Emosional intellektin (EQ) həm liderlər, həm də sıravi işçilər üçün çox vacib bir bacarıq olduğunu öyrənmişik. Lakin, bir neçə araşdırma EQ-nün, hətta IQ və təcrübəni də üstələyərək, uğur üçün necə vacib olduğunu göstərir.
ABŞ-ın nüfuzlu Yaradıcı Liderlik Mərkəzinin (Center for Creative Leadership) araşdırması aşkar etdi ki, yüksək vəzifəli şəxslərin “relsdən çıxmasının” əsas səbəbi emosional bacarıqlardakı çatışmazlıqlardır. Bu mərkəz hər il səksəndən çox Fortune 100 şirkəti də daxil olmaqla 2000-dən çox təşkilata xidmət göstərir. Bu araşdırmalar dəyişiklikləri idarə etməyin çətinliyini, komanda fəaliyyətinə uyğunlaşmamanı və fərdlərarası zəif münasibətləri uğursuzluğun 3 əsas səbəb kimi qeyd edir.
Beynəlxalq araşdırma şirkəti Egon Zehnder 515 nəfər yüksək vəzifəli idarəçini təhlil etdi və onların arasında emosional intellekti güclü olanların güclü IQ-sü, yaxud müvafiq təcrübəsi olanlardan daha uğurlu olduqlarını aşkarladı. Emosional intellekt (EQ) və IQ arasındakı əlaqələrə dair araşdırma bu ikisi arasında zəif korrelyasiyanın olduğunu göstərmişdir.
Carnegie Texnologiya İnstitutu maliyyə uğurumuzun 85%-inin “insan mühəndisliyi”, şəxsiyyət və ünsiyyət bacarıqları, danışıqlar aparmaq, eləcə də liderliklə bağlı olduğunu göstərən araşdırma həyata keçirmişdir. Onlar uğurun yalnız 15%-in texniki qabiliyyətdən irəli gəldiyini aşkar etdilər. Başqa sözlə, insani və ya emosional intellekt ilə əlaqəli bacarıqlar vacib bacarıqlardır. Nobel mükafatı laureatı İsrail-Amerika psixoloqu Daniel Kahneman insanların xoşladıqları və inandıqları şəxslərlə onların xoşlamadığı, hətta daha aşağı qiymətə, daha yaxşı məhsul təklif edənlərdən daha çox iş görəcəklərini müəyyən etmişdi.
Onun fikirlərini sınamaq üçün axırıncı dəfə əhəmiyyətli bir əşya, ev, maşın yaxud böyük bir ləvazimat alarkən satıcı ilə danışıqlar aparmalı olduğunuz haqqında fikirləşin. Xoşladığınız və ya güvəndiyiniz şəxs idimi? Öz sorğularımda gördüm ki, bu sualı verdiyim zaman bütün auditoriya qaçılmaz olaraq bəli, böyük əşya aldıqları adamın xoşladıqları və inandıqları şəxs olduğunu bildirmişdi.
Düzgün insani bacarıqlara sahib satıcıların belə kefiyyəti olmayanlardan daha yaxşı işlədiyinə dair bu nəzəriyyə 1997-ci ildə Hay/Mc Ber Tədqiqat və İnnovasiya tərəfindən aparılan araşdırmada öz təsdiqini tapmışdır. 1997-ci ildə böyük bir yerli sığorta şirkətində aparılan araşdırmada özünə inam, təşəbbüskarlıq və empatiya kimi emosional sahələrdə zəif olan satış agentlərinin orta mükafatlarının 54 000 dollar olduğu halda, 8 emosional bacarıqdan 5-ində güclü olanların orta mükafatlarının 114 000 dollar olduğunu müəyyən edilmişdir.
Emosional intellekt üzərində aparılan tədqiqatların çoxu idarəedici liderlik səviyyəsində olmuşdur. Təşkilat nə qədər daha böyük olarsa, daha vacib emosional zəka qabiliyyətlərinin təsirləri çoxalar və bütün təşkilatda hiss olunar. Bununla belə, hər səviyyədə təsirlərini göstərən bəzi tədqiqatlar aparılmışdır.
Məsələn, 1999-cu ildə Mc Clelland tərəfindən aparılan araşdırma göstərdi ki, bir istehsal zavodunun nəzarətçiləri daha yaxşı dinləyici olmaq kimi emosional bacarıqlar təlimi aldıqdan sonra vaxt itkisi hadisələri 50%, şikayətlər isə ildə 15-dən 3-ə qədər azalmışdı. Zavodun özü isə məhsuldarlıq hədəflərini 250 000 dollara qədər artıra bilmişdi.
Eyni prinsiplər həyatın bütün sahələrində işdə və ya şəxsi münasibətlərdə tətbiq olunur. Hər kəs yaxşı yola gedən, dəstəkləyici, sevindirici və etibarlı ola biləcək insanlarla işləmək istəyir. Biz asanlıqla məyus olmayan və işlərini plana uyğun etməyəndə səbrini saxlaya biləcək insanların yanında olmaq istəyirik.
Emosional intellektə sahib insanları işə necə qəbul edirsiniz?
Özünü dərketmə. Emosional intellektin hər hansı dərəcəsi üçün vacib olan ilk şey özünü dərketmədir. Özünü yüksək dərəcədə anlayan insanlar öz duyğularını, güclü, zəif tərəflərini və onları idarə edən cəhətləri əsaslı şəkildə başa düşürlər. Nə həddindən artıq tənqidi yanaşırlar, nə də qeyri-real ümidlər verməyən olan bu insanlar özlərinə və digərlərinə qarşı dürüstdürlər. Bu insanlar onlara, ətrafdakı digər insanlara və işdəki performanslarına təsir edəcək hislərini yaxşı tanıyırlar. Onlar həyatda hədəflərini, dəyər və məqsədlərini yaxşı bilirlər. Belə insanlar eləcə də öz məhdudiyyətlərini bilirlər və uğursuzluqlara az fokuslanırlar.
Özünü anlayan insanları özləri haqqında səmimi, qeyri-müdafiə üsulu ilə danışıqlarına əsasən tanıyırıq. Müsahibəçinin duyğuları ilə nələrdən imtina etdiyi və daha sonra peşman olduqları barədə soruşmaq yaxşı bir müsahibə sualıdır. Özünü anlayan insanın cavabları açıq və səmimi olacaqdır. Özünü tənqid edən zarafatlar özünü yaxşı tanıyan birinin yaxşı göstəricisidir. Qırmızı bayraqlar sualdan yayınan, onun qarşısını almaq istəyən, sual əsəbləşdirən, yaxud qıcıqlandıran insanlardır.
Emosiyalarına qarşı özünü tənzimləmək bacarığı. Hamımızın bizi idarə edən duyğuları var və onlardan yayınmaq üçün heç nə edə bilmirik. Özünü tənzimləməkdə güclü olan insanlar hislərini idarə edə bilirlər, digərləri isə sözlərinə və hərəkətlərinə nəzarət edə bilmirlər. Onlar hər kəs kimi pis əhval-ruhiyəy və impulslar hiss etsələr də, onlara qarşı hərəkət etmirlər. Mənfi hislərlə hərəkət edən insanlar ətrafdakılara hər cür təhlükə, pozuntular və davamlı pis hislərini aşılayırlar. Düşünməzdən əvvəl hiss edirik və davamlı olaraq emosional bir vəziyyətdə reaksiya verən insanlar düşüncələrinin duyğularının üstünə keçməsini üçün kifayət qədər uzun müddət gözləmirlər.
Özünü tənzimləyən insanlar duyğularının təsirinin keçməsinə qədər gözləmək qabiliyyətinə malikdirlər, bu onlara sadəcə duyğulara reaksiya verməkdən savayı, səbəblərə də cavab verməyə imkan verir. Əks olunma, düşüncəlilik, qeyri-müəyyən vəziyyətdə rahatlıq və hər şeyin cavabının olmaması özünü tənzimləmədə yaxşı olan birinin əlamətləridir. Müsahibə zamanı cavab verməzdən əvvəl düşünən və düşünmək üçün bir az vaxt sərf edən insanlar axtarın.
Empatiya. Empatiya işə qəbul zamanı axtarılan vacib səriştədir. Empatiya hissi olan bir kəs başqalarının duyğularını bilir və bunları söz və hərəkətlərində nəzərə alır. Bu, birinin hislərindən qorxduğu üçün çətin qərarlar qəbul etmək istəmədiklərini və ya ətrafdakıları incidəcəkləri mənasını vermir. Bu, sadəcə olaraq onların xəbərdar olduqlarını və başqalarına təsiri nəzərə aldıqlarını bildirir. Müsahibə zamanı namizəddən bir iş yoldaşının onlara əsəbləşdiyini və bununla necə məşğul ola biləcəklərini soruşmaq empatiya axtarmaq üçün yaxşı bir üsuldur. Onlarda iş yoldaşlarının qəzəbinin səbəbini anlamaq üçün istək axtarın, baxmayaraq ki, bu səbəblərlə razılaşmırlar.
Sosial bacarıqlar. Sosial bacarıqlar emosional intellektin iş yerlərində yüksək dərəcədə vacib olan bir sahəsidir. Yaxşı sosial bacarıqlara malik olmaq üçün yuxarıda qeyd olunan digər bacarıqların yüksək səviyyədə olması, eləcə də geniş əhatədə insanlarla ümumi cəhət tapmaq tələb olunur. Bu, sadəcə dostluq və başqaları ilə yola getmək qabiliyyətindən kənara çıxır.
Sosial bacarıqlı insanlar yaxşı komanda oyunçulardırlar, çünki onların gündəmi bir yerə daşımaq qabiliyyəti var və diqqət mərkəzində qalmağa imkanı verir, eyni zamanda qrupun emosional iqlimindən xəbərdar olur və ona cavab vermək qabiliyyətinə malikdirlər. Bu insanlar əlaqələr qurmaqda, şəbəkələr yaratmaqda və insanları birgə layihələr üzərində işə cəlb etməkdə mükəmməldirlər. Onlar emosional zəka bacarıqlarını daha böyük bir sahəyə gətirə bilirlər. Müsahibə zaman lahiyələrlə bağlı, müxtəlif gündəmlər ətrafında qarşılaşdıqları çətinliklər, temperamentlər, insanları yola gətirmək üçün istifadə etdikləri üsullarla əlaqəli suallar soruşun, sosial bacarıqlar axtarın.
Müəllif: Harvey Deutschendorf | Emosional intellekt üzrə ekspert
Tərcümə: Səadət Yolçuzadə
© 2019 · coaching.az