“Gördüyüm işin əsl mahiyyəti nədir?”, “İdeal bir şey kənardan necə görünür?” kimi suallara cavab tapmaq üçün təqribən nə qədər vaxt sərf edirsiniz? Əgər bu suallara bir qədər uzaqsınızsa, bəs onda öz inanclarınızı, düşüncə modelinizi, var olma yollarınızı və davranışlarınızı kəşf etmək üçün əslində nə qədər zaman ayırırsınız?
Mən tez- tez kouçinq haqqında və onun insan üzərindəki təsiri barədə suallar alıram. Sadə bir sual olduğu üçün ən sadə cavab tapmaq məqsədilə internetdə xeyli araşdırma apardım, lakin, hələ də hamısını bir yerdə xülasə edən birinə rast gəlmədim. Beləliklə, bu qədər araşdırmaya səbəb olan “çətin” sual haqqında gəldiyim qənaəti sizinlə bölüşürəm.
Elmi tərəfdən kouçinqin gücü
Beynimiz haqqında bildiklərimiz daim dəyişir və yenilənir. Beyin yeni neyron şəbəkəsi yarada bilir və gec-gec istifadə olunan hüceyrələri sıradan çıxarır və əksinə, daha tez-tez istifadə olunan hüceyrələri möhkəmləndirərək müxtəlif istiqamətlər formalaşdırır.
Düşüncələrimizi dəyişməklə biz beynimizdəki hüceyrə cığırını dəyişə bilərik və beləliklə, dünyaya baxış və qavrayış tərzimiz dəyişilə bilər. Kouçlar olaraq biz də bu prosesi sürətləndirmək üçün müxtəlif vasitə və texnikalardan istifadə edirik. Öz düşüncələrimiz barədə düşünməklə biz bəzi kök salmış inanclar barədə nəticəyə gəlməyə təşviq edən cavablar əldə edirik. Bu cavablar öz növbəsində hərəkətə keçmə, yaxud bundan yayınmaya əsas verən emosiyaların yaranmasına səbəb olur. Bu istiqamətdə kouçinq beynimizi dəyişdirən ən təsirli üsuldur.
Müştəri kouçinq prosesi zamanı müxtəlif düşünmə yollarını sınamağa meylli olarsa və yeni davranış və bacarıqları tez-tez təcrübədən keçirərsə, yeni sinir şəbəkəsi formalaşır, beynin ümumi mənzərəsi dəyişir və nəhayət, hətta ən çətin məşğuliyyətlər belə sadə vərdişlərə çevrilir.
Kouçinqin beyinə təsiri barədə elmi açıqlamanı öyrəndiyinizə görə, kouçinq barədə inanılmaz statistikaların – nəyə görə şirkətlər 529% ROI qazandıqları kouçinq mədəniyyətinin qayğısına qalır, yaxud nəyə görə Oprah Vinfrey kimi ən uğurlu sahibkarlar peşəkar kouçların ətrafından ayrılmır – doğruluğuna əmin ola bilirsiniz.
Bəs həqiqi kouçinq prosesi necə olur?
Çoxlu sayda kouçinq modellərinin və öz növbəsində də bir o qədər də kouçların olmasına baxmayaraq, kouçinq prosesi vasitəsilə asan ünsiyyətdə olmağın 4 sadə mərhələsi var.
- Fərqinə varma. Kouçinq düşüncələrimiz barədə fikirləşməyə təşviq edir və nəticədə biz şüurlu yaxud şüursuzşəkildə ətraf mühitdə var olmaq və onunla qarşılıqlı əlaqədə olmağımızı eqosuz mühitdə sorğulayırıq.
- Aşkarlıq. Kouçinq vasitəsilə biz real problemin konkret hissəsinə fokus ola, onu adlandıra və xarakterizə edə bilirik. Eyni zamanda faktları duyğulardan ayırırıq.
- Seçim. Kouçinq bizə cəsarətlə, maneələrsiz əvvəlki inanclarımızı limitləməyə və dəyişiklik üçün yeni fürsətlər kəşf etməyə imkan verir. Bununla biz düşünmə və davranış üsullarını inkişaf etdirən sinir hüceyrələri arasında yeni əlaqələr yaradırıq.
- İcra. Arzu etdiyimiz yerdə olmağımızı dəstəkləyən düşüncə və davranış tərzini yenidən formalaşdırmaq üçün aktiv plan, yaxud məşğuliyyət üzərində işləyirik.
Önünə məqsədlər qoyan insanların düşdüyü tələ onların birbaşa “icra” mərhələsinə keçməsidir. Fərqindəlik yaratmadan, aşkarlıq və seçimləri ayırd etmədən detallı düşünməyə zaman ayırmadan icraya keçmək, başlamadan uğursuz olmağa bərabərdir. Çünki, beynimiz bizi dəstəkləmək üçün məqsədlərimiz arasında əlaqə qura bilmir.
Kouçinq prosesinin daha bir vacib komponenti var ki, biz bunu nəzərdən qaçıra bilmərik – bu kouçdur. Ətrafınızda peşəkar bir kouçun olması sizə digər prespektivləri görməyinizə, normal vaxtda düşünmədiyiniz sualları düşünməyə, güclü metodlarla mübarizəyə qoşulmağa və etibarlı şərtlər altında inkişaf etməyinizə fürsət verir. Yaxşı kouç sizi cəzadan yayınmağa, yaxud nəyisə/kimisə günahlandırmağınıza izin verməz; onlar ən yüksək səviyyədə məsuliyyətli olmaq və öz potensialınıza inanmağınızı təmin edər.
Özünüzə kouç seçməzdən əvvəl düşünün: Dəyərləriniz oxşardırmı? Onların nə kimi bilik və təcrübələri var? Birlikdə yaxşı çalışa bilirsinizmi? Üslublarına və prosesə bələd olmaq üçün nümunə sessiya keçirmələrini xahiş edin. Ən vacibi isə, başlamazdan öncə məhz sizə lazım olan istiqamətdə olduğunuzdan əmin olun.
Kouçinqdən daha çox faydanı necə əldə etməli?
Kouçinq prosesi bir konteynerdir: məşğul olduğunuz işi bir kənara qoyub, düşüncəniz, var olma tərziniz və həyatınızın bütün aspektlərində yaratmaq istədiyiniz şah əsərinizi kəşf etmək üçün sizə məxsus vaxt və güvənli yerdir. Əgər həyatınızın memarı siz deyilsinizsə, bəs onda kimdir?
Kouçinqdən sizi təəccübləndirəcək dərəcədə fayda və ROI almaq istəyirsinizsə, aşağıdakı ən vacib sualları düşünmək üçün özünüzə bir az zaman ayırın:
- Sizin üçün ən önəmli şeylər nələrdir?
- Nələr sizi həqiqətən ruhlandırır və enerjinizi artırır?
- Əgər heç bir maneəniz olmasaydı, vaxtınızı necə sərf edərdiniz? Nələr yaratmaq istəyərdiniz?
- Uğuru necə xarakterizə edirsiniz?
Müəllif: Kristin Constable | Peşəkar kouç, Winning Academy şirkətinin qurucusu
Tərcümə: Lalə Rəsulova | coaching.az
© 2019 · coaching.az