coaching.az |

Brian Tracydən öyrəndiyim 3 Metod  – II hissə

3. Planlaşdırılmış Geniş Zaman Dilimləri.

Yuxarıdakı iki metoddan – əgər bu üçüncünü etməsək – çox da faydalana bilməyəcəyik. Çünki, həm pürdiqqət işləmək üçün, həm də bir anda sadəcə bir işlə məşğul olmaq üçün kifayət qədər bu işlərə vaxt ayırmaq lazımdır.

Diqqətimizi dağıdan bir çox faktorlar var və onlar haqqında əvvəlki yazıda danışmışdıq. Biz bu diqqət dağıdan faktorları aradan qaldıra, onlara qarşı mübarizədə qalib gələ bilərik. Lakin vacib, əhəmiyyətli bir çox işlərimiz bizdən sadəcə 10-15 dəqiqə yox, daha çox vaxt tələb edəcək. Çünki, üzərində işlədiyimiz bəzi işlərə sadəcə tam köklənə (fokuslana) bilmək və zehnimizin o işə isinməsi üçün üçün elə ən azı 10-15 dəqiqə vaxt lazım olur.

Biz maksimum məhsuldarlıq və işi keyfiyyətli, eyni zamanda tez bir şəkildə bitirə bilmək üçün beynimiz yorulsa, bizə sıxıcı gəlsə belə, 15 dəqiqə sonra fasilə almağı deyil, davam etməyi hədəfləməliyik. Qətiyyət göstərib o işlə o qədər bir olmalıyıq ki, bir növ zaman və məkan məfhumundan uzaqlaşaq və özümüzü o işdə itirək. Sultan Fatihin bu deyimindəki, qətiyyət, güc, sevda və ölümünə adanmışlıqla o işə başlayacaq, o cür toxunacaq və o keyfiyyətdə işləyəcəyik.  Bunu dərhal, indi bacarmasaq da, ki bu normaldır, buna yaxınlaşmaq daima hədəfimiz olacaq. 

Bir neçə saniyəliyinə dayanın və oxumağa davam etmədən düşünün!    Ən son nə vaxt hansı vacib iş, tapşırıq, probleminiz üzərində fasilə vermədən, aralıqsız, başqa heç bir şeylə məşğul olmadan, tam köklənmiş (fokuslanmış) halda, pürdiqqət işlədiniz?

Bu sualı ətrafımdakı insanlardan soruşmaq bir növ mənim hobbim olub. Şişirtmədən deyə bilərəm ki, rahatlıqla gün və ya tarix göstərərək bu suala cavab verən çox az insan var.

Çünki diqqət iqtisadiyyatı dövründə yaşayırıq və hər kəs laptopumuz, telefonumuz vasitəsiylə diqqətimiz üzərində saysız-hesabsız oyunlar oynayır; sırf diqqətimizi onlara, onların məhsuluna, xidmətlərinə yönəldə bilmək üçün. Bütün bunlar bizdə hazırda vərdişlər formalaşdırıb və formalaşdırmağa da davam edir. O vərdişlər ki, artıq bizim üçün 10 dəqiqə telefonumuzu yoxlamadan keçirmək dəhşətli bir müşkül halına gəlib.

Gəlin, indi birlikdə bir addım geriyə gedək və bütöv rəsmə baxaq.

  1. Bir tərəfdə o böyük xəyalınız var. Çatmaq, əldə etmək, reallaşdırmaq istəyirsiniz.
  2. Xəyalını qurduğunuz bu zəfəri yaşamaq üçün də etməli olduğunuz işlər var. Hansı ki, sizdən saatlarla oturub bütün gücünüzlə, qüvvətinizlə işləməyinizi tələb edir. Digər tərəfdə isə, telefonunuz var, sosial media hesablarınız var və ən əsası, hər yoxladığınızda tapacağınız yeniliklər. Hansı ki, beynimizin ən çox sevdiyi şeydir bunlar. Faydalıdır demirəm, sadəcə sevdiyi.
  3. Və nəhayət ən xoş xəbər: sizin edə biləcəkləriniz var. Yəni, gündə ən azı bir geniş zaman dilimi ayırıb, bu ayırdığınız vaxt ərzində ən vacib işinizdən başqa heç nəyə diqqətinizi sərf etməmək  qərarını vermək və bunu etmək.
    Əlbəttə daha yaxşı olar ki, bir dəfə yox, daha çox olsun. Ancaq, heç yoxdansa bir dəfə belə olsa, olması çox böyük uğurdur. Əsas odur ki, az da olsa, davamlı olsun, bir vərdiş, həyat tərzi halına gəlsin.

Atalarımız nə deyib?  “Dama-dama göl olar.”

Yazının əvvəlini bu linkdə oxuya bilərsiniz.

İsmayıl Vəliyev

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.