coaching.az |

Brian Tracydən öyrəndiyim 3 Metod  – I hissə

Çox xoşuma gələn bir ifadə var:

Bütün biznes bacarıqları öyrənilə biləcək bacarıqlardır.

Aşağıda sizinlə paylaşacağım  Brian Tracydən öyrəndiyim üç metod da, istəyən hər kəs tərəfindən mənimsənilə biləcək möhtəşəm bacarıqlardır. Xüsusilə də, məhsuldarlıq, icraat və önəmli layihələri tez bir zamanda bitirmə baxımından.

1. Eyni anda sadəcə bir işlə məşğul olmaq.

Saysız hesabsız araşdırmalar təkrar-təkrar bir anda bir neçə işlə məşğul olmağın beynimizin işləmə sürətinə və performanısına nə dərəcədə mənfi təsir etdiyini sübut etmişdir. Hətta, bu cür işləmənin və bir anda bir neçə işlə məşğul olmağın IQ səviyyəmizi də düşürdüyünü (10-15 bal) iddia edən araşdırmalar mövcuddur.

Beynimiz ən mükəmməl işini bir anda bir neçə işlə məşğul olarkən deyil, sadəcə tək bir iş üzərində məşğulkən görə bilir. Sadəcə bu halda bir növ özünü, sözün əsl mənasında nələr edə biləcəyini göstərir.

Özünü məşğul, əlindəki işləri çox kimi göstərmək istəyən insanlar adətən bunu sevirlər və çox iş gördüklərini iddia edirlər. Bu insanlar bəzən bu yolla özlərinə və digərlərinə çox önəmli insanlarmış imici vermək istəyirlər. Ən acınacaqlısı isə, buna özlərinin də inanmasıdır.

Qarşımıza qoyduğumuz hədəflərimizi reallaşdırmaq üçün verəcəyimiz ən vacib qərarlardan biri məşğul olmaqda deyil, məhsuldar olmaqda maraqlı olmadır. Performansımızı dəyərləndirirkən əsas ölçü meyarımız gün ərzində neçə saat işlədiyimiz, nə qədər iş gördüyümüz və bitirdiyimiz deyil, neçə önəmli işi başlayıb, bitirdiyimiz olacaqdır.

Əhəmiyyətli olan gün ərzində neçə vacib, keyfiyyətli iş bitirdiyimizdir, sayca çox olan önəmsiz işləri deyil. Son nəticədə bitirmiş olduğunuz işlər sizi ən vacib hədəflərinizə doğru sizi yaxınlaşdırmamışdırsa, bu gün yemək yeməyə, çay içməyə vaxt tapa bilməyəcək qədər məşğul olmağınızın heç bir önəmi yoxdur.

Bir gün ərzində 15-20 çox da vacib olmyan işlər bitirməkdənsə, bizi ən nəhəng hədəflərimizə doğru aparacaq 2-3 işi bitirmək daha böyük uğurdur.

Hər birimizin razılaşacağı bir həqiqət var; o da budur ki, üzərində işlədiyimiz o işə nə dərəcədə intensiv, qırılmayan diqqət yetirdiyimizdir.

Diqqətimizi də bölən, parçalayan və bizə bu zərəri verərkən bizə özümüzü vacib və yaxşı hiss etdirən bir anda bir neçə işlə məşğul olmaqdır.

Yəni, elektron poçt yazarkən, telefonda gələn zəngə də cavab verməyə çalışmaq, eyni zamanda gələn mesaja da gözucu baxmaq, daha sonra aldığın hansısa elektron poçt yoxlamaq, hər 10-15 dəqiqədə bir mesajları, sosial media hesablarını yoxlamaq. Qısacası, fasiləsiz olaraq bir işdən digər başqa birinə keçmək performansımızı iflic etməyin, vacib işləri heç cürə bitirə bilməməyin ən təminatlı yoludur.

Biz bunları edərkən, bu işlərin hər birində diqqətimizin bir parçası qalır, başlayacağımız növbəti işlərə pürdiqqət vaxt ayıra bilmirik və alınan nəticələr də buna uyğun olur. 

2. Təcililik Hissi.

İkinci metod isə təcililik hissidir. Daima daha sürətli olmağa, yüksək tempdə işləməyə özünü alışdırmaq, başladığımız işləri bitirməyin olmazsa-olmazlarındandır. Sürətli olduğumuz zaman (səbəbini, elmi açıqlamasını, izahını bilmirəm, amma) beynimiz də daha yaxşı işləyir. Beynimizin performansı ən pik həddə olur. Bunun hərhalda iki səbəbi var.

Birincisi budur ki, biz özümüzü necə hiss ediriksə, davranışlarımız, seçim və qərarlarımız ona uyğun olur. Bunun əksi də doğrudur. Bu qayda beynini, emosional, psixoloji vəziyyətini “hack”-lamaq və daha fərqli hiss etmək istəyənlər üçün də əla bir metoddur. Necə ki, özümüzü necə hiss etdiyimiz hərəkətlərimizi istiqamətləndirirsə, hərkətlərimiz də təcrübə etdiyimiz, yaşadığımız hisslərin necəliyini təyin edirlər.

Mövzumuzla əlaqəli olduğu üçün özünüz bunun yoxlaya bilərsiniz. Misal üçün, əgər etməli olduğunuz, etməyə qərar verdiyiniz işi, o işi etmə vaxtı gəldiyi zaman özünüzü yorğun, tənbəl, halsız hiss edirsinizsə, o zaman sadəcə bir az daha sürətli hərəkət edin. Bu daha dinamik hərəkət halında o işlə məşğul olmağa davam edin və görəcəksiniz ki, doğurdan da dərhal fərq hiss olunur.

İkinci vacib səbəb də, jest və mimikalarımızın, bədən dilimizin, hətta aktiv olan üz əzələlərimizin belə əhval-ruhiyyəmiz üzərində ciddi təsirləri var və bu da dərhal özümüzü necə hiss etdiyimizə əks olunur.

Bu mövzuda daha ətraflı öyrənmək isdəyirsinizsə, Harvard Business School-un bir akademik araşdırması ilə də tanış ola bilərsiniz. İki halda özünüzü təsəvvür edin, bezgin, yorğun, yavaş-yavaş hərəkət etdiyiniz hallarda bədən diliniz nə siqnal verir? Üz əzələlərinizdən hansılar daha aktiv olur? Mimikalarınızla, jestlərinizlə hansı hissləri yaratmış olursunuz, ətrafa hansı mesajı vermiş olursunuz? Cavabı bildiniz…

Bunun üçün də icazə verməməliyik ki, bəlli bir andakı bədənimizdən, zehnimizdən aldığımız siqnallar bizə nə edib-etməyəcəyimizə dair diktə etsin, bizi istiqamətləndirsin.

Bunlarla yanaşı iki vacib nüansı da mütləq paylaşmaq istəyirəm; bunlar düşünmə ilə hərəkət, gözləməklə başlamaq arasındakı incə xətlərdir.

Bilirsiniz ki, yetərli qədər düşünmədən başladığımız, tələsdiyimiz işlər nəticəsində məyusedici nəticələr alırıq. Ancaq hərəkət etmə nöqtəsinə gəldiyimizdə icraata başlamayıb, yenə də düşünməyə davam etmək də bizim icraat, işləri başlama və bitirmə bacarığımızı bir növ iflic edir.

Bu tələyə düşməmək üçün, nə qədər düşünüb, nə vaxt hərəkətə keçmək lazımdır sualının dəqiq konkret bir cavabı yoxdur və məhz bunun üçün də çox çətindir. Hərhalda bu təcrübə yolu ilə öyrənilə və ya biraz daha yaxşı səviyyəyə gəlinə biləcək bir bacarıqdır. Bunu siz özünüz öyrənməlisiniz. Ancaq düşünürəm ki, sadəcə oturub düşünməkdənsə, hərəkət keçmək, hətta uğursuz olmaq daha yaxşdır. Çünki, a) nə isə etmiş olursan və bu bizim icraat baxımından özümüzə inanmağımıza yaxşı təsir edir, b) uğursuz olsan belə, çox faydalı məlumat toplamış olursan ki, onları istifadə etdiyin təqdirdə növbəti dəfə daha yaxşı qərarlar üçün çox faydası olacaqdır.

Bir reallıq: əgər yetərli qədər istirahət etmiriksə, beynimizi və bədənimizi gərgin iş tempindən fasiləyə çıxarmır, dincəltmir, onların qeydinə qalmırıqsa, o zaman bu yuxarıdakı metodlar bəlli bir yerdən sonra işə yaramayacaq. Bunun üçün də, özümüzə qarşı tələblərimizin çox yüksək olması ilə yanaşı, özümüzün qeydinə qalmağı da unutmamalıyıq ki, yarı yolda qalmayaq.

İndi isə yuxarıdakı iki metodu ən əla şəkildə edə bilməyimizi təmin edəcək, bunlardan maksimum faydalanmağımıza ən çox kömək edəcək olan faktoru, yəni üçüncü metodu öyrənək.

Brian Tracy ilə birlikdə

 

İsmayıl Vəliyev

Məqalənin II hissəsini buradan oxuya bilərsiniz.

© 2018 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.