edin: Hal-hazırda nələr edirsiniz? Nələr yolunda gedir? Nələr yolunda deyil? Özünüz haqqında nələr öyrənirsiniz? Növbəti addım nədir? Və nəhayət, sizi uğura aparmaq üçün mən nə edə bilərəm?
- Aktiv toplantılar təşkil edin
Rəhbərlərin çoxu “oturaq”, yaxud ofisdaxili iclasların faydalı olduğuna inanır. Mənim fərqli yanaşmam var. Mən kimisə kouçinq edərkən, xüsusilə korporativ mühitdə aktiv nələrsə planlayıram: dırmanma, yürüş, asta qaçış – həm sizi, həm əməkdaşlarınızı hərəkət etdirəcək kiçik fəaliyyətlər. Hərəkət təşvişi aradan qaldırır və daha az gərginliyin olduğu mühit formalaşdırır. Bu da öz növbəsində daha yaxşı fikir mübadiləsinə şərait yaradır.
Müəllif: Stephynie Malik | Peşəkar kouç, Forbes Kouçlar Şurasının üzvü
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2019 · coaching.az