coaching.az |

Uşaqlarınızı işə öyrəşdirməyin 4 effektiv yolu

Çox güman ki, bir rəhbər kimi həm işdə və həm də evdə bir çox şeyi tarazlıqda tutmağa çalışırsınız. Təbii ki, bu məsələdə siz tək deyilsiniz. Kouçinq etdiyim rəhbərlərin çoxu valideynlik və iş öhdəliklərini balanslaşdırmaqda əziyyət çəkir. Onlar öz uşaqları ilə yetərincə vaxt keçirmədiklərindən narahatdırlar, eyni zamanda övladlarının onların təcrübələrini öyrənmələrinə və bir zamanlar etdikləri səhvlərdən uzaq durmalarına kömək etmək istəyirlər.

Bəs işdəki çətinliklərin öhdəsindən gəlib, performansınızı artıraraq, eyni zamanda uşaqlarınıza da yetərincə vaxt sərf edib, onların önəmli bacarıqlar əldə etmələrinə necə yardımçı ola bilərik? Həm ailə, həm də iş yerimə faydalı olmaq üçün, çoxşaxəli prioritetləri balanslaşdırarkən, şəxsən özümün kəşf etdiyim bir neçə işə yarayan üsulla qarşılaşdım. Bu üsulları mənimlə oxşar vəziyyətdə olan müştərilərimlə də bölüşdüm. Qeyd edim ki, bu üsulları tətbiq etmək sizdən əlavə vaxt tələb etmir. Faktiki olaraq, bu üsullar sayəsində iş vaxtınızı azaltmadan, uşaqlarımızla keçirəcəyiniz vaxtı artıra və ünsiyyətinizi müxtəlif əyləncələrlə zənginləşdirə bilərsiniz. Beləliklə, gündəlik məşğuliyyətlərinizi bir azca fərqli edərək, həm uşaqlarınız, həm də özünüz üçün xeyli faydalı işlər görə bilərsiniz.

Aşağıda həm işlərinizi yerinə yetirib,  həm də uşaqlarınıza vaxt sərf edərək, onlara vacib dərslər öyrədə bilməyiniz üçün 4 yol göstərilmişdir:

Vaxtın düzgün idarə edilməsini birlikdə təcrübədən keçirin

Rəhbər kimi bizim əsas vəzifəmiz gələcəyi təxmin edib, uğura çatmaq üçün müəyyən bir yol seçməkdir. Bu, adətən ard-arda keçirilən görüşlərdən uzaqlaşıb, məhz planlamaya konsentrasiya olmağı tələb edir. Kouçinq etdiyim rəhbərlərin çoxu buna həftədə ən azı 2 saat ayırır. Lakin, əvvəlcədən yaxşı planlama etməsəniz, davamlı olaraq həftədə iki saat ayırmaq bir az çətinləşəcək.

Böyük oğlumun 8 yaşı olanda, o hər dörd dəfədən bir mənimlə birlikdə həmin 2 saatı keçirir və daha sonrakı iki saatı təyin etmədə mənə kömək edirdi. Biz eyni zamanda səyahət, əyləncə və könüllü işlər üçün də birlikdə vaxt təyin edirdik. Birlikdə bu cür vaxt keçirməklə biz həm də ailə bağlarımızı gücləndirir, dəyərlərimizi bölüşürük. Mənə yardımçı olaraq, oğlum daim videodan izlədiyi açılış nitqlərimi deyil, birbaşa mənim real iş məsuliyyətimi dəyərləndirə bilir. Bundan əlavə o, həyat balansını necə yaratmağı, strateji düşüncəyə vaxt ayırmağı və vaxtın idarə edilməsində digər vacib məqamları öyrəndi. Nəticədə, təqvimində böyük layihələr üçün kifayət qədər vaxtının olduğunu və bu layihələrin sadəcə bir oturuşda tamamlanmadığına əmin oldu. Beləcə, bu, evimizdə “son dəqiqəyə saxlamaq” kimi dramatik vəziyyətləri azaltdı.

Liderlik ideyaları üçün uşaqlarınızda mütaliə vərdişini formalaşdırın

Harry Truman deyirdi: “Bütün oxucular lider deyil, amma liderlərin hamısı oxuculardır”. Mən çoxlu kitab oxumaqda daha bacarıqlıyam, nəinki, bu kitablardan öyrəndiyim informasiyanı yadda saxlamaqda. Buna görə də hər yeni kitabı oxuyanda, bəyəndiyim hissələri işarələyir və sonralar lazım gəldikdə rahatlıqla bu hissələrə qayıda bilirəm. Oğlanlarım kitablarda işarələdiyim bütün hissələri bir yerə yığır. Onlara bunun qarşılığında pul ödədiyim üçün bu işi həvəslə görürlər, siz eyni zamanda şam yeməyi zamanı bu hissələrdən onlara suallar verərək, yarış təşkil edə və qalibi mükafatlandıra bilərsiniz. Nə də olmasa bu onların sevərək oxumaq istədikləri kitablardan deyil. Bu üsul mənə təkcə oxuduqlarımı bir yerə yığmaq üçün vaxt qazandırmır, eyni zamanda uşaqlarım erkən yaşlarında ekspert müəlliflərdən liderlik haqqında olan müxtəlif mövzuları da öyrənirlər. Dünənki şam yeməyi zamanı onlarla empatiyanın gücü və bunun sayəsində təsiretmə bacarığının gücləndirilməsi barədə müzakirələr edirdik. Bu mövzu birbaşa olaraq, oğlumun hal-hazırda üzərində işlədiyi kitabdandır.

Real həyat dilemmalarını müzakirə edərək, onlara dəyərlər aşılayın 

Keçən ay işdə çətin bir vəziyyətlə üzləşdim: Əgər dəyərlərimə uyğun davransaydım, mənfəətin böyük hissəsini itirmək riski var idi. Uşaqlarıma “biznes üçün belə şeylər normaldır”-deyə açıqlama vermək çox asan idi. Lakin, bunun ardından gecəni rahat yatmaq olmayacaqdı. Bu vəziyyətlə mübarizə içərisində ikən, yoldaşım və uşaqlarımla hazırkı dilemmanı müzakirə edirdik. Qaydalara qarşı getmək, yaxud dəyərlərimi qorumağı seçməyimin potensial risklərini ortaya qoyduq. Həddən artıq çətin seçim olmasına baxmayaraq, mən dəyərlərimə sadiq qalmağı seçdim.

Sonradan bu hadisəni tamamilə unutmuşdum, ta o vaxta qədər ki bir gün oğlum mənə dedi: “Ana, mən elmi iş ortağımla necə danışdığım barədə dürüst olmaq istəyirəm”. Maraqla soruşdum: “dürüstlük sənin üçün nədir?” və onun bu cümlələri mənə xatırlatdığına çox təəccübləndim: “Ana, sən hər zaman deyirsən ki, dürüstlük heç kim səni izləməyəndə belə doğru şeylər etməkdir.” Oğlumla belə açıq müzakirələr heç gözləmədiyim qədər faydalı olmuşdu.

Uşaqlarınıza problemə müxtəlif tərəflərdən yanaşa bilməkdə yardım edin

Müştərilərimin üzərində mübarizə apardığı ən ümumi cəhətlərdən biri də, qarşısındakı insanların davranışlarını öz fərziyyələrinə uyğun dəyərləndirmələridir, xüsusilə davranışlarla bağlı bir neçə fərziyyə varsa, onlardan ən destruktiv olanı üzərində dayanırlar. Məsələn, texnologiya sahəsindəki rəhbər şəxslərdən biri olan Reymond, öz həmkarı Ceyi komandası qarşısında nüfuzdan salmaq və idarəetməni öz əlinə almaq istəyirdi. Onu bu fikirə gətirib çıxaran səbəb isə, CEO qarşısında təqdimat edərkən, Jay-ın önün sözünü kəsməsi, və bəzi əlavələr etməsi idi. Bu ən bərbad fərziyyə əvəzinə, mən Reymond’dan məsələyə daha fərqli alternativ səbəblərlə yanaşmasını xahiş etdim. Reymondun alternativ yanaşması belə oldu: ola bilər ki, Cey bu ideyadan çox təsirlənmiş və öz ideyalarını da əlavə etmək istəmişdi, yaxud Cey insanlararası ünsiyyətdən az xəbərdar idi və digərlərinin sözünü kəsmək onun üçün adi hal idi. Bu alternativ yanaşmalar Reymonda fərziyyələri qarşılaşdırmaq və digər mümkün variantları görmə fürsəti verdi.

Bu taktikaları siz də öz uşaqlarınızla bir oyun halına salaraq paylaşa bilərsiniz, mənim ailəmdə bu oyuna “çoxsayılı mənalar” adı verilib. Biz səyahətə yollanarkən, yaxud məktəbdə olarkən müşahidə etdiyimiz insan davranışlarından müxtəlif hekayələr düzəldirik. Məsələn, əgər yolda bizimlə eyni səkidə, tatulu qolları olan və jilet geyinən bir insanı sürətlə yeriyən görsək, fikirləşirik ki, onun maşını xarab olub, ona görə işə gecikir, biz də öz addımlarımızı sürətləndirərək ona kömək etməyə çalışırıq. Yaxud ola bilər ki, o körpünün əks tərəfində yerləşən tatu salonunun sahibidir və öz biznesini reklam etmək üçün bunu edir. Yaxud parkda kiminləsə görüşü var və o, gecikir. Uşaqlarımız daha sonra bu bacarığı evdə, yaxud məktəbdə əhvalları korlanan vaxt istifadə edirlər. Bu xüsusilə oğlum kiminləsə mübahisə edəndə və meditasiya üçün mənim yanıma gələndə işə yarayır. Məqsəd odur ki, belə hallarda özlərini sakitləşdirməyi öyrənir və kimisə ittiham etmək əvəzinə, bunun arxasında dayanan digər səbəbləri tapmağa çalışırlar.

Oyaq olduğumuz vaxtın çoxunu işləməklə keçiririk. Eyni zamanda, uşaqlarımızın akademik fənlərdə təhsilinə, fiziki məşğuliyyətlərinə və incəsənətlə tanışlıqları üçün investisiya edirik. Lakin, bu iki fəaliyyəti ayrı-ayrılıqda edə bilərik. Uşaqlarımızı iş fəaliyyətimizə cəlb edərək, öz təcrübəmizdən ən önəmli bacarıqları onlara öyrədə bilər, həm işdə, həm də evdə birlikdə keçirdiyimiz zamanı daha keyfiyyətli və faydalı edə bilərik.

Müəllif: Sabina Nawaz | Peşəkar kouç, Nawaz Consulting şirkətinin qurucusu
Mənbə: Harvard Business Review
Tərcümə: Lalə Rəsulova | coaching.az

© 2019 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.