coaching.az |

Kouçinq mədəniyyətini şirkətlərə necə gətirməli?

Kouçinqi öz biznesinə gətirərək, kifayət qədər mənfəət əldə edən qəhrəmanlardan tez- tez onun tətbiqinin ən yaxşı yolunun nə olduğunu soruşuram. Mənimlə kouçinq haqqında müzakirə etməyə gələn bir çox peşəkar insanlar artıq onun effektiv üsul olduğunu müdafiə edir, lakin bunu ətrafa yaymaq üçün bəzi çətinliklərlə üzləşdiklərini bildirirlər.

Maliyyə nəzarətçisindən öz mənfəətini güdənə, ən gənc əməkdaşdan idarə heyətinin üzvünə qədər bütün işçilər üçün kouçinqi bir mədəniyyət kimi beyində formalaşdırmaq vacibdir. Əks halda idarəetmənin dəyişdirilməsindən qaynaqlanan müxtəlif korporativ və şirkətdaxili mədəniyyət maneələri verilən tapşırıqların anlaşılmazlığına gətirib çıxara bilər.

Bütün bunları nəzərə alaraq mənim məsləhətim həmişə eyni olur: strategiya qurmaq. Planlaşdırın, əlaqələndirin və uyğun şəkildə dəyərləndirmə edin. Aydın məqsədlər üzərində fokuslanmaq və daim investisiyanın geri dönüşünü düşünməklə, ortaya çıxa biləcək bütün çətinliklərə qarşı özünüzü sığortalamış olacaqsınız.

Aşağıda şirkəti üçün uğurlu kouçinq inkişaf proqramı tətbiq etmək və formalaşdırmaq istəyən hər kəs üçün məsləhət gördüyüm 8 sadə adım qeyd edilmişdir:

  1. Biznes plan hazırlayın.

İşə nəyə nail olmaq istədiyinizi və bunun biznesinizin ümumi  məqsədləri ilə necə əlaqəli olduğunu aydınlaşdırmaqla başlayın. Daha sonra detalları əlavə edin. Şirkətdaxili kouçinq mədəniyyətinin inkişafının sizin üçün əslində nə demək olduğunu dərk etməyə çalışın. Bunun üçün minimum və maksimum ayıra biləcəyiniz resurslar məsələsində şəffaflığı qoruyun (nəzərə alın ki, büdcə təhlükəsizliyinizi qorumalısınız).  Biznes performansını artıracaq bütün  mövzulara toxunmağı unutmayın: motivasiya, öhdəlik, rifah, fərdi və komanda məhsuldarlığı və s. Qeyd edilən faktorlar nəticə etibarı ilə gəlirinizi artırdığı üçün onlara biznes planda təxmini maddi dəyər hesablamalısınız.

  1. Həllərinizi tərtib edin.

Arzuladığınız nəticəni ağlınızda tutaraq proqramınızı sxemləşdirin. Təbii ki, bunların çoxunu artıq biznes planda qeyd etmisiniz. Eyni zamanda büdcənizi nəzarət altına alaraq, real xərcləyə biləcəyiniz məbləği aydın görəcəksiniz. Daha sonra biznes planı kim, necə, hansı müddətdə kimi şərtlər daxilində formalaşdırın. Fokus qrupları istifadə etmək, həmçinin sponsorlar və səhmdarlardan rəylər almaq biznes planınızı möhkəmlətməyə və daxili alış-satış prosesinə başlamağa kömək edəcək.

  1. Çətinlikləri və maneələri dəyərləndirib, fürsətə çevirin.

Kouçinq mədəniyyətini şirkətinizdə tətbiq edərkən, təbii olaraq, biznes mühitində böyük dəyişikliklər gözlənildiyindən, buna qarşı çıxanların olması da təbiidir.  İnsanları ələ almaq üçün sabit səhmdar idarəçiliyi və bundan daha artığı – dəstək almaq və müdafiə olunmaq üçün  daxili ünsiyyət kampaniyaları tətbiq olunmalıdır. Dəstəkləmək xeyli vaxtınızı alacaq. Nizamlı ünsiyyət isə həyati önəm daşıyır. İnsanlarla münasibət qurun, araşdırma edin. Verəcəyiniz mesajda ətrafdan duyduğunuz əsas şübhələr və suallara fokuslanın və daim ciddi əngəllər törədən komanda, yaxud departamentlərə diqqət edin. Prosesin nə olduğu və niyə baş verdiyi hamılıqla dərk edilənə qədər məqsədlərinizi dəfələrlə vurğulayın. Geri bildirimlərə açıq olun.

  1. Şirkətə xaricdən peşəkar kouçlar cəlb edin.

Şirkətdə kouçinq mədəniyyəti formalaşdırarkən, güclü dayaq sütunu yaratmaq üçün yalnız daxili kouçlarla kifayətlənməyin, eyni zamanda xaricdən peşəkar kouçlar cəlb etməyə çalışın. Seçimlər çoxdur. Sadəcə düzgün seçim etmək bir neçə amildən asılıdır. Kouçinqə cəlb edəcəyiniz peşəkarların idarəetmə, yaxud liderlik səviyyələrini müəyyən edin. Şirkətinizin mədəni mühitinin uyğunluğunu nəzərdən keçirin. Onların əvvəllər hansı təşkilati struktur formalarında işlədiklərini incəliklə diqqətə alın.

  1. Daxili kouçinq bacarıqlarınızı inkişaf etdirin.

Daxili kouçinq bacarıqlarınızı necə inkişaf etdirmək istəyərdiniz? Biznes mühitində kimin kouçinqə ehtiyacı var? Bundan əlavə, kouçinqin gündəlik biznesinizin özəyi olmağını istəyərdinizmi? Əgər belədirsə, şirkətin bütün səviyyələrdəki əməkdaşları ilə tez-tez və açıq müzakirələrə ehtiyac var. Məsələn, orta səviyyəli idarəçilər üçün öz komandaları ilə birgə qrup kouçluğu keçirmək ideal seçim olar. Bunu necə etmək lazım olduğunu onlara öyrətməklə, yeni istedadların yetişməsinə, kouçinqin şirkətin təməl dəyəri kimi formalaşmasına və nəhayət daha məhsuldar, motivasiyalı və faydalı işçi qüvvəsinə sahib ola bilərsiniz.

Şəkildə: Məqalənin müəllifi Rachel Daniel koçiləri ilə birlikdə.
  1. Kouçlarınızı və onların yanaşmalarını nəzarətdə saxlayın.

Şirkətdə görmək istədiyiniz struktur dəyişikliyindən asılı olmayaraq, kouçlarınızı dəstəkləyin. Məqsəd  onların mümkün qədər effektiv kouçinq keçirmələrindən əmin olmaqdır. Nəzarət bu işə yardımçı olmaq üçün ən faydalı vasitədir. Bu yalnız kouçinq prosesinin keyfiyyətini deyil, eyni zamanda şirkətə və kouçinq mədəniyyətinə fərdi yanaşmanın formalaşmasına da kömək edəcək.

  1. Xidməti şirkət üçün fərdiləşdirin.

Kouçinq prosesinin şirkət mühitinə uyğunlaşdırılması önəmlidir, eyni zamanda onun şirkət siyasətinə və prosedurlarına da uyğun olması vacibdir. Kouçluğu şirkətin tərkib hissəsinə çevirmək yazılı qaydalar da daxil olmaqla, digər bütün səviyyədəki qayda-qanunların qorunmasını tələb edir. Kouçinq proqramını bəyan edən yazılı sənədləşmənizin olduğundan əmin olun. Şirkət siyasətiniz kouçinqin  gündəlik idarəetmə prosesinə daxil olmasını əks etdirməlidir.

  1. Proqramın effektivliyini qiymətləndirin.

Təbii ki, heç bir proqram qiymətləndirmə olmadan yekunlaşa bilməz. Proqramın mərhələlərini və cədvəlini göstərən, eyni zamanda daim kouçların və koçilərin (kouçinq xidməti alan şəxslər) bir-birinə geri bildirim verə biləcəyi bir platforma yaradın. Bu platforma vasitəsilə hesabat formasında təqdim edə biləcəyiniz məlumatlar toplamağa fokuslanın. Kəmiyyət və keyfiyyət meyarlarını necə əldə edəcəyiniz barədə düşünün. Beləcə, növbəti idarə heyəti iclası üçün söyləyəcək sözləriniz formalaşacaq.

Müəllif: Rachel Daniel | Executive Coach
Mənbə: Trusted Coach Directory
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2019 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.