Uğursuzluğa sevinmək və onu bayram kimi “qeyd etməyi” bacarmaq lazımdır. Ola bilsin ki, bu, “bayram etmək” və “uğursuzluq” kimi bir-birindən əlaqəsiz iki sözün qəribə ahəngi kimi görünə bilər. Fəqət, bunu kouçluqdakı ən önəmli konsepsiyalardan biri hesab etmək olar. Uğursuzluq qorxusu böyük planların və ən yaxşı fikirlərin bir nömrəli qatilidir. Bilik və bacarıq əskikliyindən, aydın strategiya və icra planı olmamasından daha çox, insanların irəli getməsinin qarşısındakı ən böyük maneə uğursuzluq qorxusu və onun yaratdığı çəkingənlikdir.
Çoxumuza uşaq yaşlarımızdan uğursuzluğun pis və hətta utanc verici nəticə olduğu öyrədilir. Zaman keçdikcə, uğursuzluqlarımızı gizlətməyi, bəhanələr uydurmağı və ya görməzlikdən gəlməyi öyrənərik. Bundan daha da pisi – risk etməkdən qaçır, uğursuzluq ehtimalından uzaq durmaq üçün daha ehtiyatlı olurıq. Seçimlərimizi uğur qazanma ehtimalı yüksək olan addımlarla məhdudlaşdırarıq. Beləcə, seçimlərimiz daha məhdud olar və hərəkət dairəmiz kiçilir. Lakin, hər şey bu cür olmaq məcburiyyətində deyil.
Uğursuzluq öyrənmənin ən sürətli yollarından biridir – məsələn, yeni yeriməyə başlayan bir uşağa diqqət yetirin. Körpə uşaqlar “necə gəzmək lazımdır” adlı təlimat oxuyub, onun mexanizmini öyrənmək üçün gecə yarısına qədər fikirləşmirlər. Çabalayır, cəhd edır, yıxılır, sürünür, ayağa qalxır, yıxılır və bir az daha cəhd edib sürünür, pilləkanlarla toqquşurlar. Statistik olaraq bütün bunlarda uğurdan daha çox uğursuzluq olsa belə, bu, onların yenidən cəhd etmə arzularına mane olmur. İnsanlar da həyatlarında qabağa getmələrini təmin edəcək riskləri gözə almaq üçün daim çabalamağa, yıxılmağa və yenidən qalxıb bu cəhdlərindən nələrsə öyrənməyə istəkli olmalıdırlar. Burada vacib olan məqam – öyrənməkdir. Hər hansı bir işin icrası zamanı uğursuz olmaq, hətta işə başlamaqda belə uğursuz olmaq, çox zəngin təcrübə və fürsətidir. Bizim bayram edib, sevindiyimiz məhz öyrənmə fürsətləri barədəki kəşflərimizdir.
Fəaliyyətdə olmaq öyrənməyi təmin edər, amma bu yolda insanlar bəzən uğursuzluqlarla qarşılaşa bilərlər. Məhz bu uğursuzluqlardan keçən yolu düzəltmək və təhlükəsiz bir vəziyyətə gətirmək üçün önəmli olan məqam budur: nədəsə uğursuz olmaqla, uğursuz insan olmaq arasında ciddi fərqlər var. İnsanlar anadangəlmə yaradıcı, bacarıqlı və bütündürlər. Onlar uğursuz insanlar deyildirlər, bəzən uğursuz olsalar belə.
Əslində, həyatlarında vacib dəyişikliklər etmək istəyən insanlar özlərini bacarıq və güclərinin sərhədlərini genişlətməyə məcbur etməlidirlər. Bu məsələdə bəzən çox ifrat davranıb uğursuz ola bilər, bəzən də özlərini çox məcbur etmədikləri üçün fürsətləri əldən qaçıra bilərlər. Bir insan uğurlu da, uğursuz da olsa, hədəflərindən biri bu cəhdlərdən nələr öyrənə biləcəyinə fokuslanmaq olmalıdır. Bu, uğursuzluğun dəyərli olduğuna inanmağımızın əsas səbəbidir. Bu addım insanlarda təqdir edilməli olan davranışdır, çünki, risk etmək və uğursuz olmaq cəsarət və fədakarlıq tələb edər. İnsanlar işə yaramayan üsullardan, işə yarayanlardan daha çox şey öyrənirlər. Bu da bizim “qeyd etmək” (bayram etmək) və “uğursuzluq” kəlimələrini şövqlə yan-yana qoymağımızın əsas səbəbidir.
Bütün bunlarla birlikdə, uğursuzluğu qeyd etmənin (bayram etmənin) ona yoldaşlıq edən məyusluğu görməzlikdən gəlmək olmadığını da qeyd etməliyik. İnsanlar ortaya çıxan öyrənmə fürsətlərini dəyərləndirmədən öncə aldıqları bu zərbəni həzm etmək üçün bir az vaxta ehtiyac duya bilərlər. Bu mənada qeyd etmək insanın bu təcrübəsinə hörmətlə yanaşmaq və onu təqdir etməkdir. Uğursuz olmağa qarşı böyük hörmətimiz vardır, çünki çox az insan vəziyyətə düşmək istəyir. Reallaşdığı zaman isə bu addımı qeyd etməyə (bayram etməyə) dəyər.
“Ko-aktiv kouçinq” kitabının materiallarından
Tərcümə: Lalə Rəsulova / ALPHA Coaching & Consulting