EQ, yəni, emosional zəka (duyğusal zəka) məhfumu ilk dəfə psixologiya elminin araşdırma mövzusu olaraq ortaya çıxsa da, son illərdə peşəkar iş həyatının da ən çox diqqət, mübahisə və müzakirə doğuran məsələlərindən biri olmağı bacarmışdır. İqtisadi təşəkküllərin ən vacib resursu və aparıcı qüvvəsi sayılan insan faktoruna və onun hələ də kəşf olunmağı gözləyən potensialına get-gedə artan maraq bu məhfumun günümüzdə daha da aktuallaşmasına gətirib çıxarmışdır.
İnsan tarix boyu sadəcə iş dünyasının deyil, eyni zamanda, həyatın bütün sahələrinin də mərkəzində olmuşdur. Dünya insanla inkişaf etmiş və ya inkişafdan qalmışdır. Bəşəriyyətin uğur və ya uğursuzluqlarının təməlində insanın rolu böyükdür. Bəs yaşadığı yer kürəsini, onun üzərində yaşayan bütün canlı və cansız varlıqları özünə tabe edən bu insan kimdir?
Wikipediaya görə insanın tərifi belədir:
“İnsan (lat. Homo sapiens, “şüurlu adam”, “ağıllı insan”) — canlıların primatlar dəstəsində, hominidlər ailəsində, Homo bölgüsündə yerləşən yeganə növü. Müasir insanabənzər meymunlardan bəzi anatomik xüsusiyyətləri ilə yanaşı, həm də maddi və mənəvi mədəniyyətin yüksək inkişaf səviyyəsinə, o cümlədən aydın nitq və abstrakt düşüncə tərzinə görə fərqlənir. İnsanın təbiəti və mahiyyəti həm fəlsəfi, həm də dini müzakirə obyektidir. İnsan özünün bioloji, sosial və mənəvi tərəfləri ilə bir vəhdət təşkil edir.
Beyni məntiqi təfəkkür, anlama, nitq və özünü idarəetmə bacarıqlarına malikdir.
İnsan zehninin əsas xüsusiyyəti şüurdur. Şüurla birlikdə, özünüidarəetmə qabiliyyəti, zaman-məkan duyğusu və azad iradə insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdir.”
İnsan, yer üzündə yaşayan digər canlılarla eyni və ya bənzər fiziolojik və biolojik xüsusiyyətlər göstərsə də, onlardan fərqləndirən əhəmiyyətli iki unikal xüsusiyyətə – duyğulara və intellektə sahibdir. Məhz bu iki xüsusiyyətin sayəsində insan sakini olduğu yer üzünün tək hakimi ola bilmişdir.
Emosional zəkanın mühüm tədqiqatçılarından sayılan amerikalı psixoloq və jurnalist Daniel Golemana görə duyğular ibtidai dövrlərdə insan növünün yaşaması və sağ qalması üçün ən əhəmiyyətli faktor olmuşdur. İlk insanlar yeni-yeni kəşf etdikləri duyğularının hesabına təhlükələrdən qorunmağı, ətraf mühitə adaptasiya olmağı, qəbilə üzvləri və qonuşları ilə dil taparaq birlikdə yaşamağı öyrənmişdilər. Misal üçün, qorxu duyğusu onların özünümüdafiə instinktlərini inkişaf etdirmişdi və ya ünsiyyət duyğularının güclənməsi nitq bacarığının ortaya çıxmasına səbəb olmuşdu.
Duyğular yer üzündəki bütün canlıların içərisində sadəcə insana xasdır, onun yaradılışının və fitrətinin ayrılmaz parçasıdır. Digər canlılarda görülən bəzi hisslər, misal üçün, ana şəfqəti, sədaqət, qorxu və ya rəqabət hissləri insanda mövcud olan duyğulardan fərqli olaraq davamlılıq göstərmir, instinktlərə dayanır və ibtidai haldadır və inkişaf etdirilə bilmir. İnsanda isə bu hisslər daha şüurlu və sistematik şəkildə ortaya çıxaraq, inkişaf potensialına sahib şəkildə ümumi zəkanın bir parçası ola bilmişdir.
İnsanı digər canlılardan fərqləndirən digər əsas xüsusiyyət isə intellektual zəkası olmuşdur. İntellektual zəka – digər adıyla IQ, insanın malik olduğu intellekt, yəni düşünmə və bununla bilik qazanma qabiliyyətinin kəmiyyət əmsalıdır. İntellektual zəka insan təfəkkürünün məhsulu olan biliklərin – fənn bilikləri, xarici dillər, ədəbi əsərlər və s. məlumatları öyrənmə, təhlil etmə və mənimsəmə bacarığının və koqnitiv qabiliyyətlərin göstəricisidir.
İntellektual və emosional zəka insanın digər canlılardan fərqləndirən ən önəmli xüsusiyyətlərdir.
İntellektual və emosional zəkanın yuvası insan beynidir. Beynin sağ və sol yarımkürələrdən ibarət olduğunu bilirik. Sol tərəf məntiqimizi, sağ tərəf isə duyğularımızı təmsil edir; sol beyin anlamaya çalışırkən, sağ beyin hiss etməyə çalışır. Buna görə də alimlər sol tərəfi erkək, sağ tərəfi isə dişi adlandırmışlar.
Sol beyin mühafizəkar və müdafiə ruhludur: 2+2=4. Sağ tərəf isə xəyal və arzuların qucağıdır – yeniliklərə və inkişafa meyllidir.
Sol tərəf say və rəqəmlərlə, təhlillərlə, sonradan qazanılan biliklərlə “oturub-durarkən”, sağ tərəf daha çox duyğular və zövqlərlə maraqlanır. Emosional zəkanın ünsürləri beynimizin sağ tərəfi ilə hərəkətə keçir. Sol tərəf detallara, sağ tərəf isə “bütöv və böyük rəsmə” fokuslanmışdır.
Uzun illər intellektual zəka insan potansialının əsas göstəricisi kimi qəbul olunmuş və fərqləndirmə əmsalı olmuşdur. Misal üçün, I Dünya Müharibəsi illərində ABŞ ordusuna əsgər seçimi zamanı müxtəlif IQ testlərindən istifadə olunmuşdur. IQ testləri sonrakı illərdə də insanın sahib olduğu intellekt səviyyəsinin müəyyən olunması üçün vacib və effektiv alət sayılmışdır. Ancaq, son illərin araşdırmaları və ortaya çıxan minlərlə təkzibolunmaz fakt göstərir ki, yüksək intellekt səviyyəsi insan potensialının düzgün təyin edilməsi üçün kafi deyildir. Xüsusən də, emosional zəka məhfumunun ortaya çıxması ilə bu mübahisələr güclənmiş və insanın kəşf olunması istiqamətində yeni cığırlar açılmışdır.
Duyğuların yüksəkliyi düşüncələrin dərinliyi ilə düz mütənasibdir. Qəlb və ağıl – tarazlığın iki tərəfidir. Düşüncənizi özünüdərkin dərinliyinə endirin – qəlbiniz göylərə qədər yüksələcəkdir.
Victor Hugo
Emosional zəkanın tarixçəsi
Emosional zəka səthi olsa da hələ qədimdən fəlsəfə və ədəbiyyatda bilinən mövzu idi və o, “fəzilət” adlanırdı. Fəzilətlər insanın kamilləşmək və arzusunda olduğu ideallara çatmaq üçün malik olmaq istədiyi və həyatda arzuladığı yeri tutmaq üçün ona lazım olan üstün cəhətlərdir, müasir dillə desək – kompetensiyalardır. Gözəl əxlaq və xarakteri də əhatə edən fəzilət məhfumu qədim və orta çağların şərqli və qərbli bir çox alim, filosof və şairlərinin əsərlərində tərənnüm olunmuş, müdrikliyə çatmaq üçün sadəcə bilik və savadın deyil, fəzilətlərin də əhəmiyyəti vurğulanmışdır.
Ali insan hər zaman fəziləti düşünür, adi insan isə rahatlığını.
Fəzilətli insan məsuliyyət hissi ilə, fəzilətsiz insan isə əldə edəcəyi faydanın həvəsi ilə addım atır.
Konfutsi
Emosional zəka ilə əlaqədar ilk çalışmalara hələ 1872-ci ildə Charles Darwinin “İnsanların və heyvanların duyğularını ifadə etməsi” adlı əsərində rast gəlinmişdir. Bu əsərdə Darwin duyğuların canlıların sağ qalması və uyğunlaşmasında vacib rol oynadığını göstərirdi.
1920-ci ildə amerikalı professor Robert Thorndike psixologiya elminə ilk dəfə sosial intellekt terminini gətirdi. Bununla o, insanları anlama və başqaları ilə məntiqli ünsiyyət qura bilmə bacarığını nəzərdə tuturdu.
Məşhur amerikalı psixoloq David Wechsler 1940-cı ildə nəşr etdiyi bir əsərdə insan qabiliyyətlərini intellektual olan və intellektual olmayanlara ayırmışdı. İntellektual olmayan qabiliyyətlər şəxsi və sosial qabiliyyətləri əhatə edirdi. Onun fikirlərinə görə insanın həyatdakı uğurlarını məhz intellektual olmayan qabiliyyətlər müəyyən edir.
1983-cü ildə amerikalı psixoloq Howard Gardner özünün məşhur intellekt modelini dərc etdi. Bu çalışmasında o, intellekti daxili və şəxslərarası olaraq iki yerə ayırmışdı. 1985-ci ildə başqa bir amerikalı psixoloq özünün “Duyğuların tədqiqi: emosional zəkanın inkişaf etdirilməsi” adlı elmi işini dərc etdirir.
1988-ci ildə amerikalı psixoloq Reuven Bar-On özünün doktorantura dissertasiyasında ilk dəfə Emotional Quotient,yəni, emosional zəka məhfumunu istifadə etdi. Qeyd edək ki, daha sonralar, 1996-cı ildə, o, özündə müxtəlif duyğusal səriştələri ehtiva edən “Bar-On intellektual zəka modeli” test sistemini təqdim etmişdir.
Nəhayət, 1990-cı ildə amerikalı psixoloqlar Peter Salovey və John Mayer “Emosional zəka” adlı mühüm məqalələrində emosional zəka anlayışının müasir təməllərini atdılar. Bu məqalə elmi ictimaiyyət arasında böyük səs gətirmiş və sonradan emosional zəka mövzusunun yeni və daha dərin araşdırmalarına səbəb olmuşdu.
Duyğu nədir?
Emosional zəka mövzusunu tam anlaya bilmək üçün onun ünsürləri olan müxtəlif duyğuları yaxşı tanımaq lazımdır. Duyğu – psixi dərketmə və əksolunma prosesidir. Duyğuların vasitəsi ilə biz ətrafda baş verən və ya baş verə biləcək hadisələrə subyektiv dəyərləndirmə və yanaşmalarımızı müəyyən edirik. Ümumi olaraq duyğular pozitiv, neqativ və neytral duyğulara bölünür. İnsan təbiətinə xas duyğuların sayı çox olsa da, onların içərisində əsas sayılan aşağıdakı bir neçəsini misal çəkmək mümkündür:
- Qəzəb
- Kədər
- Qorxu
- Zövq
- Sevgi
- Heyrət
- İğrənmə
- Utanma
Psixoloqlara görə hisslər və duyğular arasında fərqlər mövcuddur. Hisslərdən fərqli olaraq, duyğular hər hansı bir obyektə bağlı deyildirlər. Onlar nəyəsə və ya kiməsə görə deyil, ümumiyyətlə, ümumi vəziyyətə görə ortaya çıxırlar. Misal üçün, “mən qorxuram” – bu duyğudur. “Mən bu insandan qorxuram” – bu isə hiss sayılır. Yuxarıda qeyd etdiyimiz heyvanlara aid hissləri də bu müqayisə çərçivəsində ələ ala bilərik. Yeni balalamış bir heyvanın balalarına qarşı duyduğu şəfqət hissi insanlardakı dərinləşmiş şəfqət və ya sevgi duyğusu kimi deyildir – balalar müəyyən bir yaşa çatdıqdan və anasından ayrıldıqdan sonra, yox ola bilər. Heyvanlardakı qorxu hissi konkret bir hadisə qarşısında ortaya çıxan, sağ qalma instinktini dəstəkləyən hissdir. İnsanlar isə konkret səbəb olmadan qorxu və vahimə hissini ömür boyu içlərində yaşada bilərlər.
Emosional zəka nədir?
Klassik anlayışa görə emosional zəka bir insanın özünə və ya başqalarına aid duyğuları anlama, sezmə, idarə etmə və düzgün istiqamətləndirmə bacarığının ölçülməsidir. İlk baxışdan bu tərif inandırıcı gəlməyə bilər – necə ola bilər ki, insan içində daşıdığı duyğuları tanımasın və ya idarə edə bilməsin?
Biz duyğulara və əhval-ruhiyyəyə sahibik. Bu, bizim emosional potensialımızdır. Emosional potensialı emosional zəkaya çevirməyi bacarmaq – bu, sənətdir. Bu sənətin köməyi ilə biz pul, cəmiyyətin təqdirini, bizim üçün əhəmiyyət kəsb edən insanların sevgi və hörmətini qazana bilərik – bu, ən yüksək pilotajdır.
İrina Hakamada
Əslində, burada söhbət hər hansı bir duyğunun nəzəri olaraq tanınmasından və ya bilinməsindən getmir. Hamımız sevginin, nifrətin və ya kədərin nə olduğunu yaxşı dərk edirik. Əsas olan, müəyyən bir hadisə və ya vəziyyət qarşısında ortaya qoyduğumuz ani reaksiyanın nə olacağıdır. Bu hadisə və ona verəcəyimiz reaksiya bir neçə millisaniyə çəkə bilər və bu qısa müddət ərzində ortaya çıxan duyğunu müəyyən etmək və cilovlamaq bəzən insanın gücü xaricində olur. Fikrimizi iki misalla gücləndirək. Təsəvvür edin ki, bir ana öz övladı ilə yolun kənarında durub, işıqforun qırmızı işığının yanmasını gözləyir. Anidən uşaq ananın əlindən çıxıb, yolun o biri tərəfinə qaçır. Ana da təhlükəni unudub, övladının arxasınca qaçır. Xoşbəxtlikdən qəza hadisəsi baş vermir və ana-bala sağ qalırlar. Ancaq, ana uşağına sarılıb, bu hadisənin stresini atmaq yerinə, onu döyməyə başlayır. Onsuz da qorxudan stres içində olan uşaq ağlayır. Ananın nə səbəbdən uşağı vurduğunu soruşsaq, cavab bu olar ki, o, çox qorxmuşdu və bu qorxu qarşısında reaksiyası uşağı döymək oldu. Halbuki, burada atılacaq ən düzgün addım, uşağı sakitləşdirmək, daha sonra isə, məzəmmət edib, etdiyi hərəkətin səhv olduğunu başa salmaq idi.
İndi isə, fərqli bir səhnə canlandıraq. Dostunuzun təkidi ilə onunla birlikdə heç sevmədiyiniz halda qorxu filminə baxırsınız. Filmin ani və gözlənilməz bir səhnəsi sizi çox qorxudur və dik atılırsınız. Ancaq, ana ilə balanın səhnəsində olduğu kimi, sizin qorxunuza səbəb olan dostunuzu döymürsünüz. Hər iki hadisədə qorxu var, lakin, verilən reaksiyalar fərqlidir.
Bəzən duyğusallıqla emosional zəka bir-biri ilə qarışdırılır. Emosional zəka duyğusal olmaq deyildir – tam tərsinə, sahib olduğumuz duyğuların cilovlanma və düzgün idarə olunma bacarığdır. Gündəlik davranışlarımızı təhlil etsək, duyğularımızın təyinatına uyğun istifadə olunmaması hadisələrinə çox rast gələ bilərik. Yersiz şəkildə əsəbləşmək, həsəd və ya qısqanclıq duymaq, deyilən hər sözə inanaraq, başqalarının təsirinin altında tez düşmə və s. Duyğular yaxşı tanınarsa və düzgün tərbiyə olunarsa, bizi sıxan və ya anidən baş verən vəziyyətlərdə adekvat olmayan davranışlar nümayiş etdirmərik. İçimizdəki duyğuların xarici dünyaya əks olunması daha təmkinli və adekvat şəkildə baş verər.
Emosional zəka özündə ümumi insani, əxlaqi və mənəvi normaları və səriştələri (kompetensiyalar) ehtiva edir.
Emosional kompetensiyalar aşağıdakılardır:
- Özünü tanıma – duyğuların dərk olunması;
- Qarşıdakını tanıma – empatiya;
- Motivasiya – daxili motivasiya;
- Öz gücünə inanma, daxili dünyası ilə ahəng içərisində yaşama;
- Müstəqil ola bilmə;
- Stresə davamlılıq;
- Dinləmək və ünsiyyət bacarığı;
- Sosial məsuliyyət;
- Problem həll edə bilmə;
- Özünü aktuallaşdırma;
- Optimist – nikbin olma;
- İradəli olma;
- Elastiklik – uyğunlaşma bacarığı;
- Xoşbəxt olma.
İnkişaf etmiş emosional zəkaya sahib insanlar özləri ilə ahəng içərisində yaşayırlar, daxili dialoqları güclüdür – davamlı şəkildə güclü və zəif tərəflərini – duyğularını təhlil edib, lazımi nəticələri çıxara bilirlər. Onlar pozitivdirlər, qarşılarına çıxan mənzərədə əvvəlcə müsbət və faydalı olanları görüb, seçə bilirlər. Həyatlarındakı əngəl və problemləri inkişafları üçün dəvətnamə sayırlar. Onlar gələcəyə nikbinliklə baxırlar – hər zaman özlərini ruhlandırır və həvəsləndirirlər. Çünki, bilirlər ki, ümid, nikbinlik və pozitivlik, uğura gedən yolda böyük faktorlardır. Tam tərsi isə, bədbin əhval-ruhiyyə ilə nədəsə uğur qazanmaq mümkün deyil. Çünki, bədbinlik insanın içindəki iradəni, həvəsi və istəyi öldürür. Məhz buna görə də onlar hər cür mənfi düşüncəni kənara qoyub, davamlı şəkildə uğura və inkişafa köklənirlər. Həyatda bu insanları xoşbəxt edə biləcək səbəblər çoxdur.
Emosional zəkası güclü insanlar dirijorlara bənzəyirlər – onlar içlərindəki müxtəlif duyğuları və səsləri rahatlıqla idarə edir, lazım olanda coşdurur, yeri gələndə isə sakitləşdirə bilirlər.
Emosional zəkası güclü insanlar içində olduqları qrup, kollektiv və ya cəmiyyətdə hər zaman böyük simpatiya sahibi olurlar. Onlarda sosial məsuliyyət hissi güclüdür. Ünsiyyət bacarığının inkişaf etdirilməsi bu şəxsləri yaxşı dinləyiciyə çevririr. Ətrafındakıları həvəsləndirməyi, ürəkləndirməyi və onlara dəstək olmağı sevirlər. Əhatələrində olan insanların əksikliklərinə və problemlərinə sorğuluyacı nəzərlərlə yox, empatiya hissi ilə yanaşırlar – onlar tənqidçi deyil, təhlilçi olurlar. Buna görə də zamanla bu insanların çevrəsində böyük halqalar yaranır və kollektivlərinin gizli liderinə çevrilə bilirlər.
Emosional zəkasını inkişaf etdirməyən insanlar isə hər xırda problem qarşısında mənfi reaksiya verir, tez ruhdan düşür və təslim olurlar. Çünki, onlar öz potansiallarını kəşf edə bilməmişlər və özlərinə inamları zəifdir. Belələri fikirlərini düzgün ifadə edə bilmir, hər zaman səhv başa düşürlürlər. İdeyalarını “satma” bacarığına sahib deyillər.
Emosional zəkası zəif insanların əhval-ruhiyyəsi sabit deyil, tez-tez dəyişkənlik göstərir. Davamlı şəkildə ətrafa mənfi enerji axıdaraq, insanların onlardan uzaqlaşmasına səbəb olurlar. Həllərə yox, problemlərə köklənirlər. Emosional zəkası zəif insan bir problem qarşısında düşünür: “Ah, mən bu çətin problemin öhdəsindən axı necə gələ bilərəm?”. Emosional zəkası güclü insanın isə eyni problem qarşısında yanaşması isə fərqlidir: “Görəsən, bu problemi asanlaşdırmaq üçün nə edə bilərəm?”. Bu misalda olduğu kimi güclü insanın lüğətində hər zaman “asan” kimi pozitiv düşüncələr, digərinin lüğətində isə “çətin” kimi neqativ düşüncələr yer alır. Hər şey düşüncənin yaranması ilə başlayır. Düşüncə duyğunu, duyğu da hərəkəti doğurur. Sonda ortaya çıxacaq nəticə isə ilk başdakı düşüncənin keyfiyyəti ilə birbaşa əlaqəlidir – müsbət düşüncə müsbət nəticələrə, tam tərsinə, mənfi düşüncə mənfi nəticələrərə gətirib çıxarır.
Emosional zəkası yaxşı inkişaf etməmiş insanlara xas xüsusiyyətlərdən biri onların tez manipulyasiya oluna bilməsidir. Belələrinin öz fikirləri olmur və kənar təsirlərin altına tez düşürlər. Qərəzli yanaşma zəif insanların xarakterinin bir parçasıdır – onları düşüncələrini inandıqları dəyərlərə görə deyil, kənar qüvvələrin təlqin etdiyi təsirlər altında formalaşdırırlar.
Elçin ƏZİMLİ
ICF sertifikatlı peşəkar kouç
© 2016 · coaching.az ·