coaching.az |

Axı niyə Ziqmund Freyd?

Azərbaycan dilində psixoloji kitab axtarırsınızsa, mağazalarda psixologiyanı təmsil edən dünyaca tanınmış nümunələrdən demək olar ki, yalnız Freydin kitablarının tərcüməsini tapacaqsınız. Təsəvvür edin, psixologiya üzrə təhsil alan biri peşəsi ilə bağlı elmi üslubda kitab axtarırsa, ana dilimizdə olan seçimlər arasında əsasən Freyd, Freyd və yenə də Freyd var. Niyə bir elmi öyrənərkən ən fəlsəfi və ya bir başqa nöqteyi nəzərdən spesifik kitablardan başlayaq ki? Bəlkə, bu oxucu başqa elmi cərəyanların tərəfdarı olacaq, bəlkə (və çox güman) Freydin fikirlərini başa düşəcək qədər ön biliyi yoxdur… Niyə məhz Freyd?

Bütün elmləri öyrənməyə başlayarkən, ilk öncə ümumi, yalnız ardınca spesifik (və ya konkret) mövzuya fokuslanmaq lazımdır. Elə olmasa idi, əvvəl magistr təhsili alıb peşəyə yiyələnər, yalnız sonra peşəmiz haqqında ümumi sadə biliklər üçün bakalavr təhsilinə yönələrdik.

Ümid edirəm ki, buna görə məni daşlamazlar. Lakin qeyd etməliyəm ki, Z.Freydin bəlkə də ən çox diqqət çəkən “Psixoanalizə giriş” kitabının əsas məğzi cəmi bir neçə səhifədən ibarətdir.

Kitabda verilən informasiya sadəcə bir ideyanı (nəzəriyyəni) təlqin edir. Əsas fikir cəmi bir neçə səhifəni əhatə edir, kitabın qalan bütün hissəsi isə, misallar və s. üsullarla həmin fikrin təlqininə həsr olunur. Ehtimal edirəm ki, ilk öncə kitab sadəcə Freydin mühazirələrinin toplusudur. Bunu nəzərə alsaq, diqqət etməliyik ki, öz dövründə Freydin ideyaları cəmiyyət və eləcədə mühazirə oxuduğu auditoriya tərəfindən elə asanlıqla qəbul olunacaq fikirlər deyildi. Kitabı oxuduqda hiss olunur ki, cənab Freyd yersiz mühakimə olunmamaq üçün, fikirlərini çox ehtiyyatla və yavaş-yavaş təlqin etməyə çalışır. Bu səbəbdən hesab edirəm ki, günümüzdə bu kitabın psixologiya tələbəsi üçün bestseller olması sadəcə “o önəmli kitabdır” fikrinə inanmalarıdır. Bu dövrdə həmin ideyalar bu qədər ziddiyyətli qarşılanmadığına görə (xüsusən də psixologiya üzrə təhsil alanlar tərəfindən), əgər sırf psixoanaliz üzrə ixtisaslaşmaq niyyətli deyilsinizsə, kitabın sadəcə ideyaları verilən həmin o bir neçə səhifəni hansısa məqalə formasında oxumağımız yetərlidir.

Yox mütləq ki, 300+ səhifəlik kitab oxuyacaqsınızsa, rus, türk, ingilis dilində NƏZƏRİ kitablar oxuyun. Populyar kitablar cəmiyyətin böyük çoxluğu üçün nəzərdə tutulur və elmi detalları, dərinlikləri açıqlamır. Buna misal, elə üz qabıqları dəyişdirilməklə dəfələrlə, müxtəlif ölçülərdə dərc olunan və bestseller kimi təqdim olunmaqla, elə bestsellerə də çevrilən Allan Pizin “Bədən dili” kitabıdır; burada verilən informasiya yalan deyil, lakin natamamdır. Məhz buna görə profesional qəbul olunmaq üçün yetərsizdir, kitabdakı yanaşma üzərindən insan davranışlarını mühakimə etmək peşəkarca deyildir. Psixoloqlar bu cür kitablar üzərindən situasiya və ya insan davranışını dəyərləndirməzlər. Belə kitabları maraq üçün oxuduqda nəzərə almalısınız ki, bu sadəcə filmin fraqmanı xarakterlidir, arxasında yatan informasiya daha dərin, sizin üçün isə bəlkə də daha “cansıxıcı” ola bilər.

Nə etməli?

Əgər psixologiya ilə yaxından maraqlanırsınızsa, nə qədər xoşagəlməz səslənsə də, xarici dil bilməyiniz ən mühüm şərtlərdəndir. Psixologiya Azərbaycan dilində yaranmadığı kimi, Azərbaycan dilində də inkişaf etmir. Biz bu elmə uzaqdan başlamış və uzaqda da qalmışıq. Hətta başlayanda nisbətən daha yaxın idik, çünki SSRİ tərkibində əhalinin çoxu rusca bilirdi. Yeni nəsil rusca az bildiyi kimi, əvəzində başqa dili də elmi məqsədlər üçün istifadə etmədə yetərsizdir. Bunu bildirməyi özümə borc bilirəm, çünki dil bilmədiyimiz halda, ölkəmizdə bu elmə son qoyan nəsil elə biz ola bilərik.

Xarici dildə mütailəyə ensiklopediya və ya psixologiya üzrə ümumi xarakterli olan nəzəri kitablarla başlamaq lazımdır. Sizə maraqlı olan sahə və ya istiqaməti belə daha tez müəyyən edəcəksiniz və yalnız bundan sonra ağır, dərin, klassik və ya müasir olan Z.Freyd və bənzər sıradan olan kitabları oxumağınız ən məhsuldar olan üsuldur. Əks təqdirdə, gərək ki, psixologiyanın hər sahəsini, hər detalını dərindən öyrənəsiniz. Bu isə zənn etdiyiniz qədər kiçik sahə deyil ki, bir neçə kitab oxumaqla istədiyinizi əldə edəsiniz. Odur ki, “ümumidən xüsusiyə” prinsipi üzrə xarici dilli mənbələrdən yararlanmağınız ən faydalı variantdır.

Müəllif: Məlahət Hacıyeva | Psixoloq

© 2018 · coaching.az

 

 

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.