coaching.az |

Komanda kouçluğunda 5 texnika

Hərtərəfli düşünmə tərzi sayəsində “beyin fırtınası” konsepsiyası problemlərin həllinə qeyri-formal və sərbəst yanaşma gətirdi. Bu konsepsiya müştərilərin öz fərdi ideyalarını irəli sürməyə də təşviq edir. Bəzən bu ideyalar çılğın şəkildə görünsə də, onların çoxu kreativ ola bilir və nəticədə problemin həllinə aparır. Onlardan bəziləri digər ideyaların yaranmasına səbəb ola bilir. Bu, müştərilərinizin daha geniş  ölçüdə düşünməsini təmin edən mükəmməl konsepsiyadır.

Bu sahədə çalışan kouçsunuzsa, müştərilərinizin açıq müzakirəyə hazır olması üçün mühit və fərziyyələri aradan qaldırmaqla problemin müxtəlif tərəflərdən analiz edilməsinə şərait yaratmalısınız.

“Beyin fırtınası” konsepsiyası kouçluqda yeni deyil. Kouçların çoxu müştərinin kreativliyini üzə çıxarılmaq üçün onu necə istifadə etməyi yaxşı bilirlər. Aşağıda komanda kouçinqi zamanı istifadə edə biləcəyiniz “beyin fırtınası” texnikaları haqqında məlumat verilmişdir.

Düşüncənin yazılması texnikası

Bu, müzakirə əsasında fikir ayrılıqlarını ortaya çıxaran texnikadır. Kouçun ilkin məsuliyyəti mövzunu təqdim etməkdir, daha sonra müştərilər fərdi ideyalarını yazırlar.

Bu, “çərçivələnmə” kimi bilinən müddəti aradan qaldırar və iştirakçılara fərdi fikirlərini qrupla paylaşmağa fürsət yaradır. Eyni zamanda onlar öz ideyalarının içərisinə çoxlu düşüncələr yerləşdirərlər ki, bu da xüsusilə daxilə qapanıq olan insanlar üçün faydalı olur. Bu texnikadan ortaya çıxan ilk fikrin təsiri altında qalan bir qrup üçün istifadə etmək çox səmərəlidir.

Fərdi müştərilərin narahatlıq hiss etmədən təkbaşına düşünməsini təmin etməklə, başqa heç vaxt ağıllarına gəlməyəcək konsepsiyaların yaranmasına nail ola bilərsiniz. Fərdlərin beyin fırtınasından, xüsusilə düşüncəni yazma texnikasında istifadə etməsi yeni ideya cığırlarının açılmasına səbəb olacaq.

Təsviri düşünmə texnikası

Özünü başqasının yerinə qoyaraq düşünmək təsviri düşünmə texnikasıdır. Öz ideyan haqqında düşünərkən, digər insanların bu istiqamətdə nələr düşünə biləcəyini təsvir edə bilərsiniz. Bu texnikadan istifadə edən kifayət qədər insan tanıyıram və bu onların işinə yarayır, lakin müştərilərin bu texnikadan istifadə etməsi üçün rol-oyunu konsepsiyasını mənimsəməsi lazımdır. Təsviri düşünmə texnikası həddən artıq müxtəlif ideyaların törəməsinə səbəb olur. Xüsusilə hər yeni layihə üçün bənzər fikirləri təkmilləşdirən qruplar üçün bu texnika daha uğurlu seçimdir.

Texnikanı tətbiq etmək üçün mövzu verildikdən sonra sadəcə “Apple-in CEO-su Tim Cook bu vəziyyətdə nə düşünərdi və ya edərdi?” sualını vermək kifayətdir. Üçüncü bir şəxsə istinad etdikdə, müştərilər öz düşüncələrini genişləndirə bilər, digər halda isə fikirlər çərçivəli olaraq qalacaq. Bu texnikadan istifadə müştərilərə birdən artıq baxış bucağı bəlirləyir.

Ulduz partlayışı texnikası

Ulduz partlayışı texnikası daha çox cavablar tapmaq əvəzinə suallar formlaşdırmağa fokuslanır. Bu texnika ilə kouçlar müştərilərini mövcud mövzu ətrafında bacardıqca daha çox suallar verməyə məcbur edir.

Kouç sessiyanı müştərilərə mövzuya uyğun sual verməklə başlaya bilər. Daha sonra müştərilər WH tipli suallardan (kim?, nə?, nə zaman?, harada?, niyə?, necə?) istifadə edərək, sual siyahısını formalaşdırırlar.

Sessiya zamanı müştərini hər hansı suala cavab vermək üçün təşviq etməyə ehtiyac yoxdur. Onlara bacardıqca daha çox sual yazmaq üçün konsentrasiya olmalarına icazə verin. Sessiyanın gedişatından asılı olaraq, daha sonrakı mərhələdə cavabların axtarışına yönələ bilərsiniz.

Bu texnika ilə, cavab tapma əvəzinə sualları sıralamaq, yeni sualların formalaşmasına səbəb olur. Bu, hər kəsə yeni ideyanı qiymətləndirməkdə kömək edəcək. Eyni zamanda komandaya bir layihənin bütün tərəflərini görməkdə faydalı olacaq bir texnikadır.

Sürətli konseptləşmə texnikası

Əgər vaxtınız məhduddursa və ideyaları daha sürətlə fikirləşməlisinizsə, o zaman sürətli konseptləşmə texnikası beyin fırtınası zamanı daha çox fayda gətirəcək. Seçilmiş mövzu haqqında müştərinizə sessiyada əvvəl məlumat verin. Daha sonra sessiya zamanı təyin edilmiş məhdud zaman çərçivəsində mövzu ilə əlaqədar bütün ideyaları yazmalarını xahiş edin.

Bu texnikanın özəlliyi ondan ibarətdir ki, siz ideyaları şəxslərə uyğun asanca xüsusiləşdirə biləcəksiniz. İştirakçılar ideyalarını yazmaq üçün müxtəlif vasitələrdən – lövhə, karandaş, qələm, qeyd vərəqlərindən – istifadə edə bilər və istənilən vasitə onların yaradıcı funksiyasının işə düşməsinə xidmət göstərəcək.

Normal halda sürətli konseptləşmə texnikası 45 dəqiqədən artıq olmamalıdır. Lakin mövzunun mürəkkəblik dərəcəsindən asılı olaraq, bu müddət bir az uzadıla bilər. Əgər müştərinizin təşvişini hiss etsəniz, o zaman bunu mümkün qədər tez tətbiq edin.

Nərdivan texnikası

Nərdivan texnikası ilk dəfə 1992-ci ildə istifadə edilib və qrup iştirakçılarını onlara təsir edəcək fikirləri eşitmədən, öz ideyalarını irəli sürmək fürsəti verdi.

Beyin fırtınası sessiyasını bu texnika ilə başlamaq üçün mövzunu qrupa elan edirsiniz. Daha sonra qrupun iki üzvü otaqda qalır və birlikdə ideyaları müzakirə edir. Daha sonra xaric olunmuş üzvlər tək-tək otağa daxil olur və otaqdakı iki nəfər mövzu ilə əlaqədar fikirlərini bölüşmədən əvvəl daxil olan şəxs öz fikirlərini bildirir. Bu proses bütün üzvlərin otağa daxil olmasına qədər davam edir.

Nərdivan texnikası qrup kouçluğu üçün, xüsusilə digərlərinin təsiri altına düşən üzvlər üçün çox faydalıdır. Eyni zamanda bu qrupun utancaq üzvlərinin də heç bir narahatlıq hiss etmədən, sərbəst şəkildə fikirlərini bildirməsi üçün ən yaxşı metodlardan biridir.

Beləliklə, əgər qrup və fərdləri beyin fırtınası texnikasında birləşdirmək istəyirsinizsə, nərdivan texnikası hər ölçüdə qruplar üçün məsləhətlidir. Yaddan çıxarmayın ki, əgər qrupun ölçüsü 15 nəfəri ötərsə, beyin fırtınası prosesi daha uzun vaxt tələb edəcək.

Müəllif: Paige Ellingson | ICF Blog
Tərcümə: Lalə Rəsulova | coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.