coaching.az |

Həyatın mənası nədir?

Hər bir insan dünyaya müəyyən missiya ilə gəlsə də, onu dərk etmək və həyata keçirmək çoxları üçün əlçatmaz olur. Səbəbi bəsitdir – üzərimizə düşən missiyalar əslində çox sadədir, ancaq,  biz həyatımızı mürəkkəbləşdirdiyimiz kimi, müssiayalarımızı da mürəkkəbləşdirir və çətinləşdiririk. Hər şeydə daha dərin məna axtarırıq. Adətən həyatımızda da belədir – çox zaman gözümüzün önündə olan əşyaları görmürük.

Uşaqların hər şeyi çox sürətlə dərk etdiyi və qavradığı hamımıza məlumdur. Böyüklər uşaqların dünyasına, düşüncələrinə çox sadəlöhv yanaşır və diqqət yetirmirlər. “Uşaqların dili ilə” olan ifadə həqiqətə çox uyğundur. Nədən? Çünki onlar hər şeyə çox sadə yanaşırlar və hər bir məlumatı açıq və olduğu kimi qəbul edirlər.

Bir az kənara çıxım; bu yaxınlarda coaching.az portalında “Hər şey çox sadədir!” başlığı ilə qısa məqalə yazmışdım. Facebookdakı paylaşımın altında bir şəxs yazıya belə şərh yazmışdı: “Sitat cox sadə deyilmi?” Bu şəxslə müzakirə zamanı aydın oldu ki, o, heç məqaləni oxumadan fərziyyə yürüdür. Bu necə ola bilər axı?!

Yaşımız və təcrübəmiz artdıqca, beynimizdəki blok (maneə) və komplekslərin də sayı artır. Onları tarakan da adlandırmaq olar. Bu tarakanlar bizimlə birlikdə böyüyürlər və yaşadığımız hər problemdən və insanların pis rəftarından “qaralırlar”. Təxmini olaraq 40 yaşa çatdığımızda qap-qara tarakan sürüsünə çevrilib, həyatımızı korlayırlar.

Bizlər gənc olarkən 40 yaşı özümüzə hədd qoyuruq ki, ya bu yaşa kimi hər şeyə nail olacağıq, ya da uğursuzluğu boynumuza almaq məcburiyyətinə gələcəyik. Bu da gəncləri çox çalışmağa, şəxsi həyatlarını işə qurban verməyə vadar edir. Və bir gün həyatla vida anı gələndə düşünürlər ki, bəs “Mən həyatda nəyə nail olmuşam?”, “Onu necə başa vururam?”, “Mənim missiyam nə idi?”. Hər birimiz həyatda çoxlu buna bənzər suallarla qaşılaşırıq.

Bir lətifə xatırladım (lətifələrdə həqiqət payı var, axı onlar həyatda baş verən hadisələrdən yaranır).

Bir kişi ölümdən sonra o dünyada Tanrı ilə qarşılaşır və soruşur:

– Bəs mənim həyatda missiyam nə idi? Mən onu anlaya bilmədim.

– Məmməd, yadındadır, sən 1 il öncə kafedə oturmuşdun. Bir xanım qonşu stoldan səndən düzqabı xahiş elədi…

– Hə, yadımdadır. Mən də verdim.

– Sənin missiyan elə bu idi!

Bu əlbəttə bir zarafatdır, amma mənalı zarafat.

Əgər biz həyatımızı uğurla yaşamaq istəyiriksə, deməli baş verən hadisələri analiz edib, onun mənasını dərk etməyi bacarmalıyıq

Əgər biz həyatımızda baş verən çətinliklərdən dərs alıb, lazımlı dəyişiklikləri etməzsək, çətiniklər təkrarlanar. Çətinlik anında bizim kim olduğumuz, nəyə qadir olduğumuz ortaya çıxır və həyatımızın mənasını anlamaq üçün bizə yeni şans verilir.

Düşünə bilərsiniz ki, mən bir rahib kimi sizə hansısa dini kitablardan misallar gətirib, moizə oxuyuram.  Xeyr. Mən bunları öz həyatımda yaşamışam. Dəfələrlə çox ciddi problemlərlə üzləşib, həyatı bu problemlərin vasitəsi ilə öyrənmişəm. Həyat əslində bir universitetdir – hər il yeni mövzülar öyrənib, yeni imtahanlarla üzləşirik. İmtahanı yaxşı verməyincə həyatda heç nə müsbətə doğru dəyişmir.

Həyatınızda hər hansı çətinlik yarananda panikaya düşməyin – sadəcə, nələri dəyişmək lazım olduğunu düşünün. Diqqətlə analiz edin və baxın ki, nə baş verir, həyat sizə nə demək istəyir? Sual verin və cavabını gözləyin. Mütləq cavab alacaqsınız – cavabı kimsə sizə verəcək, o sizin həyatınıza gələcək və cavab gətirəcək. Bu cavabı axtardığınız zaman qonşu masada oturan iki şəxsin söhbətində də, hətta radioda da bu cavabı eşidə bilərsiniz. Və ya hər hansı bir mahnıda. Yetər ki, bu cavabı eşitmək istəyin.

Mən öncələr ətrafımdakı insanların yalanlarına göz yumurdum, düşünürdüm ki, eybi yoxdur, necə olsa dostumdur, qohumumdur. Amma sonunda bunun problemə dönməsinə yol açdım. Artıq bu yalanlara yol vermirəm. Artıq mənim üçün hər şey dəyişib.

Ən böyük problemlərə gətirib çıxaran da elə bu yalanlar olur. Onlara göz yumanda və ya digərlərini aldadanda hər şey korlanır. Mənim sizə məsləhətim bu yalanlardan uzaq durmaqdır. Deyəcəksiniz ki, bəs necə edək, axı həqiqəti heç kimsə qəbul etmir.

Bax siz nəyə üstünlük verərdiniz? Həqiqəti eşitməyə, yoxsa nağıllara qulaq asmağa?

Həyatın mənası nədir? Bu yaxınlarda bir nəfərə bu saulı verdim. Cavabı isə o oldu ki, bu sirri bilən dünyanın ən xoşbəxt insanı olar.

Əgər xöşbəxt olmaq istəyirsinizsə öz həyatınızı incələyin, baxın ki, həyatınız sizə hansı mesajları verir, sizə nə demək istəyir və nəyi dəyişmək lazımdır.

Ardı var …

Ramin Musayev

Ramin Musayev – iqtisadçı və maliyyəçi. Karyerasına bank sistemində başlamış, sonardan öz şəxsi biznesini qurmuşdur. 2002-ci ildə Apple şirkətinin biznes partnyoru olmuşdur. Autograph.az jurnalının təsisçisi və direktoru, eyni zamanda avtomobil jurnalistidir. 2016-cı ildə QarajPro proyektinin yaradıcısı və PR direktoru, eyniadlı TV verilişinin aparıcısı. 2016-cı ildə Auto FM-də Qaraj verilişinin aparıcısı.

 

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.