İnsan olaraq gözəl vərdişlərimizdən biri budur ki, günə başlayarkən əl-üzümüzü yuyur və təmizlənirik. Əvvəlki günün kirini yumaq və yeni günə təmiz başlamaq bizə rahatlıq və yüngüllük hissi bəxş edir. Əl-üzümüzü yumadan harasa gedəndə isə sanki özümüzü ağır yük altında hiss edirik.
Başqa gözəl bir vərdişimiz də ətrafımızdakı insanları “sabahın xeyir”lə salamlayaraq onlara gözəl enerji ötürməkdir.
Bura qədər hər şey gözəl, hər şey pakizə. Bəs başqalarına xeyirli sabahlar diləyərkən özümüzün sabahının xeyirli olub-olmadığına əhəmiyyət veririkmi? Günə fiziki gigiyena ilə başlayan bizlər mənəvi və ruhi gigiyenamıza diqqət edirikmi?
Bir çoxumuzun – bu sətirlərin müəllifi daxil – mobil telefon asılılığı kimi xoşagəlməz vərdişi var. Gün başlayar-başlamaz əlimiz bizdən soruşmadan telefona doğru uzanır və heç də fərqində olmadan şifrəni daxil edib, sosial media hesablarımıza daxil oluruq. Ya da ki, səhər yeməyinə oturarkən televizorun pultunu əlimizə alıb, diqqətimizi xəbər kanallarına fokuslayırıq. Təəssüf ki, çox vaxt səhərlərimizi dünyanın mənfi xəbərləri və stresi məşğul edir. TV-nin, ya da ki, sosial medianın mənfi enerjisi səhər-səhər ruhumuzu kirlətləməyə başlayır. Elə bil ki, günə bu cür başlanğıc artıq vazkeçilməz səhər ritualına çevrilib.
Beləliklə, bir çoxumuz böyük stres yükünün – qorxunun, narahatlığın və inamsızlığın altında əzilən ruh və beyinlə günə başlayırıq. Günə başlamağın keyfiyyəti isə çox vacibdir. Çünki, bu başlanğıcın günün gedişatına və keyfiyyətinə təsiri az deyil. Unutmayaq ki, mənfi xəbərləri və ya sosial media paylaşımlarını bir-iki saat gec oxumaqla dünya görüşümüz kasad qalmaz və heç nəyə gecikmərik.
Unutmayaq ki, bədənimizi əsir alan xəstəliklər birdən-birə yaranmır. Hər səhər ruhumuza damcılayan mənfi enerjinin bu xəstəliklərin yaranmasında nə qədər rolu var, gəlin bu barədə bir azca fikirləşək. Həyatımız boyunca yükləndiyimiz mənfi enerjilərlə əslində biz taleyimizi müəyyən edirik.
Bəs günü lehimizə başlatmaq üçün nə edə bilərik?
Hər şeydən əvvəl, günə neqativ başlanğıcın nə mənaya gəldiyini anlamağa cəhd etməliyik. Ümumiyyətlə, nəyisə dəyişmək istəyiriksə, bu dəyişikliyin bizə nə qazandırcağını və ya dəyişməyəcəyimiz təqdirdə, nələri itirməyə davam edəcəyimizi düşünmək faydalıdır.
Hər səhər özümüzə “sabahın xeyir” deyərək, günə xeyirli olanlarla başlaya bilərik. İcazəmizi soruşmadan gündəmimizə soxulan mənfi xəbərlərə, stresə, qorxulara və çətinliklərə deyil, öz iradəmizlə ortaya çıxan və həqiqətən də bizə, öz gündəmimizə aid olan gözəl düşüncələrə – ümidlərə, arzulara və gələcək planlara fokuslanmaq xeyirli başlanğıc ola bilər.
Günə günəş kimi başlamağı bacarmalıyıq; gülümsəyərək, işıq saçaraq, isidərək.
“Günəş insanlara həyatın ən böyük ismarışıdır. Onun yenidən başlaya bilmək gücü var. Günəş dünya yaranandan bu yana hər gün batır və yenidən doğur. Batmaqdan və yenidən doğmaqdan usanmır, yorulmur, qorxmur və bunu hər gün eyni həvəslə və eyni şövqlə edir. Beləliklə də, həyatın sirrinin batmaqda və yenidən doğmaqda olduğunu bizə anlatmağa çalışır. Demək istəyir ki, insan da qaranlığa qərq olduğu günlərin növbəti səhərində günəş kimi yenidən doğmağı bacarmalıdır. Batmasan, doğa bilməzsən. Doğuş yeni başlanğıc deməkdir və həyatın canlılığını qorumaq üçün vacibdir. Günəşin digər böyük mesajı paylaşmaqdır. Günəş öz işığını, odunu, istiliyini, enerjisini bütün dünyaya paylamağı sevir. O, dünya yaranandan öz nurunu və istiliyini bütün kainata ələyir, ancaq işığı azalmır. İnsan da bu həqiqətdən dərs almalı, qaranlıq kimi xəsis deyil, işıq kimi səxavətli olmalı və başqaları ilə bölüşməyi bacarmalıdır. İnsan günəş kimidir. İçindəki işığı paylaşdıqca parlayacaq. Paylaşmasa, qaranlıq kimi sönük və soyuq olacaq”.
“Dan ulduzu” romanından
Səhərin sakitliyi, səhər mehi, səhər duası, səhər meditasiyası, səhər mütaliəsi, səhər musiqisi və s. günə gözəl başlanğıc ola bilər. Seçimlər çoxdur və hamısı öz əlimizdədir. Yetər ki, yeni həyata yeni şans sayılan səhərlərin qiymətini anlayaq və dəyər verək.
Son olaraq, hər səhər qapıdan çıxarkən gözəl niyyət tutmaq başqa bir gözəl başlanğıc ola bilər. Misal üçün, “bu gün ətrafımdakı insanların daha çox gözəl tərəflərini görməyə fokuslanacağam” – günə belə bir niyyətlə başlamaq həyatımızı daha mənalı və daha yaşana bilən edər.
Sabahlarınızın xeyirli başlaması diləyi ilə!..
Elçin Əzimli
Biznes kouç və təlimçi, Emosional intellekt üzrə sertifikatlaşmış mütəxəssis
“Dan ulduzu” romanının müəllifi
© 2020 · coaching.az