Sizcə, siz cəmiyyətin fikirlərini nəzərə alan, yoxsa çox zaman öz iradəsi ilə davranan birisiniz? Çox güman ki, cavabınız “məntiqli olmayan cəmiyyət normalarını qəbul etmirəm” və ya buna yaxın başqa bir cavab olacaq. Lakin, sizi məyus etməliyəm ki, psixoloji araşdırmalar insanların konformizmə zənn etdiklərindən daha çox meylli olduğunu göstərir. Bunlardan ən tanınmışı Solomon Aşın konformizm (həmçinin konformluq) eksperimentləridir.
Konformizm – insanın inanc, münasibət və davranışının real, yaxud xəyali təzyiq altında dəyişərək, içində olduğu qrupun sosial normalarına uyğunlaşmasıdır.
Konformizm bizim ictimai həyatımızda mütəmadi olaraq baş verən psixoloji prosesdir. Bəzən atmaq istədiyimiz addımdan imtina edir, bəzənsə əksinə olaraq qəbul etmədiyimiz addımı atmış oluruq. Niyə belə olur? Niyə öz iradəmiz deyil də, hansısa yazılmamış qanunlar bizim qərarlarımıza təsir edir?
Konformizmin eksperimental tədqiqi
İlk öncə eksperimentlə tanış olaq ki, psixoloji xüsusiyyətlərimizi dərk etmək daha asan olsun. Beləliklə, Solomon Aş çoxluğun təzyiqinin fərdə nə dərəcədə təsir etməsini ölçmək məqsədilə 1954-cü ildə eksperiment tərtib edir. Bu araşdırma ən tanınmış psixoloji təcrübələr sırasındadır və onu arzu edən hər kəs təkrarlaya bilər. Eksperimentə görə:
- Təcrübədə 6-dan 9-dək insan iştirak edir. Birindən başqa hamısı həmin o bir nəfərə qarşı əlbir olurlar. Həmin 1 nəfər isə bu müttəfiqlikdən xəbərsizdir və onların hamısının onun özü kimi eyni vəziyyətdə sınanılan olduğuna inanır.
- İştirakçılara cavabları ilk baxışdan asanlıqla aydın olan 18 sadə vizual tapşırıq verilir. Tapşırığı bütün iştirakçıların hüzurunda işləmək və cavablandırmaq lazımdır.
- İştirakçılar sıra ilə əyləşir və “təklənmiş” olan iştirakçı (sınanılan) sonda və ya sondan bir əvvəlki sırada yer alır. Bu şərait onun üçün yaradılır ki, sınanılan tapşırığa sırası üzrə sonuncu (və ya sona yaxın) cavab vermiş olsun.
- İştirakçılara üzərində 1 zolaq əks olunan kart təqdim olunur. Sonra hər biri A, B, C kimi işarələnmiş olan 3 fərqli uzunluqda zolaqlı növbəti kart təqdim olunur.
- Tapşırığa görə, hər iştirakçı ikinci kartdakı hansı zolağın birincidəki ilə eyni uzunluqda olduğunu deməlidir.
- İlk 2 raundda “əlbir” iştirakçılar tapşırığı düzgün cavablandırmalı ki, sınanılan tək iştirakçı rahatlansın və özünü komfort hiss etsin.
- 3-cü raunddan etibarən, hər iştirakçı (müttəfiqlər) eyni yanlış cavabı verməlidir.
- 18 cəhddən 12-sində müttəfiq iştirakçılar vahid yanlış cavab verməlidir.
- Eksperimentin məqsədi sınanılanın cavab açıq-aydın yanlış olsa belə qrupun əksər üzvləri kimi eyni yanlış cavabı verib-verməyəcəyini yoxlamaqdır.
Eksperimentin nəticələri
Təəccüblü olsa da, sınanılanların 75%-i ən az 1 dəfə qeyd-şərtsiz müttəfiq iştirakçıların seçimi olan yanlış cavabı vermişdilər. Bu insanlar (sınanılanlar) ümumiyyətlə, hansı cavabın doğru olduğunu təyin etməyi bacarırdılarmı? Bu suala cavab almaq üçün Aş onlara əslində hansı cavabı doğru hesab etdiklərini kağıza yazmağı təklif edir. Bununla, 98% hallarda insanların əslində doğru cavabı müəyyən edə bildikləri aşkar olundu. Bu isə onunla izah olundu ki, sınanılan cavabı karta yazarkən qrup fikrinin təzyiqinə məruz qalmırdı. Və ona görə öz iradəsini tətbiq etmədə maneə ilə qarşılaşmırdı.
Aş həmçinin, konformizm dərəcəsinin iştirakçılara necə təsir etdiyini də test edir. Aydın olur ki, əgər eksperimentdə sınanılandan başqa təkcə 1 nəfər iştirak edirsə, onun verdiyi yanlış cavab sınanılana heç bir təsir göstərmirdi. Bu sayın 2-yə çıxarılması da effektivliyə yetərli təsir etmirdi. Lakin müttəfiqlərin sayı 3 və daha çox olanda nəticələr artıq tamamilə dəyişirdi.
Bununla bərabər, Aş aşkar etdi ki, kartdakı zolaqların uzunluğu yaxın ölçüdədirsə və onları fərqləndirmək çətindirsə, konformizm dərəcəsi də artır. Bu fakt nümayiş etdirir ki, qərarsız qaldığı halda insanlar öz doğrularına təsdiq almaq üçün ətrafdakılara yönəlməyə meyllidir. Buna görə də, tapşırıqlar nə qədər çətin olarsa, yaxud birmənalı olmazsa, konformizm dərəcəsi də o qədər yüksək olar.
Buna baxmayaraq, qalan hamısı vahid yanlış cavab verdiyi halda müttəfiq iştirakçılardan ə azı 1-i doğru cavab verərsə, konformizmin dərəcəsi kəskin azalırdı. Bu, təsdiq edir ki, cəmiyyətin dəstəyi konformizmin aradan qaldırılmasında vacib rol oynayır.
Konformizm özünü 2 formada göstərir:
- Fərd içərisində olduğu cəmiyyətin əksinə getmək istəmir;
- Fərd içərisində olduğu cəmiyyətin fikirlərinin doğruluğuna inanmağa başlayır.
Hər iki halda, insan öz iradəsini aşaraq cəmiyyət normalarına tabe olmuş olur.
Konformizm necə tənzimlənir?
*Azlıq və çoxluğun nisbəti
Aş bu eksperimentlə həm də aşkar etdi ki, sınanılana qarşı olanların sayı onun davranışına olan təsirdə əhəmiyyətli dərəcədə rol oynayır. Belə ki, sınanılana qarşı yalnız bir nəfər (2 nəfərlik qrupda) yanlış cavabı iddia edirsə, bu halda sınanılan təsir altına düşmür. Bu keysdə bir neçə istisna var. Sınanılana qarşı təmsil olunan həmin bir nəfər sosial statusca, yaxud bilik, təcrübə baxımdan sınanılandan üstün olarsa, yaxud da sınanılan qarşı tərəfə simpatiya bəsləyirsə, konformizm dərəcəsi yenə də artacaqdır. Bunu Aşdan sonra gələcəkdə Stenli Milqram özünün tabe olmaq üzərində apardığı eksperimenti ilə bir daha təstiq etmiş olacaqdı. Sınanılana qarşı çıxış edənlərin sayı ən az 3 olduğu halda (4 nəfərlik qrupda) digər istisnalar olmasa belə, konformizm dərəcəsində əhəmiyyətli dərəcədə fərq hiss olunur.
Belə qənaətə gələ bilərik ki, ən az 1:3 nisbətində olan azlıq və çoxluqlar arasındakı münasibətdə, azlığın konformizm dərəcəsi artıq yüksəkdir. Bir başqa sözlə, azlıq çoxluğa ən az 1:3 nisbətində tabedir. Fərdə qarşı (və ya azlığa qarşı) çoxluğun nisbəti artdıqca isə fərdin tabelilik dərəcəsi də artmış olur.
*Konformizm və məlumat yetərsizliyi
Qərar veriləcək və ya addım atılacaq mövzu üzrə yetərli, detallı məlumatınız yoxdursa, yanlış addımlar atmağa meyllisiniz. Təkcə məlumatsızlığa görə deyil, həm də məhz məlumatsızlığınızın davranışınıza etdiyi psixoloji basqı səbəbindən. Bir başqa sözlə, elm qənaətə gəlir ki, məlumatsız, yaxud təcrübəsiz olduğumuz halda, bizdən bilik və təcrübə baxımdan daha irəlidə olan insanların fikirlərinə yönəlir, onların fikirlərini qeyd-şərtsiz olaraq, hətta yanlışlığına şübhə etmiş olsaq belə, qəbul etməyə meyl edirik.
*Konformizm və liderlik
Araşdırmalar həm də göstərir ki, liderlik bacarıqları inkişaf etmiş insanların konformizm dərəcəsi daha aşağıdır. Bu məqamda qeyd edim ki, psixologiyada anadangəlmə liderlər və sonradan liderlik bacarıqlarını formalaşdırmış insanlardan bəhs edirik. Anadangəlmə liderlər istənilən mühitdə liderliyə meylli olduğu halda, liderlik xüsusiyyətlərini sonradan formalaşdırmış fərdlər çox zaman yalnız bəlli mühit və ya bəlli vəziyyətlərdə lider olurlar. Bu səbəbdən, olduğu vəziyyət də liderlik bacarıqlarına təsir etdiyindən, konformizm dərəcəsi də buna görə dəyişmiş olduğu qənaətinə gəlirik.
Beləliklə, konformizm hansı xüsusiyyətləri meydana çıxır:
- Tərəf saylarının nisbətinin kəskinliyi artdıqca konformizm dərəcəsi artır;
- Qərar veriləcək məsələ çoxmənalı, şübhəli, qəlizliyi artdıqca konformizm dərəcəsi artır;
- Liderliyə meyllilik, nail olmaq istəyi kimi fərdi xüsusiyyətlər konformizm dərəcəsini azaldır.
Həmçinin:
- Tərəflərdən birinin nümayəndələri yüksək sosial statusa malik olduqda konformizm ehtimalı da artır;
- İnsanlar gizli cavab vermə imkanı əldə etdikdə konformizm dərəcəsi azalır.
- Kollektivist mədəniyyətlərə mənsub insanlar konformizmə daha çox meyllidir.
Konformizmin növləri
- Normativ konformizm: fərd içərisində olduğu qrup normalarına uyğunlaşmaq üçün davranışını dəyişir;
- Məlumat konformizm: fərd məlumatsız olduğu halda ətrafdakıların məlumat və istiqamətinə meyl edir;
- İdentifikasiya: insan özünün sosial roluna əsasən, ondan gözlənilən davranışa meyl edir (Bunu həm də Zimbardonun “həbsxana eksperimenti” bunu təsdiq edir);
- Güzəşt: fərdin daxilən etiraz etməsinə baxmayaraq, içərisində olduğu qrupun yazılmamış qaydalarına tabe olur;
- Mənimsəmə: fərd başqası kimi olmaq istədiyindən öz davranış formasını dəyişir.
Bu elmi nəzəriyyə və onun isbatı olan konformizm eksperimentləri azlıqların, içərisində olduğu çoxluğun əslində qəbul etmək istəmədiyi normalarına belə necə və niyə “göz görə-görə” tabe olduğunu açıqlayır. Və bu prosesin (konforluq və ya konformizmin) insan psixologiyasının təbii funksiyalarından olduğunu da diqqətə çatdırmış olur.
Konformizm və onun xüsusiyyətlərini gündəlik həyatımızla necə əlaqələndirmək olar?
Konformizm eksperimentlərindən həm də məlum olur ki, istənilən razılaşmada tərəflərin iradəli qərarı onların say bərabərliyi olmadığı halda mümkün deyil. Sadə misal, məişət avadanlığı almağa getdiyiniz mağazada siz tək, satış edən tərəfdən isə ən az üç nəfər nümayəndə varsa, orada şərtləri ilə əslində razı olmadığınız müqaviləni imzalamaq ehtimalınız böyükdür. Üstəlik, bu məqama qarşı tərəfə olan güvəniniz, sizin mövzu üzrə məlumat və təcrübə yetməzliyinizi də əlavə etsək, altına düşəcəyiniz təsirin effektivliyi daha da artır.
Odur ki, böyük məbləğdə pul xərcləyəcəyiniz yerlərə gedərkən tək deyil, yaxınlarınızla iştirak etməniz, öz iradənizlə qarşılıqlı razılıq əldə etmək istədiyiniz məqamlarda tərəflərin say nisbətinə və nümayəndələrin sosial nüfuzunu öncədən hesaba almanız, fikirləri ilə şəxsən razı olmadığınız qrupa isə həmfikirlərinizlə birgə daxil olmanız tövsiyyə olunur.
Son olaraq, məni düşündürən və bəlkə sizi də düşündürəcək sualı qeyd edirəm: Addımlarımıza bizim yerimizə kim qərar verir?
Dəyərli qalın,
Məlahət Hacıyeva
© 2018 · coaching.az