Qədim zamanlarda əsəbi və səbrsiz bir gənc yaşayırdı. Oğlunun bu xasiyyətini xoşlamayan atası ona dərs vermək qərarına gəlir. O, oğlunu yanına çağıraraq ona çəkic və bir qutu mismar verir və tapşırır ki, əsəblənməyə və səbrsizlənməyə başladığı zaman evin həyətindəki ağaca bir mismar vursun. Vurmaq istəmirsə, əsəbini içinə basmağı öyrənsin.
İlk gün artıq ağaca çox sayda mismar vurulmuşdu. Gənc sonrakı günlərdə yavaş-yavaş əsəbinə hakim olmağı öyrənir – hər dəfə həyətə düşüb əlinə çəkic-mismar almaq ona çətin gəlirdi. Buna görə də ağacın üzərindəki yeni mismarların sayı günü-gündən azalmağa başlamışdı.
Nəhayət, gəncin mismar-çəkicə ehtiyac duymadığı gün gəlir. Artıq o, təmkinli və sakit olmağı öyrənmişdi. O, bunu atasına dedi. Atası buyurdu ki, bundan sonra hər dəfə təmkinli olmağa bacaranda gedib daha əvvəl vurduğu mismarlardan birini çıxartsın.
Bir gün oğlan atasının yanına gəlib deyir ki, ağacın üzərində artıq mismar qalmayıb və o hamısını dartıb, çıxarıb.
Ata oğlunun əlindən tutub ağacın yanına gəlir və deyir:
– Oğlum, görürəm tapşırığın öhdəsindən yaxşı gəlmisən. Ancaq, görürəsən ağacın üzərində nə qədər deşik yaratmısan? Ağac artıq əvvəlki kimi olmayacaq. Sən onu yaralamısan. Bax, sən insanlara qarşı kobud davrananda və pis sözlər dedikdə, bu sözlər onlarda yaralar və çapıqlar qoyur. Daha sonra sən kobudluqlarına görə nə qədər üzr istəsən də, bu yaraların izi qalır.
© 2020 · coaching.az