Alman yazıçı Eckhart Tolle hal-hazırda dünyanın ən məşhur ruhani təlimçilərindən və natiqlərindən biri sayılır. Əsl adı Ulrich Leonard Tölle olan yazıçı 1948-ci ildə Almaniyada doğulmuşdur. Daha sonralar o, soyadını orta əsrlərin alman mistiki Meister Eckhartın şərəfinə Eckhart olaraq dəyişmişdir.
Eckhartın uşaqlığı problemlər içərisində keçmişdir. O, müsahibələrinin birində Almaniyadakı uşaqlıq dövrünə təsadüf edən ailədaxili problemlərindən və ibtidai məktəbdə yaşadığı münaqişələrdən bəhs edir. Daha sonra, 13 yaşında İspaniyaya, atasının yanına köçür. Eckhart burada atasının təklifi ilə təhsili ev şəraitində alır və uzun müddət heç bir təhsil müəssisəsinə getmir. Onun təhsilə öz yanaşması vardı; fəlsəfə, ədəbiyyat və astranomiya ilə maraqlanır, ingilis və ispan dillərini öyrənirdi.
Eckhart 19 yaşında Londona köçür və bir məktəbdə iş adamları üçün alman və ispan dili dərsləri verməyə başlayır. Buradakı həyatında o, dərin depresiya, narahatlıq və qorxu dövrü keçirmiş və “həyatın özünə müraciət edərək, suallarına cavab axtarmağa başlamışdır”.
“Telegraph” jurnalına bir müsahibəsində o, belə deyirdi.
“23 yaşına qədər … mən insan intellektinin imkanları ilə maraqlanmağa başladım. Düşüncələrim getdikcə aktivləşirdi. Mən fəlsəfə, psixologiya və ədəbiyyatın üzərindən öz düşüncələrimin içərisində cavab axtarırdım. Düşünürdüm ki, bu cavablar fəlsəfi düşüncə labirintlərində tapılacaq. Bütün bunlar universitetə hazırlaşdığım və axşam kurslarına getdiyim dövrə təsadüf edir”.
Uzun müddət instensiv depresiya içərisində yaşayan və intiharın eşiyinə gələn Eckhart bir gün daxili gücünün köməyi ilə bu vəziyyətdən xilas olmağı bacarır. Ruhani aydınlığının başlanğıcı sayılan bu hadisə onun 29 yaşında baş vermişdi. Yazıçı və jurnalist John Parkerə müsahibəsində o, bir gecə güclü və dözülməz depresiya hissi oyandığını və yaşadıqlarını bu şəkildə nəql edir:
“Mən artıq özümlə yaşaya bilmirəm. Daha sonra isə cavabsız qalan sual yarandı: “Özümlə yaşamağı bacarmadığım bu “mən” kimdir? Ümumiyyətlə, “mən özüm” kiməm? Get-getdə boşluğa yuvarlandığımı hiss edirdim. Bu an həqiqətən nəyin baş verdiyini dərk etmədim: keçmiş-gələcək müstəvisində oturan və düşüncələrimin məhsulu olan xəyali bədbəxt mən çökdü. Bütün bunların hamısı qeybə çəkildi. Növbəti gün yuxudan oyanarkən hiss etdim ki, daxilimdə olanlar qeyri-adi sakitlik və tarazlıqdadır – daxilimdə artıq əvvəlki “mən” yox idi. Məni baş verənləri sakitlik içərisində müşahidə edən həyat enerjisinin hissi bürümüşdü”.
Eckhart Tolle ali təhsilini London və Cambridge Universitetlərində almışdır. O, hal-hazırda Kanadanın Vancouver şəhərində yaşayır və fəaliyyət göstərir. Tərz olaraq heç bir din və adət-ənənə ilə bağı olmasa da, Sufilik, Zen-Buddizm kimi şərq fəlsəfi sistemlərindən və ustadı saydığı Meister Eckhartin təlimlərindən faydalanmışdır. “İndinin gücü” və “Yeni dünya” adlı bestseller əsərlərinin müəllifidir.
Zəmanəmizin əhəmiyyətli mütəfəkkirlərindən sayılan Eckhart Tollenin bəzi faydalı düşüncələrini aşağıda sizin üçün topladıq.
- Müdriklik sakit olma bacarığı ilə birlikdə yaranır. Sadəcə bax və dinlə. Başqa heç nə lazım deyil. Sən sakit olduğun zaman, sadəcə baxıb dinlədiyin zaman, bu sənin daxilində müxtəlif anlayışlardan azad olan düşüncəni aktivləşdirir. Qoy sakitliyin sənin sözlərini və əməllərini istiqamətləndirsin.
- Həyat hər zaman bu anda – indi baş verir.
- Əgər siz keçmişdə ilişib qalmısınızsa və dəyişikliklərə müqavimət göstərirsinizsə, demək ki, həyatın təbii axınına müqavimət göstərirsiniz. Belə olduqda siz əzab çəkməyə məhkumsunuz… Sevin, həyatı tam yaşayın, bu günə sevinin və gələcək parlaq olacaq.
- Gələcəkdə edəcəyiniz həddən çox işin yükünü beyninizdə daşımayın. İndi edəcəyiniz bir işə fokuslanın.
- Sizə cəlb olunanlar və sizdən yayılanlar sizin daxili dünyanızla uyğunluq təşkil edir.
- Təsəvvür edin ki, gecə vaxtı bir cığırla gedirsiniz. Yolunuzda qatı duman, əlinizdə isə qaranlığı yaran və önünüzə dar yol salan güclü fənər var. Duman – bu, həyat şərtləriniz, keçmişiniz və gələcəyinizdir. Fənər – yolunuzda şuurlu gedişinizdir. İşıqlandırılmış yol isə – indidir.
- Qorxu o vaxt yox olur ki, sizi vahiməyə salan şeylər haqqında düşünmək yerinə, onları həyata keçirməyə başlayırsınız. Əgər biz qorxuya diqqətlə baxsaq, onu incələyib, araşdırsaq, görərik ki, o, əslində yoxdur və bizim yaratdığımız qarabasmadır.
- Daxilinizdəki sakitliyə toxunuşunuzu itirsəniz, özünüzlə ünsiyyəti itirərsiniz. Özünüzlə ünsiyyəti itirsəniz, özünüzü dünyada itirərsiniz.
- Daxilinizdə baş verənlərlə xaricinizdə baş verənlərdən daha çox maraqlanın. Daxilin dünyanızda hər şey qaydasında olsa, sizi əhatə edən dünyada da hər şey qaydasına düşəcək.
- Narahatlq, təlaş və təşvişlər – bütün bunlar sadəcə düşüncədir. O, böyüməsin deyə özümüzə bu sualı verə bilərik: “Mən fərqli şəkildə düşünə bilərəm?” Zehniniz sizi hər zaman “ora bax” deyə istiqamətləndirəcək, siz isə ona (zehnə) baxın. Siz özünüzü bu düşüncə ilə eyniləşdirmək yerinə, dərk edəcəksiniz ki, siz düşünən deyilsiniz, düşüncələr üçün məkansınız.
- “Nə vaxtsa” yoxdur. Sadəcə indi vardır. Əgər sizin hazırki həyat yolunuz sevinclə dolu deyilsə, o zaman özünüzə başqa yol seçin.
- Sən bədbəxtliklərinə vaxt ayırmaqla onu bəsləyirsən. Vaxt – onun qanıdır.
- Qəzəb olan yerdə ağrılar gizlənmişdir.
- Həyat şərtlərinizi davamlı şəkildə yaxşılaşdırmağa çalışmaqla rahatlıq (hüzur) tapa bilməzsinız. Rahatlığı həqiqətdə kim olduğunuzun fərqinə varmaqla tapa bilərsiniz.
- Bir şeylə savaşsanız, onu hər zaman güclü edəcəksiniz.
- Bütün həqiqi sənətkarlar – bunu anlasalar da, anlamasalar da – əsərlərini düşüncənin olmadığı prosesdə yaradırlar.
- Bədbəxtliyin əsas səbəbi bu vəziyyətin özü deyil, sizin bu vəziyyət haqqında düşüncələrinizdir.
- Aydınlanma – əzabların və bitməz, tükənməz daxili və xarici konfliktlərin sona çatması deyil. O, eyni zamanda məcburi düşüncələrin əsarətindən də xilas olmaqdır.
© 2017 · coaching.az