Elvis Presley deyirdi ki, dəyərlərimiz barmaq izinə bənzəyir – gördüyümüz işlərdə bu izi qoyub gedirik.
Dəyərlər həyatımızın ən böyük hərəkətverici qüvvəsidir. Çox vaxt onların fərqində olmasaq da, hər birimizi həyatda istiqamətləndirən dəyərləri mövcuddur. Dəyərləri hansısa siyahıdan seçib həyata tətbiq etmək olmaz. Onlar məhz bizə aid olmalıdır, bizim ruhumuzu, dünya görüşümüzü, həyat fəlsəfəmizi təmsil etməlidir. Adında olduğu kimi, o qədər dəyərli olmalıdır ki, ən çətin anlarımızda belə mübahisə predmetinə çevrilməsin, vazkeçilməz olsun.
Dəyərlər – kompas kimidir, hər zaman getməli olduğumuz istiqaməti göstərir. Çətin anlarımızda onlara söykəndikdə, yaşadığımız çətinliklər öz yerini rahatlığa təhvil verə bilər.
İnsanlar və içlərində yaşadıqları cəmiyyətlər fərqli olduğu kimi, sahib olunan dəyərlər də müxtəlifdir. Dəyərlərin adı din və ya fəlsəfə kitablarında olduğu kimi təntənəli səslənməyə bilər. Misal üçün, Sovetskidə yaşayan gəncin də özünəməxsus dəyəri var: “svoyski” oğlan olmaq. Həbsxana həyatı yaşayan insanların da öz dəyərlər sistemi, özlərinə görə düzgünlük və sədaqət anlayışı var. Bəli, dəyərlər fərqli ola bilər, ancaq burada əsas olan odur ki, onlar başqalarının dəyərlər sisteminə zərər verməsin.
Dəyərlər başqalarına həyat haqqı tanımaqla, başqalarının həyatına hörmət göstərməklə başlayır. Tanınmış rus akademiki Dmitri Lixaçov yazırdı ki, dünyadakı ən böyük dəyər – həyatdır; başqasının həyatı, özünün həyatı, heyvanlar və bitkilər aləminin həyatı, mədəni həyat və s.
Uğurlu insan olmağa deyil, dəyərlərə sahib insan olmağa çalış.
A.Eynşteyn
Həyat son vaxtlar mənə bunu öyrətməyə çalışır: güclü dəyərlərin üzərində qurulmayan uğur təhlükəlidir, onunla ehtiyatlı olmaq lazımdır. Dəyərlərimiz düzgün olmazsa, hər nə yolla olursa olsun, uğura çatmağa çalışarıq. Son seçkilər zamanı dəyərlər mövzusu bir daha öz aktuallığını göstərdi. Cəmiyyət ikiyə bölündü – hər kəsin hərəkətində sahib olduğu dəyərin (bəlkə də, dəyərsizliyin) izi vardı.
Dəyərə söykənmədən qazandığımız vəzifələr, titullar, var-dövlət müəyyən zaman dilimində bizi “xoşbəxt” edə bilər. Ancaq, güclü şəxsi dəyərlərimiz olmazsa, günlərin birində özümüzü itirə bilərik. Özümüzün itdiyi yerdə isə sahib olduğumuz vəzifənin və ya var-dövlətin nə qiyməti varki?
Eynşteyn deyirdi ki, insanlara peşə öyrətmək kifayət deyil. Onun vasitəsilə insan bir növ faydalı maşın funksiyasını yerinə yetirəcək, lakin ahənglə inkişaf edən şəxsiyyət olmacaq. Tələbənin dəyərlər haqqında anlayışa sahib olması çox vacibdir. O, gözəlliyin fiziki və əxlaqi mənasını aydın dərk etməlidir. O insanlarla və cəmiyyətlə düzgün müasibət qurmaq üçün insanın var olma motivasiyasını, xülyasını və iztirabını anlamağı öyrənməlidir.
Əzbərçiliyə söykənən mövcud təhsil sistemimizin vətəndaş cəmiyyətinin quruculuğunda gücsüzlüyü – şəxsi dəyərlərin formalaşmasına və təbliğinə yad davranmasıdır. Bu irad ailə tərbiyəsi anlayışımıza da aiddir. Övladı bəsləmək, geyindirib-gecindirmək, oxutmaq – bütün bunlar vacibdir. Ancaq, valideynin, eyni zamanda təhsil sisteminin uşaq qarşısındakı ən böyük məsuliyyəti ona düzgün dəyərlər aşılamaq olmalıdır. Tərbiyə möhkəm dəyərlərin üzərində qurulmalıdır. Dəyərlərdən yoxsun böyüyən uşağa veriləcək zənginliyin və biliyin heç bir dəyəri olmayacaq.
Sual: Bəs sizin dəyərləriniz nələrdir?
Elçin Əzimli
Biznes kouç və təlimçi
“Dan ulduzu” romanının müəllifi
© 2020 · coaching.az