coaching.az |

Nəyimiz çatışmır?

Yaradılışımız və dünyadakı mövcudluğumuz mənasız və məqsədsiz deyil. Hər insanın bu həyatda öz təyinatı, missiyası və yaradılış qayəsi var. Yer üzünə gəlişimizdəki əsas məqsədlərdən biri xoşbəxt yaşamaqdır. Xoşbəxtlik çatılacaq son mənzil deyil, həyat tərzinin özüdür. Biz insanlar bu dünyaya üzündə təbəssüm, gözlərində sevinc, qəlbində fərəh yaşamaq üçün gəlirik. Məgər hər birimiz qəlbimizin və beynimizin ahəng içərisində yaşadığı, özümüzlə və ətraf dünya ilə barışıq olduğumuz bir həyat arzulamırıqmı?

Günah çıxarmaq, özünə əzab vermək, sürünmək, məhrumiyyətlər içərisində yaşamaq insana yaraşan hallar deyil – bunlar bizi sərvətdən və hakimiyyətdən uzaq tutmağı hədəfləyən zərərli və axmaq ideoloji tələlərin təlqinləridir.

Ömrümüz boyu istəklərimizin və ehtiyaclarımızın arasında gedib-gəlirik. Həyatımızın istiqamətini və xoşbəxtliyimizin keyfiyyətini müəyyən edən məhz bu ikisinin arasında etdiyimiz seçimlərdir. İstəklər nəfsimizin elçisi və təlqinləridir – onlar çox vaxt bizə aid olmur, həqiqi ehtiyaclarımıza yaddırlar və qibtə, həsəd, ehtiras, göstəriş, üstün olma, qisas alma, özünü isbat etmə və s. duyğuların təsiri altında ortaya çıxırlar. İstəklər sonsuzdur, onların təmin olunmama və məyusluq yaratma riski mövcuddur. İstəklər dəniz suyu kimi zərərlidir, içdikcə susuzluğu artırır.

Ehtiyaclar isə insanı olduğu kimi əks etdirən təmiz aynalardır. Düzgün qulaq asıldıqda və anlamağa çalışdıqda faydamız və xoşbəxtliyimiz üçün onlarda çox mesajın gizləndiyini görərik.

Xoşbəxtlik yaradılış etibarı ilə sadədir, əlçatandır, göz önündədir. Xoşbəxtlik ehtiyaclarımızla düz mütənasibdir – yetər ki, onları düzgün müəyyən edib, təmininə çalışaq. Ehtiyaclarımız təmin olunduqca maddi və mənəvi doyumumuz – xoşbəxtlik hissimiz yüksəlir, məmnun oluruq, həzz anlarını yaşayırıq.

Yersiz istəklər isə tam tərsinə, xoşbəxtliyimizin əleyhinə çalışır. Ardı arası kəsilməyən istək sifarişləri baş tutmadıqca biz məyus olur və bəxtimizin “xoş” dayanacağından “bəd” dayanacağına yuvarlanırıq. Biz insanlar yerli-yersiz istəklərimiz, doymayan nəfsimiz və şıltaqlıqlarımız ilə xoşbəxtliyimizi qaçırır və əlçatmaz edirik.

Yunan mifologiyasında xoşbəxtliyə dair bir hekayədə belə nəql olunur: tanrılar, insanlar xoşbəxtliyin qiymətini anlasın və axtarsın deyə onu gizlətməyə qərar verirlər. Onlardan biri xoşbəxtliyi göylərin ən uzaq yerində, digəri dənizin ən dərin çökəkliyində, başqa biri isə meşənin ən qalın yerində gizlətməyi təklif edir. Ən axırda aralarından biri təklif edir: “Xoşbəxtliyi insanın öz içində gizlədək. Ora baxmaq ağıllarına gəlməz”.

Bəli, bizlər –  xüsusən müasir bitməz-tükənməz istehlak cəmiyyətinin fərdləri olan bizlər – xoşbəxtliyimizi başqa yerlərdə axtardığımız müddətcə ondan məhrum olacağıq. Xoşbəxtlik başqalarının uğurlarının və ya sahib olduqlarının təkrar edilməsi deyil. O, müqayisə ünsürü olmamalıdır. Bizi xoşbəxt edən səbəblər barmaq izlərimiz qədər təkrarolunmazdır. Bizi ancaq bizə aid ehtiyacların təmin edilməsi xoşbəxt edə bilər – onlar isə bizim daxilimizdən gələn və ancaq bizə aid olan ismarıclardır.

İnsan psixologiyasına yaxşı bələd olan rejimlər, sistemlər, şirkətlər və ya təşkilatlar hər zaman onun istəyə bağlı duyğularını manipulyasiya edərək yalançı xoşbəxtliklər “verməyə” çalışır, əvəzində isə böyük sərvətlər qazanırlar. Onların bizə sırıdığı müvəqqəti həzlər ideologiyalar, maddi və ya maddi olmayan təkliflər şəklində ortaya çıxa bilərlər.

Müasir kapitalist dünyasının reklam sənayesi ehtiyaclarımıza deyil, istəklərimizə fokuslanmışdır. Televiziya və ya digər informasiya ötürücülərində nümayiş etdirilən reklamlar “xəyallarımızda” olan avtomobillərin, evlərin, xarici ölkələrə səyahətlərin, dəbdəbəli həyat tərzinin və s. təbliği ilə məşğuldurlar.

Dediklərimizi bir az sadələşdirək; reklamların və ya ətrafımızdakı insanların təsiri altında özümüzə kredit hesabına da olsa bahalı “Iphone” alırıq. Bir müddət bu “Iphone” zövqümüzü oxşayır, ilk başlarda onu böyük məhəbbət və həzlə daşıyırıq. Ancaq “Iphone”la əlaqədar xoşbəxtlik və həzzimiz uzun sürmür; bu sehrin uzunömürlülüyü telefonumuzun üzərindəki ilk cızığa qədərdir. Zamanla, başlanğıcda yaşadığımız həzz uzunmüddətli kredit borcumuz xatırlandığı zaman əzaba çevrilməyə başlayır. Əslində, ilk başda bir ehtiyac vardı; mobil rabitə və mobil ofis ehtiyaclarımızı təmin edəcək telefon aparatına sahib olmaq. Bazarda təqdim edilən daha aşağı qiymətli bir çox telefon aparatı bu funksiyalara sahib olsa da və ehtiyaclarımıza cavab versə də, biz istəyimizə qurban gedərək, daha bahalı seçim etdik. Nəticədə, maddi və mənəvi rahatlığımız qısamüddətli həzlərimizə qurban getdi.

Başqa misal verək; yayın cırhacırında, susuz olduğumuz anda reklam çarxındakı şırıltılı, içi buz dolu “Coca-Cola” reklamı bizi bu məhsulun dalınca göndərir, onu alıb, içirik. İlk qurtumlar içimizdəki yanğını söndürmüş kimi görsənsə də, bir müddət sonra bol şəkərli (!) və tərkibində nə olduğunu anlamadığımız bu içki susuzluğumuzu daha da şiddətləndirir. Əslində, o anda bizim ehtiyacımız susuzluğumuzu söndürəcək saf su idi. Ancaq, biz istəyimizə aldanaraq, bizə faydası toxunmayan məhsula daha çox pul xərcləmiş olduq.

İstəklərimizin bizi xoşbəxtliyə çatdıra bilməməyindəki ən böyük səbəb onların sonsuz olmasıdır. Bir istəyimiz qarşılansa da, onunla qane ola bilmirik və meydana zəncirvari yeni istəklər çıxır. Ehtiyacların isə doyma təbiəti var – ac insanın qarnını doyurduğu və susuz insanın su içərək doyuma çatdığı kimi. Mədənin bizdən yemək və su tələbi təbii ehtiyacdır – təmin oluna bilər. Gözün aclığı isə doymaq bilməyən istək aclığıdır.

Xülasə, bu həyatda könül rahatlığı ilə yaşamaq istəyiriksə, istəklərimizin səsini azaldıb, ehtiyaclarımızın səsinə qulaq asmalıyıq. Ehtiyaclarımız bizi xoşbəxtliyə istiqamətləndirən düzgün çağırışlardır.

Həyatda hər hansı bir qərar ərəfəsində olarkən içimizdəki səsləri düzgün ayırd etməliyik – bu səslər bizim istəklərimizdir, yoxsa ehtiyaclarımız?

 

Elçin ƏZİMLİ
ICF təsdiqli peşəkar kouç

© 2017 · coaching.az

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.