coaching.az |

Həyatımı yenidən yaşasaydım

Erma Louise Bombeck (1927-1996) bir zamanların məşhur jurnalisti, radio aparıcısı və yazıçısı olmuşdur. O, 15 bestseller kitabın və 4000-dən çox qəzet məqaləsinin müəllifidir. Satira və yumor üslübunda olan yazıları gündəlik həyat, qadın və ailə problemləri kimi aktual mövzuları əhatə edirdi.

Erma həyatı boyu problemlər içərisində yaşasa da – atasını uşaq yaşlarında itirmiş, yoxsul həyat yaşamış və bütün həyatı boyunca böyrəyindəki problemlərlə yaşamışdı – heç vaxt pozitivliyini və ümidini itirməmişdi. Gecəsini gündüzünə qataraq çalışmış, jurnalistika peşəsinə yiyələnmiş, ailə qurmuş, ana olmuşdu. İşsiz qaldığı zamanlar da oldu, ancaq o, heç vaxt təslim olmadı. Sağlamlıq problemləri də bu güclü qadına mane ola bilmədi – onun həyatını xəstə vücudu deyil, bu vücudun içərisində bəslədiyi sağlam ruhu idarə edirdi. Vaxtı gəldi və gənc Ermanın yorulmaz əməyi cavabsız qalmadı – o, artıq sayı milyonlarla ölçülən və Amerikadan Kanadaya qədər uzanan böyük auditoriya tərəfindən izlənən jurnalist və yazıçı idi. 80-ci illərdə onun illik gəliri bir milyon dollara yaxın olmuşdu.

Erma və Bill Bombeck övladları ilə birlikdə

Andan həzz al! Titanikin şam yeməyi sonrasında desertdən imtina edən sərnişinlərini xatırla.

Erma Bombeck

1960-1990-cı illərin amerikalıları Ermanın dəsti-xəttinə yaxşı bələddirlər. O, sevilən və sözü böyük etibar görən ziyalı idi. Ancaq, bu xanımın son yazılarından biri – “Əgər həyatımı yenidən yaşaya bilsəydim” – milyonların qəlbini sızlatdı. Bu yazı bütün həyatı boyu pozitiv düşüncələrlə və ümidlə yaşayan, ancaq ömrünü xərçəng xəstəliyi ilə başa vuran bir insanın peşmanlıq yazısı idi. O, insanları sahib olduqlarının qiymətini bilməyə və “anı yaşamağa” dəvət edirdi.

Siz dəyərli oxucularımızı bu yazı ilə baş-başa buraxırıq. Əslində bu cümlələr bizim düşüncələrimizin də bir aynasıdır…

Həyatımı yenidən yaşasaydım,

Xəstə olduğum zaman çarpayıda uzanıb dincələrdim və hər şeyin pis olacağı barədə düşüncələri beynimdən qovardım.

Gül şəkilində olan çəhrayı şamı saxlamaz və yandırardım.

Daha az danışar, ancaq daha çox qulaq asardım. Yerlər kirlənsə də, masadakı süfrəm ləkələnsə də daha çox dostumu axşam yeməyinə dəvət edərdim.

Evin salonunda televizora baxarkən partladılmış qarğıdalı yeyər və yerlərin kirlənməsindən qorxmazdım.

Mənə gəncliyindən danışmağa çalışan babama daha çox vaxt ayırardım. Həyat yoldaşımın öhdəliklərini daha çox bölüşərdim.

Saçım dağılmasın deyə avtomobilin pəncərəsinin açılmasına mane olmazdım.

Paltarımın kirlənməsini vecimə almadan çəməndə oturardım. Televizora baxarkən daha az, həyata baxarkən isə daha çox ağlar və gülərdim. Ömür boyu qarantiyası var deyilən heç nəyə pul xərcləməzdim.

Hamiləliyimin tez zamanda başa çatıb doğmağın yerinə hamilə olduğum hər anın zövqünü yaşayardım və daxilimdə bir canlı yaratmağın nə qədər müdhiş hadisə olduğunun fərqinə varardım… Bu, o qədər nadir hadisədir ki… Möcuzədir lap.

Övladlarım məni öpmək istədiyində bir daha “əvvəlcə get əlini, üzünü yu” deməzdim. Onlara daha çox “səni sevirəm”, bundan da daha çox “üzr istəyirəm” deyərdim.

Ancaq, başqa həyat şansı verilsəydi, ən çox edəcəyim şey bu həyatın hər dəqiqəsini dəyərləndirmək olardı.

Diqqətlə bax.

Gerçəkdən gör….

Yaşa.

Vaz keçmə.

Xırda şeylər üçün şikayətlənməkdən vaz keç.

Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə edəcəyi məni maraqlandırmazdı.

Bunun yerinə əlaqələrimi gücləndirməyə çalışardım.

Sahib olduğunuz ruhi, fiziki və emosional hər şey üçün şükr edin.

Bircə həyatınız var və o, günlərin birində başa çatacaq.

Ümid edirəm ki, hər gününüzün qiymətini biləcəksiniz.

Sevgilərlə,
Sizin Erma

Erma Bombeck

Ermanın kitablarını oxumaq popkorn yeməyə bənzəyir – əl çəkə bilmirsiniz, heç bunu istəmirsiniz də.

Associated Press 

© 2020 · coaching.az ·

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.