Sözlərdə olan nəciblik güvən yaradar, düşüncədə olan nəciblik dərinlik yaradar, paylaşmaqda olan nəciblik Sevgi yaradar.
Lao Tszı
Son araşdırmalara əsasən, insan bircə dəfə başqalarına yaxşılıq etmə zövqünü daddıqdan sonra bunun davamını kəsmək istəmir. Bir mağazaya daxil olub bir ömürlük xoşbəxtlik ala bilsək çox gözəl olmazdımı? Əslində, bu fikir səsləndiyi kimi qeyri-real (fantastik) deyil – siz aldıqlarınızı bir başqası üçün satın aldığınız müddətcə. Son araşdırmalar göstərir ki, başqalarına nəyisə bağışlamaq bizi özümüz üçün alış-veriş etməkdən daha xoşbəxt edir. Həmçinin, mərhəmətimiz davamlı xoşbəxtlik və fədakarlığı təbliğ edən xeyirxah bir dairə yarada bilər.
Baxmayaraq ki, mərhəmətli olmaq bütün dinlərdə başlıca prioritet və bir çox mədəniyyətlərdə dəyər kimi aşılanır, bəzən mərhəmətli olmaq həqiqətən də çox çətin olur. Biz hamımız bunu bilirik. Əslində, həyatımızın bəzi anlarında xoşagəlməz olmaq bizə asan gəlir – xüsusilə də istədiyimiz yerdə olmadığımz və dünyada hər şeyin və hər kəsin bizə qarşı işlədiyini zənn etdiyimiz zaman. Özümüzə inamımız biraz zəifdirsə və ya onun başqaları tərəfindən güclü qəbul olunmağını istəyiriksə, bu zaman başqalarına qarşı bəzən xoşagəlməz davrana bilirik.
Ancaq, qəlbimizin dərinliyində hamımız çox həssasıq. Platonun dediyi kimi, “Qarşılaşdığınız hər kəslə nəzakətli olun, çünki onlar çətin döyüşdə mübarizə aparırlar”. Çox guman ki, bu barədə məntiqli düşünsək? anlayarıq ki, qorxunc insanlar canları yandıqları üçün qorxunc işlər görürlər. Bəzən insanlar özlərinə nə qədər qəddar olduqlarını qəbul etməyə icazə verə bilmirlər, çünki qəlblərinin dərinliklərində özlərini çox bərbad hiss edirlər.
Bəs xeyirxah davranış nədir?
Xeyrxahlıq elə bir dildir ki, kar eşidə, kor da görə bilər.
Mark Tven
Xeyirxahlıq aktı – birisinə və ya başqa bir şeyə qarşı xoş niyyət jestidir. Xeyrxahlığın təsadüfi halı harada olsa, nə zaman olsa baş tuta bilər. Belə ki, bu mağazanın küncündə oturan kassirə gülümsəmək, öz yerinizi avtobusdakı yaşlı qadına vermək və ya evsiz, ac adama bir parça çörək vermək qədər sadədir. Bu, yalnızca gündəlik həyatımızda qarşılaşdığımız insanlarla qisa müddətlik də olsa bağ yaratmağın bir yoludur.
Məşhur atalar sözümüzü xatırlayın: “Nə əkərsiniz onu da biçərsiniz”. Araşdırmalar onu göstərir ki, başqalarına qarşı mərhəmətli olmaq bizim də xoşbəxtlik hissimizi artırır, eləcə də onlarınkını. Bundan başqa, burada Dalğa Effekti var – belə ki, yaxşılıq yoluxucudur və bu təsirin bizim ətrafımıza düşündüyümüzdən də çox təsiri var. Bəs bu effekti yaratmaq üçün ilk öncə nədən başlamalıyıq?
Özünüzü israrla sevin
Çünki, sizin bənzəriniz yoxdur, siz fərqlisiniz , siz təksiniz – çünki, siz sevilərək yaranmısınız, sevgidən doğulmusunuz. Özünüzü sevin, çunki ancaq o zaman siz içinizdəki təkəbbürün, qürurun , özundən razılıgın, paxıllığın, qısqanclığın köləsi olmaqdan qurtularsınız . Özünüzü sevin ki, sevginizə layiq olmamaqdan qorxub bu hislərdən qurtula biləsiniz.
İnsanlara gözəl sözlər söyləyin; çünki, onların və ən əsası da sizin buna çox ehtiyacınız var.
Həyatınız mübarizə və stresin sonsuz təcrübəsinə bənzəyir? Ola bilsin ki, bu problem sizin özgüvəninizdən – çətinliklərlə qarşılaşdığınızda uğurlu nəticələr əldə edə bilməməyinizə dair öz bacarığınıza olan inamdan asılıdır. Bir çoxumuz üçün özümüzə qarşı olan münasibətimiz özümüzə inamı davamlı olaraq aşağı salır. Bizim özümüzə olan güvənimiz, gördüyümüz işlərə dair nə hiss etdiyimizdən asılıdır . Yaxşı bir iş bacardığımızda özümüzü gözəl hiss edər, mübarizə apardığımızda isə dərhal özgüvənimizi itirərik. Bəzən insanlar yaxşılığı ancaq maddi yardımda görürlər və danışığımızın, gülümsəməmizin, gözəl düşüncəmizin də maddi şeyləri paylaşmaq qədər böyük önəmi olduğunu unudurlar. Unutmayın ki, xoş sözlərlə, gözəl rəftarla siz kiminsə dünyaya baxışını dəyişə bilərsiniz, kiminsə bədbin əhvalını pozitiv yönə istiqamətləndirə bilərsiniz. Kiminsə ölmüş ümidlərini pöhrələndirə bilərsiniz. Bunu hiss və təsəvvür etmək bizə bu qədər zövq verirsə, gerçək həyatda buna nail olmaq nə qədər qürurverici olar, elə deyilmi? Bizim sözlərimizlə, davranışımızla, qayğımızla başqalarının həyatı xoşbəxtliyə doğru dəyişdikcə, biz də xoşbəxt olmarıqmı? Bizim də özümüzə – bacarığımıza, böyük ürəyimizə, ruhumuza qarşı inamımız artmazmı?
Mükafat gözləmədən təsadüfi yaxşılıqlar edin, əmin olun ki, bir gün bir kəs də sizə eynisini edə bilər.
Uels kraliçası Diana
Biz enerji dənizində – Universal Enerji Sahəsində yaşayırıq. Kvant fizikası bu mümkünlük sahəsini “Kvant şorbası” kimi ifadə edir. Qədimdə bu həyat gücü enerjisini şərqlilər “çi” və ya “kay”, qərb mistikləri Kosmik Şüur, Sonsuz Ruh və ya “Hər Şey” adlandırmışlar. Müasir filosoflar isə “Yaradılışın İlahi Matriksi (anası)” kimi ifadə etmişlər. Necə adlandırırıqsa adlandıraq, enrji elə enerjidir və Kainatın bir “hissəsi”dir. Enerji nə yaxşıdır, nə də pisdir – o sadəcə “mövcuddur”. Enerji, öz potensialını hərəkət halında olarkən anlayar. Əmin olun ki, sizdən ətrafa yayılan enerji dönüb-dolaşıb bir gün sizə tərəf dönəcək.
Gözəl düşüncə pozitiv enerji yaradar
Düşüncələr güclüdür. Şüur və idrak prosesinin yaratdığı düşüncələriniz həmin həyat gücü enerjinizə fokuslanır. Hər bir düşüncə bir quruluş daşıyır. Nə düşünməyinizdən asılı olaraq siz həmin titrəyiş tezliyini göndərirsiniz. Əgər siz pozitiv enerji yaratmaq istəyirisnizsə, o zaman siz nə düşünürsünüz?
Harvad Universitetinin və Kolumbiya Britaniya Universitetinin araşdırmalarına əsasən, yaxşılığın bizim xoşbəxtliyimiz üzərində daha uzun və dərin təsiri ola bilər. Bu eksperimentdə araşdırmaçılar 51 iştirakçının təxminən yarısından axırıncı dəfə özlərinə nə zaman 20 və ya 100 dollar xərclədiklərini canlı şəkildə xatırlamalarını istəmişdilər. Digər iştirakçılar isə eyni məbləğdə olan pulu axırıncı dəfə nə vaxt başqasına xərclədiklərini xatırlamalı idilər. Bütün iştirakçılar nə qədər xoşbəxt olduqlarını ölçən bölgünü də tamamladılar. Daha sonra araşdırmaçılar iştirakçılara kiçik məbləğdə pul verərək, iki əsas seçim haqqı verdilər. Onlar bunu özlərinə (ödəniş qəbzi, hədiyyə və ya digər xərcləri) və ya digərlərinə ( xeyriyyə ianəsi və ya hədiyyə vasitəsi ilə) xərcləyə bilərdilər. Eksperimentçilər iştirakçılara daha fədakar görsənmələri və öz üzərlərində təzyiq hiss etməmələri üçün bildirdilər ki, nə seçmələrindən asılı olmayaraq seçimləri anonim qalacaq. Bu araşdırma sonrasında iki böyük nəticə əldə olundu. Birincisi, insanlardan başqalarına nəsə aldıqlarını xatırlamalarını istənildiyi zaman özlərini daha xoşbəxt hiss etdilər – hətta, özlərinə nəsə aldıqlarını xatırladıqları andan daha xoşbəxt. Bu xoşbəxtlik artımı hədiyyənin 20 və ya 100 dollar olmasında asılı olmayaraq eyni idi. Lakin, ikinci nəticə daha təşviq edici idi: iştirakçılar keçmiş səxavətləri barədə özlərini nə qədər xoşbəxt hiss edirdilərsə, bir o qədər çox hal- hazırki pullarını, özlərindənsə başqalarına xərcləmədə istəkli idilər. Ancaq keçmiş yaxşılıqlarını xatırlayan bütün iştirakçılar özlərini xoşbəxt hiss etmədi – fədakarlıq etməyə iki qat daha çox istəkli olanlardan başqa. Beləliklə, gözəl işlər görün ki, düşüncələriniz də hər zaman gözəl olsun.
Paylaşmaq sevgi və ümid yaradar
Məşhur kouç Toni Robins “Pul, oyunun sahibi” kitabında yaxşılıq etmə barəsində fikrini bu şəkildə ifadə edir: “Oyununda ustalaşmaq üçün əsl bacarıq qələbə qazanmaq iqtidarında olmaq deyil, başqalarının xeyir qazanmaları üçün kifayət qədər şərait yaratmaqdır. Vəziyyətimiz nə qədər çətin olursa olsun, həmişə bizdən daha çox əziyyət çəkən insanlar vardır. Kimsə zənginliklə üzləşirsə bu onun şansıdır, ancaq düşünürəm ki, yolun başlanğıcında olan insanlara kömək etmək və yolun kənarında qalaraq həyatında bir çox bəlalarla üzləşmiş insanlara əvvəlki həyatlarını geri qaytarmağa yardım etmək həmin kəslərin borcudur. Mənim ailəm kiçik bir xeyrxahlıq aktının qəbuledicisi idi – o zamanlar ki, sözün əsl mənasında bizim yeməyə heç nəyimiz yox idi və bu mənim həyata və insanlara olan baxış tərzimi kökündən dəyişdi. Bu hal, məni bugünki mən kimi formalaşdırdı. Bu gun mən bunu deməyə şərəf duyuram ki, yeməyə heç nə tapmayan uşaq, indi ildə 4 milyon insana çörək verir və onlara qayğı hiss etdirir. 38 ildən çox müddətdə cəmi 42 milyon insanı qida ilə təmin etmək şərəfinə nail olmuşam. ” Göründüyü kimi, əgər biz özümüz yaxşılıq etmiriksə, həyatdan da yaxşılıq gözləməyə nə üzümüz olar, nə də ümidimiz. Ümidimiz olmazsa yaşamağa səbəbimiz, sevincimiz olmaz. Çünki, bizi ayaqda tutan ümidlərimizdir”.
Yekun olaraq, belə bir nəticəyə gəlmək olar – Yaxşı işlər görmək bizdə gözəl düşüncə yaradır, gözəl düşüncə bizi xoşbəxt hiss etdirır, xoşbəxt hiss etdiyimiz zaman isə biz ətrafa gözəl enerji saçırıq, biz gözəl enerji yaydığımız zaman ətrafımız da özünü xoşbəxt hiss edir, onlar özlərini xoşbəxt hiss etdikcə yaxşı işlər görməyə meyilllənərlər – və budur yaxşılıqda Dalğa Effekti.
Bütün hüquqları qorunur
© Qızılgül Məmmədova / coaching.az